Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:45

"Bukinist mənim kitablarımın ən yaxşı satıldığı yerdir"


Bakının bukinist mağazalarından reportaj hazırlayacağımı biləndə öncə son dəfə - köhnə kitablar satıldığı dükanı harada gördüyümü yadıma salmaq istədim.

Yadıma birinci - ilk gördüyüm belə dükan gəldi - 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən o məşhur kitabçı.

Kitab və yağlı boya qoxusu - orada rəssamların orjinal əsərlərini də satırdılar - o ünvanın 20-30 metrliyindən hiss olunurdu.

Ancaq ora mənim bir xeyli uşaqlıq xatirələrim kimi əriyib yox olub. Bir neçə ildir o kitabçının yerində dünyaca ünlü qızıl brendinin mağazası yerləşir.

Tanıdığım, bildiyim bukinist mağazalarını yadıma saldıqca bəlli oldu ki, indi onların yerini pərdə dükanları, kafelər, gözəllik salonları, parfumeriya mağazaları tutub.

Bir neçə ay öncə küçə ticarətinin ləğv edilməsi isə bukinistlərin işini deyəsən lap çətinləşdirib.

Artıq Nizami Gəncəvinin heykəlinin, metronun 28 May, Nərimanov stansiyalarının ətrafında bukinistlər gözə dəymir.

Şəhərdə onların cəmi 2 ünvanı qalıb – Dövlət Dillər Universitetinin yaxınlığında və İstiqlaliyyət küçəsində, AMEA-nın Əlyazmalar İnstitutu ilə üzbəüz. Hər ikisi də zirzəmidə.

Öncə Dövlət Dillər Universitetinin yaxınlığındakı bukinist mağazasına gəldim. Burada nələr yoxdur?

Min bir gecə nağıllarından tutmuş Yeqorova-Siroviçin yazdığı musiqi dərsliklərinə, ən müxtəlif dillər üzrə lüğətlərdən Baba Pünhanın satirik şeirlərinə, Seyid Yəhya Bakuvinin əsərlərindən tibbin çeşidli sahələri üzrə dərsliklərə, Marksın “Kapital”ından Umberto Ekonun əsərlərinə, Rəsul Rzadan Aqşin Yeniseyə qədər nə istəsəz tapmaq mümkündür.

Satıcı Emin deyir ki, burada kitabı alan da var, satan da:

- Bizə kitabları əsasən Bakıdan köçənlər gətirir. Ona görə də kitabların çoxu rus dilindədir. Həm də indi çoxları kitabxanalarını yeniləyir. Ona görə də Kirill qrafikası ilə olan ədəbiyyatları bukinistlərə gətirirlər.

Kitabların qiymətləri də münasibdir 2 manata bədii əsər də ala bilərsən, 25 manata elmi ədəbiyyat da. Bukinistdən onu da öyrəndik ki, bəzi yazıçılar da öz əsərlərini bukinistə verir:

- Bilirsiz, bukinist mağazası elə bir spesifik yerdir ki, bura ancaq oxuyan insanlar gəlir. Ona görə də yazarlar əsərlərini bizə verməkdə maraqlıdır. Məsələn bizdə Seymur Baycanın əsərlərini görə bilərsiz. (Aqşin Yeniseyin də üst-üstə qalaqlanmış kitablarını burada görürük - A.M.) Bura həm də kitab həvəskarlarına kitabları, əsərləri tanıtma yeridir.

Bukinistdə Fərhad Məmmədov adlı bir nəfərlə də söhbət etdik. Dövlət Neft Akademiyasında ali riyaziyyatdan dərs deyən Fərhad Məmmədov “bukinistlər olmasa işimiz çətin olar” deyir:

- Kitabçılarla münasibətim tələbəlik illərindən başlayır. Ən maraqlı elmi ədəbiyyatları da onlardan tapmışam. Bəzi insanlarda kompleks olur – köhnə kitab ala, oxuya bilmirlər. Ancaq mənim belə problemim yoxdur.

Axtardığım ədəbiyyat varsa, onu mütləq alacam – təzə, ya köhnə olmasından asılı olmayaraq. Həm də bukinistlərdən aldığım sahə ədəbiyyatlarını kitab dükanlarından ala bilmirəm.

Ya baha olur, ya da heç olmur. İndi Bakıda onsuz da kitab mağazası qalmayıb, qalanlar da da daha çox bədii ədəbiyyat satılır. Qabaqlar dəqiq elmlər üzrə ədəbiyyatın toplandığı kitabxanalar vardı.

İndi onların izi-tozu da yoxdur. Burada isə ümid var ki, hətta axtardığını tapmasan da maraqlı bir informasiya ilə qarşılaşacaqsan.

Daha bir neçə alıcı ilə söhbət etdim. Qiymətlərin də münasib olduğunu dedilər. 3 manata bədii ədəbiyyatın köhnəsini, 5-10 manat arası yenisini, bundan bir neçə manat bahaya isə elmi ədəbiyyat almaq olar.

Satıcıların vaxtını almaq istəməyib üz tutdum İstiqlaliyyət küçəsinə – Bakıda olan ikinci və sonuncu bukinist mağazasına. Burada da qələbəlikdir. Satıcılar deyir ki, dərs ili başladığından tələbələr xeyli ədəbiyyat sifariş verən var:

- Yaxında Dövlət İqtisad Universiteti yerləşir. Bilirsiz ki, sovetlər dağılandan sonra dövlətin iqtisadi modeli dəyişib. Ancaq kitabxanalarda və kitab mağazalarında yeni iqtisadi sistemlə bağlı ədəbiyyat qıtlığı var.

Bizə isə bəzən belə kitablar gətirirlər. Kimsə alır, tələbəlikdə istifadə edir, sonra düşünür ki, evdə artıq yer tutur.

Alıcı Fərhad Məmmədov
Həmin kitabların ünvanı təbii bukinist mağazalarıdır. Ancaq bura ancaq elmi ədəbiyyat üçün gəlmirlər – Dostoyevskidən, Qoqoldan, Umberto Ekoya, Folknerdən İsa Hüseynova qədər xeyli müəllifin kitabları satılır.

- Kitab satanlar daha çox kimlərdir?

- Mənzilini təmir edəni də var, Bakıdan köçüb gedəni də, kitab oxuyanı evdən köçəni də. O gün bir nəfər gəlib xeyli kitab təklif etdi. Bəlli oldu ki, yeni evlənib.

Xanımının cehiz gətirdiyi kitablardan onda da varmış. 1 kitabdan da 2 ədədə nə ehtiyac? Xeyli də maraqlı əsərlər vardı içərilərində. Biz də aldıq.

Zirzəmidə yerləşən bu bukinist mağazasından da çıxıb üzüaşağı AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyatı Muzeyinə tərəf gəlirəm. Muzeyin birinci mərtəbəsində hələlik Bakının ən böyük kitab mağazası yerləşir.

Bir neçə il öncə uzun çək-çevirdən sonra bu kitab mağazasının ləğv edilməsi qərarı geri oxunmuşdu.

Bir gün yolumuzu burdan da salmaq ümidi ilə siz sağ, biz salamat.


P.S. Seymur Baycan "Oxu zalı"na açıqlamasında öz kitablarını bukinistə verməsini təsdiqləyib. "Bukinist mənim kitablarımın ən yaxşı satıldığı yerdir. Neçə illərdi onlara kitab verirəm. Çünki bukinistə yalnız əsl kitab həvəskarları kitab almağa gəlir".

S.Baycan deyib ki, onun bildiyinə görə, başqa gənc yazarların kitabları bukinistə həmin kitabları çap etmiş nəşriyyatlar verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG