Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

Tələbə qəbulunun yeni qaydaları...


Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci tədris ili üzrə qəbul imtahanlarına dəyişiklik edib. Qurum yeni tədris ilindən açıq tipli testlərə başlayır.

TQDK-nın sədri Məleykə Abbaszadə deyir ki, açıq tipli testlər əvvəlcə riyaziyyat fənni üzrə tətbiq olunacaq, sonrakı dövrlərdə isə digər fənlərə də aid olunacaq:

«Bu ildən riyaziyyat fənnindən təxminən 5-7 sual bütün qruplarda açıq tipli testlər olacaq. Gələcəkdə isə hər il müəyyən fənləri qruplar üzrə əlavə edəcəyik. Riyaziyyat fənni bütün qruplarda olduğu üçün bu fəndən başlamışıq. Növbəti fənn ana dili olacaq. O da bütün qruplarda var. Nəticələri statistik araşdırandan sonra müəyyən fənlərdən də biz yavaş-yavaş, 2-3 il ərzində təqdim olunan 125 sualdan təxminən 30-35-i açıq tipli testlər olacaq».

AÇIQ TİPLİ TEST NƏDİR?

Bəs açıq tipli test nədir? TQDK-nın yoxlama və ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Tariyel Bədəlovun izahı:

«Açıq tipli testlərdə cavablar yoxdur. Abituriyent məsələnin həllini bilavasitə kodlaşdırılmış şəkildə cavab kartına qeyd edəcək. Açıq testlərin nümunələri keçən il «Abituriyent» jurnalında təqdim olunub. Bu il də yenə də bu haqda məlumat verəcəyik, imtahan da keçirəcəyik. Bu günə qədər istifadə etdiyimiz test tapşırıqlarına çoxcavablı test tapşırıqları deyilir. Onlarda abituriyent cavab verəndə verilmiş cavablar ona müəyyən qədər cavabı tapmaqda kömək edir.
Yeni tədris ilindən açıq tipli testlərə başlanır
Açıq testdə isə cavab verilmədiyinə görə məsələ bir az mürəkkəbləşir. Bu, testin cavablarını əzbərləyənlər üçün əlbəttə, çətinlik yaradacaq. İmtahanın obyektivliyinə, biliyin daha düzgün qiymətləndirilməsinə isə kömək edəcək».

Abituriyentlər isə açıq tipli testlərin keçiriləcəyi haqqında bir neçə ildir ki, eşidirlər. Yeni tədris ilindən bunun tətbiq olunacağını müsbət qarşılayanlar da var, onlar üçün çətinlik yaradacağını düşünənlər də:

HƏM RAZILIQ HƏM, NARAZILIQ…

- Bu əzbərçiliyin qarşısını alacaq. Düzdür, riyaziyyat bir az çətindir, ancaq məncə oxuyan uşaq üçün problem olmayacaq.

– Abituriyentlər öyrəşmişdilər, sualların cavabları hazır şəkildə qoyulurdu və o cavablardan birini seçirdilər. İndi məcbur olub hər bir sualı diqqətlə oxuyacaqlar.

– İlk olanda hər şey çətin olur. Ancaq yaxşıdır də, savadlı və zəif uşaqlar bir-birindən seçilməlidir.

-Bundan sonra ciddi hazırlaşmaq lazımdır.

Asif Cahangirov
- Əsas vaxt problemidir. Bir var cavablar göstərilir, sən də düzgün cavabı tapırsan, açıq testdə isə belə deyil. Çox vaxt sərf olunacaq. Ona görə vaxtı artırsalar daha yaxşı olar.

-Mexaniki səhvlərin də artması ola bilər. İşarələyəndə daha düzgün işarələmək lazımdır. Ona görə variantlar olsa, daha yaxşı olar.

-Baxır neçə sual olacaq, əgər 125 sualın hamısı olsa, çox vaxt aparacaq. Eşitmişik ki, 5-i olacaq. Onda elə də çətin olmaz.

-Məncə bu düzgün deyil.

Təhsil üzrə ekspert Asif Cahangirov isə deyir ki, bu təhsilin inkişafına yardım
edəcək:

«TQDK bu addımla öz işini müəyyən dərəcədə təkmilləşdirir. Daha keyfiyyətli abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olunmasına zəmin yaradacaq».

Qəbul qaydalarındakı başqa bir yenilik isə odur ki, 3-cü ixtisas qrupuna daxil olan «Beynəlxalq münasibətlər» və «Regionşünaslıq» ixtisasları 20011-ci ildən II ixtisas qrupuna keçirilir. Bu ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupu üzrə imtahan verməlidirlər.

Şərhləri göstər

XS
SM
MD
LG