Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:42

Faiq Ağayevi bıçaqlayanlar həbs edilib


Azərbaycanın xalq artisti Faiq Ağayevə xəsarət yetirməkdə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə təqsirləndirilən Rüfət Məlikov və şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hadisənin digər iştirakçısı olan Natəvan Şərifovanın himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altında olma qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, istintaq qrupu hər iki tərəfin ifadəsini alıb. Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən Rüfət Məlikov ilkin dindirilmə zamanı münaqişənin müğənninin avtomobilinə yol verməmək üstündə baş verdiyini bildirib:

“Münaqişə mən maşınımla gedən zaman yol verməmək üstündə baş verdi. Heç ona yol verməyə imkan da yox idi. Ona görə də maşını sürməyə davam etdim. Bu zaman maşını yanıma sürüb, saxlatdırmaq istəyirdilər. Cangüdənlər məni söyürdü. Onlara əhəmiyyət verməyib evimizə getdim. Lakin onların hirsi soymayıb dalımca qapımıza qədər gəldilər. Onlar maşından düşən kimi məni təhqir edib, söyməyə başladılar. Faiq cangüdənlərinə göstəriş verdi ki, bunları tapdalayın, ağıllansınlar. Yanımda olan xalaoğlum və bir qız qorxularından həyətə qaçmışdılar. Faiq Ağayev onları həyətdən sürüyə-sürüyə bayıra çıxartdırdı və bizi vurmağa başladılar. Mən də müdafiə olunmaq üçün cibimdə olan yağ bıçağını çıxarıb onları vurdum”.

Rüfət Məlikov, həmçinin törətdiyi əməldən peşman olmadığını və bu addımı özünü müdafiə məqsədilə atdığını bildirib..

Faiq Ağayev, onunla birgə bıçaqlanan Ramin Bayramov və Azər Musayev ifadələrində təqsirləndirilən şəxslərin dediklərinin təkzib ediblər.

İşi araşdıran Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Rüfət Məlikovun ruhi xəstə olduğunu deyib. Bildirib ki, o, 2006-cı ildə qəsdən sağlamlığa ağır zərər vurma və zəruri müdafiə həddini aşaraq qəsdən adam öldürmə maddələri ilə təqsirli bilinərək həbs edilib.

2007-ci ildə isə eyni maddələrlə təqsirli bilinərək Apelyasiya Məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu il avqust ayında isə ruhi xəstə olduğu üçün Şabran rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilərək sərbəst buraxılıb.

Hadisə sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə baş verib. Faiq Ağayev şəxsi avtomobili ilə gedərkən həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb.

Nəticədə Faiq Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar. Hər üç yaralı əməliyyat olunub.

Faiq Ağayev sentyabrın 29-da yerli televiziyalardan birinə müsahibə verib və özünü yaxşı hiss etdiyini deyib.
XS
SM
MD
LG