Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:10
Britaniyanın “Time” jurnalının “Rusiya siyasətinin dinozavrı” adlandırdığı Lujkov Rusiya prezidenti Medvedevlə mübarizəni davam etdirmək əzmindədir.

Medvedev 18 il Moskva meri olmuş Lujkovu “etimadı itirmək” ittihamı ilə işdən çıxardan sonra Lujkov rəsmi bəyanat verməyib.

Ancaq “İnterfaks” agentliyi Lujkovun çoxdankı dostu, müğənni İosif Kobzonun dediklərini yayıb. Kobzonun sözlərinə görə, Lujkov məhkəməyə üz tutmaq fikrindədir.

Bunun ardınca xəbərlər yayılıb ki, Rusiyanın federal müstəntiqləri Lujkov haqda korrupsiya ittihamlarını yoxlamağa başlayıblar.

“37-Cİ İL QORXUSU”

Lujokov rəsmi bəyanat verməsə də, müxalifət jurnalı “Novoe Vremya”nın səhifələrində prezidentə hücum çəkib.

Jurnalda dərc olunan məktubunda Lujkov yazır: “1937-ci ildən bizim ölkədə öz fikrini demək qorxusu var”.

Məktub bazar günü, sentyabrın 26-da yazılıb. Ancaq prezidentin sözçüsü Natalya Timakova deyib ki, Lujkovun işdən çıxarılma fərmanının verilməsinə bu məktub təsir göstərməyib.

LUJKOVUN QƏTİLİYİNƏ BAŞQA İZAH

Boris Nemtsov
Lujkovun belə qəti mübarizə əzmini keçmiş merin ən qatı tənqidçisi olan müxalifət lideri Boris Nemtsov tamam tərsinə yozur:

“Eks-merin belə əl-ayağa düşməsi onu göstərir ki, Lujkov ciddi ittihamlarla üzləşdiyini bilir. Lujkova qarşı ən ciddi ittiham Moskvadakı hüdudsuz korrupsiyadır. Medvedev məcbur olub istintaqa yol açmalıdır. Əgər o bunu eləməsə, özünə ağır çəkili siyasi rəqib qazanmış olacaq. Lujkov öz ətrafına incik məmurları yığmaqla 2012-ci ilin prezident seçkilərində Medvedev-Putin tandeminə rəqib olacaq”.

Fərman elan olunan gün Lujkov hakim partiyadan da çıxdı, halbuki bu partiyanın yaradılmasında onun böyük rolu olub. Lujkov partiyanı ittiham edib ki, onu yalandan və şərdən qorumadı.

LUJKOV BİRBAŞA SEÇKİLƏRƏ ÇALIŞACAQ


Moskva rayonlarının başçılarının toplantısında isə Lujkov dedi ki, o, siyasətdə qalacaq və regional liderlərin birbaşa seçkisinin bərpa edilməsinə çalışacaq.
Bu seçkiləri 2004-cü ildə Putin ləğv edib.

Lujkov işdən çıxarılan kimi hakim partiya eks-merdən məsafə saxlamağa başladı və onun əleyhinə xora qoşuldu.

Rusiya parlamentinin yuxarı palatasında Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçyov deyir:

“Şəhər, ölkə, partiya qarşısında danılmaz xidmətlərinə baxmayaraq Lujkov getdikcə özünü inandırdı ki, yeganə düzgün strategiya onun özünün strategiyasıdır. Bu da həmişə münaqişəyə aparır”.

37 MİLYARD DOLLARLIQ SƏRVƏT YENİDƏN BÖLÜNƏCƏK

Lujkov xanımı Yelena Baturina ilə
Moskva sakinlərinə gəlincə, onların çoxu Lujkovun getməyinə şaddır. Tənqidçilər Lujkovu Moskvanı özünün şəxsi təsərrüfatı kimi idarə etməkdə günahlandırırlar. Lujkov Moskvanın hesabına öz həyat yoldaşı Yelena Baturinanı milyardçı elədi.

Ancaq Moskvada xidmət sahəsində çalışanlar, pensiyaçılar Lujkovdan razıdırlar. Moskva həkimləri, müəllimləri, milis işçiləri Rusiyada ən yüksək maaş alırlar.

Moskvalılar onu da deyirlər ki, Lujkovun getməyi ilə vəziyyət yaxşılaşmayacaq. Onun getməyi ilə Moskvanın sərvətinin yenidən bölünməsinə yol açılır. Moskvanın illik büdcəsi 37 milyard dollardır.

Putinə və Medvedevə yaxın biznes qruplarının Moskvanın tikinti sektorunda ən cəlbedici müqavilələri qazanacağı gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG