Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:12

Dərslikləri öz qiymətindən baha satdıran kimdir?


Azərbaycanda bir neçə ildir məktəblərdə dərsliklər şagirdlərə pulsuz paylanır.

Ancaq indi şəhərin hansı hansı kitabçısının yanından keçsən, dərslik axtaran xeyli adam görəcəksən. Bir neçə ildi davam edən «pulsuz dərslik» aksiyası başamı çatdı?

Dərsliklər pulsuz verilirsə, o zaman şəhərdəki bu tinbaşı dərslik yarmarkaları nədir?

Suallarımıza cavab almaq üçün yolumuzu Bakının mərkəzindəki kitab mağazalarından saldıq. Bakının kitab mağazalarının zirzəmidə yerləşmək özəlliyini paylaşan bir dükana girmək sizə asan gəlməsin.

Zirzəmi ki, zirzəmi – darısqal, qaranlıq, müştəri də ki çox. İçəridən məktəb tənəffüsünün səsi gəlirdi. Ağız deyəni qulaq eşitmirdi.

Valideynlər satıcılara axtardıqları kitabların adını söyləyir, uşaqlar isə yaddan çıxan kitabların adını israrla valideynlərinə eşitdirməyə çalışırdılar.

İçəridəki mənzərədən anlaşılırdı ki, satıcıya əlim heç də asan yetməyəcək. Ona görə yubanmayıb alıcılarla söhbət etdim:

- Məgər sizin uşaqlara bu il məktəbdən kitab verməyiblər?

- Verməyinə veriblər. Ancaq görsəniz o kitablar nə gündədir. Riyaziyyat kitabının 18-ci səhifəsindən sonra 64-cü səhifəsi gəlir. Üz qabıqları bərbad, əlinə aldın, vərəqlər əlindən dağılır. Məcburuq alaq.

Söhbətə daha bir valideyin qoşulur:

- Adını qoyubdar ki, pulsuz dərslik veririk. Bu siyahıya baxın, görün mən nə qədər əlavə kitab almalıyam. Tarix iş dəftəri, test, Azərbaycan dili iş dəftəri, test, fizika iş dəftəri, kimya iş dəftəri.

Bunlar hamısı pul tələsidir. Dərslikdə nə var, qoyun şagird onu yazsın dəftərinə. Yox, olmaz, gərək iş dəftəri alasan. Sentyabr ayı gəldi, şəhərdə dərslik davası başlayır.

- Qiymətlər necədir?

- Keçən il satılan bütün dərsliklərin arxasında «pulsuz paylanır» yazılmışdı. O qədər deyildi, yazıldı, indi dəyişiblər.

Baxın, bu 2-ci sinif dərsliyinin arxasında yazılıb 2 manatdan baha satıla bilməz. Mən 2 manat 40 qəpiyə almışam. Satıcı deyir, 2 manat onların 40 qəpik də bizim.

Yuxarı siniflərin kitabları lap bahadır. 7-ci sinif ingilis dili dərsliyinin arxasında 4 manat 80 qəpik yazılıb 5 manat 40 qəpiyə almışam. Dərsliklə qurtarmır axı, hər dərs üçün iş dəftəri, test istəyilər müəllimlər.

- Ümumilikdə nə qədər xərc çəkmisiz kitablara?

- Məktəb başlayandan 2 uşaq üçün 55 manata qədər xərcləmişəm. Hələ 2 testi də tapa bilməmişəm. Deyirlər burda var. Hələ gözləyirəm.

Övladları rusdilli məktəblərdə oxuyanlar da dərsliklərin keyfiyyətindən şikayətçidir. Deyirlər ki, kitablar keyiyyətlərinə uyğun deyil, çox bahadır:

- Baxın bu kitaba, sanki surətçıxaran maşında hazırlanıb ən keyfiyyətsiz kleylə də yapışdırılıb. Belə nazik üz qabığı olar? Adi səhifədən fərqlənmir. Mənim uşaqlarımın biri 3-də, biri 4-də oxuyur.

Keçən il də xeyli kitab almışdım. Ancaq onlardan heç birini kiçik uşağıma saxlaya bilmədim. İlin axırına qədər hamısı parça-parça olmuşdu.

Bir azdan müsahibə aldığımı görən satıcılardan biri özü mənə yaxınlaşdı. Öyrəndik ki, sifarişləri həddən artıq çoxdur:

- Biz bir neçə ildir dərslik satışı ilə məşğuluq. Şəhərin mərkəzində, göz qabağında yerləşdiyimizdən nəşriyyatlar bizimlə işbirliyində maraqlıdır. Hələ bütün sentyabr ayı bura belə basırıq olacaq.

- Hansı nəşriyyatlarla işləyirsiz?

- Təhsil Nazirliyinin «Təhsil» Nəşriyyatı ilə, Çaşıoğlu nəşriyyatı ilə.

- Dərsliklər məktəblərdə pulsuz paylanırsa, sizdə niyə belə sıxlıqdır?

- Problem ancaq keyfiyyətdədir. Baxın, bizdə Rusiyada istehsal olunun dərsliklər də var, məktəbəqədər uşaqlar üçün vəsaitlər də.

Hamısı mütləq qaydada qalın üzlükdə, kağızları keyfiyyətli. Bizim dərsliklər isə ildən-ilə bərbad olur.

Bu arada «Təhsil» Nəşriyyatının yük maşını mağazaya yaxınlaşdı. Tələb olunan yeni dərslik partiyası gətirmişdilər. Satıcı da sağollaşıb dərslikləri qəbul etməyə yollandı.

Yenə valideynlərin yanına qayıtdıq. Bu dəfə söz dərsliklərin məzmunundan düşdü. Qızı 3-cü sinifdə oxuyan Fəridə deyir ki, Ana dili dərsliklərində mətnlər olduqca bərbaddır.

Valideynlərin, ekspertlərin və kitab tərtibçilərinin dərsliklərin məzmunu ilə bağlı açıqlamalarını da «Oxu zalı»nda oxuyarsız.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG