Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:16
Parlament seçkilərinə hazırlaşan bəzi partiyaların qərargahsız olması onların işini xeyli çətinləşdirir. Həmin partiyaların təmsilçiləri deyirlər ki, onlar seçkiqabağı yersiz-yurdsuz olmalarının nə demək olduğunu daha aydın hiss edirlər.

4 il əvvəl Bakıdakı Xəqani küçəsində müvəqqəti sığınacaq tapdıqları redaksiyadan çıxan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) elə həmin gündən qərargahsızdır. Əslində, həmin ünvanda «Azadlıq» qəzetinin redaksiyası yerləşirdi. Qəzetin yerləşdiyi binanın əlindən alınması AXCP-ni də necə deyərlər yersiz-yurdsuz qoydu.

MÜSAVATIN QONAQPƏRVƏRLİYİ…

Hərçənd seçki ilə bağlı Müsavat Partiyası bu partiyaya bir aydır özünün ikinci mərtəbəsində bir dəhliz və bir otaq ayırıb. AXCP-nin seçki qərargahının rəhbəri Rövşən Quliyev deyir ki, Müsavat Partiyası ilə birlikdə 100-ə yaxın dairədə vahid namizədi müəyyənləşdirə bilsələr də, qərargahlarının olmaması onların işinə çox mane olur:

ÇAYXANALAR QƏRARGAHA ÇEVRİLİR…

- Bakıda 15-ə yaxın namizədimizin seçki qərargahı fəaliyyət göstərir. Bu seçki qərargahlarının hamısı eyni vaxtda fəaliyyət göstərir. Hamısının eyni vaxtda mərkəzi qərargaha yığışması, eyni vaxtda iş fəaliyyətini təmin etmək mümkün deyil. Ona görə çayxanalara toplaşırıq. Namizədlərin qərargahı rolunu çayxanalar oynayır. Əsas problem odur ki, koordinasiyada çətinlik çəkirik .

Çayxanalara toplaşırıq
Rövşən Quliyev deyir ki, partiya namizədləri 14 nəfərlik otağa sığışmayanda Müsavat Partiyasının konfrans zalından da istifadə edirlər. Partiya üzvləri daha çox sədrin və Rəyasət Heyəti üzvlərinin evlərindən də istifadə edirlər.

Qərargahsız partiyalardan biri də Milli İstiqlal Partiyasıdır. AMİP 2001-ci ildən qərargahsızdır. Halbuki, bu partiya düz 9 il Binəqədi Rayon İcra Hakimiyyətinin 4 mərtəbəli binasında qərar tutmuşdu.

Əslində, 1998-ci il prezident seçkilərində bu partiyanın keçmiş sədri Etibar Məmmədovun sabiq prezident Heydər Əliyevə ciddi-cəhdlə opponentlik etməsindən sonra çoxları partiyanın qərargahsız qalacağını artıq təxmin etməyə başlamışdılar.

SAHİBKARLARA TƏZYİQLƏR ÜZÜNDƏN QƏRARGAH KİRAYƏLƏMƏK OLMUR


AMİP-in baş katibi Arzuxan Əlizadə deyir ki, bir neçə dəfə özəl sektordan qərargah götürsələr də, sonradan sahibkarlara təzyiq olunduğundan həmin yerlərdən çıxmalı olublar. Hazırda müvəqqəti olaraq partiyanın Nəsimi rayon təşkilatına yığışırlar. AMİP də seçki ərəfəsində qərargahsızlığın çətinliyini daha dərindən hiss edir:

- Çox ciddi narahatçılıqlarımız var. Milli İstiqlal Partiyası bütövlükdə ölkə üzrə 70-dən çox dairədə öz namizədi ilə iştirak edir. Həmin namizədlərin sənədlərinin hazırlanması, onların mərkəzi qərargahla əlaqələri çox ciddi narahatlıqlar yaradır.

BU, PARTİYA İŞİNİN BELİNİ SINDIRIR


Əvəz Temirxan
Azərbaycan Liberal Partiyası da 4 ildir qərargahsızdır.

Partiyanın sədri Əvəz Temirxan da deyir ki, hardansa kirayə götürmək istəyəndə də əlavə problemlərlə üzləşirlər. Seçkiqabağı isə partiya üzvlərinin işi çox çətindir:

- Problemlər var. Bilmirlər harada gəlib partiya rəhbərliyi, həmkarları ilə görüşsünlər, müzakirələr aparsınlar. Bu, partiya işinin belini sındırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG