Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:19

Parlamentdə qızardılmış toyuq söhbəti


Pənah Hüseyn
«Burda bizim bəzi yoldaşlarımız ələkçinin qılverəni olub iqtidarın rolunu oynamasınlar. Bizim bu 5 ildə MSK-da üzvümüz yox idi, nə olurdu ki, bundan sonra 1 ya 2 nəfərimiz ora düşəndə nə ola? Biz müraciətimizi etmişik. Hörmətli Milli Məclis də öz səlahiyyətinə aid məsələ kimi öz qərarını versin, yaxud məsələni heç gündəliyə çıxarmasın.

Bu da onların işidir. Seçki gedir. Biz maraqlıyıq ki, bu seçkilər cəmiyyətin, beynəlxalq təşkilatların müəyyən hissəsinin qismən etimadını qazansın. O tələblərdən biri də seçki komissiyalarında hörmətli Fazil bəyin (Fazil Qəzənfəroğlu) cəmi partiyasının aldığı 3-4 min səsdən yüzlərlə dəfə artıq – 500 min səs almış siyasi partiyaların MSK-da təmsil olunması məsələsidir. Bizim nümayəndələrimizin indiyədək MSK-da nə üçün olmaması öz işimizdir. Biz indi nümayəndələr veririk.

Qanuna ziddirsə zəhmət çəkib qanunun müvafiq maddəsini ortaya qoysunlar. Amma belə münasibət ayıbdır. Ümumiyyətlə, bəzilərinin özünə müxalifət deməsinə Bakının küçələrində qirildə qızardılan toyuqlar da gülər. Bu gözü tez-tez işlədib camaatı özünüzə güldürməyin. Kimin separat danışıqlar apardığını və parlamentə necə düşdüyünü hamı çox yaxşı bilir. Kimin də indi parlamentə necə düşəcəyi də yaxşı məlumdur. Ona görə də belə münasibət kənara qoyulmalıdır».

Bu, Müsavat deputat qrupundan olan Pənah Hüseynin parlamentin payız sessiyasının ilk iclasında dedikləri idi. O deputat həmkarı, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun özündən əvvəlki çıxışına münasibət bildirirdi.

Bu günlərdə Müsavat Partiyası MSK-da ona ayrılmış və illərdir boş qalan 2 yerə nümayəndələrini vermək üçün Milli Məclis rəhbərliyinə müraciət edib.

Fazil Qəzənfəroğlu
Dəfələrlə parlamentin iclaslarında boş qalan həmin yerlərin azlıqda olan digər partiyalar arasında bölüşdürülməsini təklif edən Fazil Qəzənfəroğlu isə millət vəkillərini Müsavat Partiyasının bu istəyinin əleyhinə çıxmağa çağırır. O deyir ki, həmin yerlərin Müsavat Partiyasına verilməsi parlamentdə azlıqda olan Böyük Quruluş və digər partiyaların hüquqlarını pozmaqdır:

«SEÇİLMƏK, YER ALMAQ ÜÇÜN İQTİDARLA DANIŞIQLAR APARIRLAR»

«Digər müxalifət partiyaları üçün bu bərabərlik prinsipinin pozulması mənasına gəlməyəcəkmi? Tez-tez başqalarını öz qəzetlərində iqtidaryönlü, iqtidarla bağlı müxalifət partiyaları kimi tanıtmağa çalışan adamlar bu gün açıq söyləsinlər ki, hansısa separat danışıqlara gediblər. Seçilmək, yer almaq üçün iqtidarla danışıqlar aparırlar».

Fazil Qəzənfəroğlu hesab edir ki, MSK ciddi qurumdur. O artıq formalaşıb və belə bir məsələni payız sessiyasının gündəliyinə qətiyyən salmaq olmaz.

Pənah Hüseynin «Qoyun bizi Siyavuş Novruzov ittiham etsin» deməsinə YAP icra katibinin mavini biganə qalmadı. Söhbətə də Fazil Qəzənfəroğlunun fikirlərinə şərik olduğunu bildirməklə başladı:

«İSTƏYİRSİNİZ ADAMINIZ MSK-DA DA BİR QARIŞIQLIQ YARATSIN»

«MSK haqqında qanunda göstərilir ki, hər yeni formalaşan parlamentdən sonra yeni komissiya formalaşdırılmalıdır. İndi 1 ay qalmış hansı komissiya formalaşacaq, necə formalaşacaq? İndiyə qədər niyə adam göndərmirdiniz? Nə idi onun səbəbləri? İndi istəyirsiniz adamınız gəlsin MSK-da da bir qarışıqlıq yaratsın, görülən haqq-ədalət işini, qanunvericiliyi pozsun?».

Siyavuş Novruzov
Siyavuş Novruzov hesab edir ki, istəyən məktub göndərə bilər. Amma sözü parlament çoxluğu deyəcək.

Qanunla MSK tərkibi 18 nəfərdən ibarət olmalıdır. Bu 18 yerin 6-sı parlamentdəki çoxluq, 6-sı bitərəflər, 6-sı isə azlıqda olan partiyalar üçün nəzərdə tutulub.

Müsavat Partiyası Milli Məclisdə təmsilçilik etibarilə YAP-dan sonra ikinci böyük partiya sayıldığı üçün azlığa ayrılan yerin 2-si onun payına düşür. Müsavat seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılmadığını iddia edərək indiyədək həmin yerlərə nümayəndəsini verməyib. Ümumiyyətlə ölkənin əsas müxalifət partiyaları hesab edirlər ki, MSK-da 6 yeri tutan bitərəflər də əslində iqtidarın maraqlarına xidmət edirlər. Bu isə komissiyaların tərkibinin paritet əsaslarla formalaşmasına imkan vermir.

Bu iddia ilə razılaşmayan parlamentin azlıq sayılan digər partiyaları hər MSK-dakı boş yerləri öz aralarında bölüşməyə cəhd edəndə isə spiker Oqtay Əsədov Müsavat deputat qrupuna bu söz-söhbətə son qoymağı, MSK-ya nümayəndə verməyi tövsiyə edib.

SPİKERİN İRADLARI


Amma o parlament seçkilərinə təxminən 1 ay qalmış bu addımı atmasını Müsavata irad tutur. Bununla belə deyir ki, məktubu yenicə alıb və ona baxılacaq.

Müsavat Partiyasının seçki departamentinin müdiri Gülağa Aslanlı isə bildirir ki, bu yaxınlarda müttəfiq partiyalar Müsavatın qarşıdakı parlament seçkilərini nəzərə alıb həmin yerlərə nümayandələrini verməsi ilə bağlı müraciət ediblər. Müsavat Partiyası da bundan sonra həmin məsələni müzakirə edib və belə qərar verib.

İqbal Ağazadə
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bu məsələdə fərqli mövqedədir. Onun fikrincə, əgər MSK-da 2 yer boşdursa Milli Məclis ora Müsavatın namizədlərini təsdiqləməlidir:

«Əgər məktubla müraciət olunubsa və əgər indiyədək həmin yerlər tamamlanmayıbsa, Müsavat Partiyasının müraciətinə Milli Məclis baxmalıdır və verdiyi nümayəndələri də təsdiqləməlidir. Və bu məsələ polemikaya səbəb olmamalıdır».

PARİTET TƏLƏBİ QÜVVƏDƏDİR…

İqbal Ağazadənin sözlərinə görə, Seçki Məcəlləsi də bunu deyir.

Müsavat Partiyasının məktubu parlamentin gündəliyinə salınmasa da artıq rəsmi sənəd olaraq qeydiyyata alınıb.

Bu partiyanın təmsilçisi, deputat Arzu Səmədbəyli isə deyir ki, onların parlamentə belə bir müraciət etməsi heç də Müsavat Partiyasının seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması tələbindən imtina etməsi kimi anlaşılmamalıdır. Həmin tələb qüvvədə qalır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG