Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Məzahir Pənahovun 8-ci seçkisi…


Məzahir Pənahov
Azərbaycanda növbəti parlament seçkiləri demək olar ki, seçki qutularının bir addımlığındadır. Amma necə deyərlər, bu seçkilərin məbədi - yəni Mərkəzi Seçki Komissiyası (MSK) hələ də tam tərkibdə fəaliyyət göstərmir.

Əslində, MSK-nın tərkibi 18 nəfərdən ibarət olmalıdır. Amma qurum 16 üzvlə öz öhdəliyini yerinə yetirir. Bunlardan 6 nəfəri hakim YAP-ı, 6 nəfəri bitərəfləri, 4 nəfər isə parlamentdəki azlıqda olan müxalifət partiyalarını təmsil edir.

Müsavat deputat qrupu MSK tərkibinin paritet əsaslarla formalaşdırılmadığını əsas gətirərək özünün 2 nümayəndəsini Komissiyaya təqdim etməyib. Ölkənin aparıcı müxalifət partiyaları hesab edirər ki, MSK-nın tərkibi ya hakim partiya ilə onlar arasında bərabər bölünməli, ya da bu dolayı baş verməlidir. Yəni 6 nəfər hakimiyyətin, 6 nəfər isə müxalifətin payına düşməlidir.Yerdə qalan 6 nəfərlik bitərəf kürsüsünün isə 3 nəfərini iqtidar, 3 nəfərini isə müxalifət əldə etməlidir. İndiki halda isə bu qurumdakı bitərəflər də əslində hakimiyyətin mövqeyini dəstəkləyən şəxslərdir. Hər halda müxalifət belə hesab edir.

Beləliklə, həmin o 2 boş qalan yer də bu səbəbdən tutulmayıb.

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ TƏRKİBİ

Müsavat Partiyası seçki departamentinin rəhbəri Gülağa Aslanlı deyir ki, vaxtı ilə onlara MSK-dan həmin yerlərə öz nümayəndələrini təqdim etməklə bağlı rəsmi müraciət olub. Amma partiya paritet məsələsini əsas gətirərək bu yerlərdən imtina edib. Ancaq bununla belə, Müsavat Partiyası həmişə bəyan edib ki, əgər hakimiyyət Seçki Məcəlləsini və seçki mühitini yaxşılaşdırmaq istiqamətində hər hansı addım atarsa, onlar bu məsələni müzakirə edə bilərlər:

OKTYABRIN 8-DƏK MÜZAKİRƏLƏR YEKUNLAŞMALIDIR

Gülağa Aslanlı
«Hələ ki, hakimiyyətdən bununla bağlı bizə müraciət olunmayıb. Amma DUİ-də birləşən partiyaların Müsavat rəhbərliyinə və YAP-a belə bir müraciəti olub ki, seçki komissiyalarındakı yerlərin doldurulması ilə bağlı addımlar atılsın. Bu addımların atılıb-atılmayacağı partiyada hələ müzakirə səviyyəsindədir».

G.Aslanlının sözlərinə görə, oktyabrın 8-də Milli Məclisin iclası gözlənilir. O vaxta qədər bu müzakirələr yekunlaşmalıdır ki, əgər müsbət qərar verilsə, sənədləri həmin iclasa qədər hazırlamaq olsun.

Milli Məclisin 3-cü çağırışı öz fəaliyyətini artıq yekunlaşdırmaq üzrədir. Amma bu müddət ərzində parlamentdə azlıqda olan bəzi partiyalar nə qədər çalışsalar da, MSK-dakı boş yerlərə öz nümayəndələrini yerləşdirə bilməyiblər.

AZLIQDA QALAN PARTİYALARIN 4 YERİ


İndilik isə MSK tərkibi parlamentdə çoxluqda olan YAP-ın, bitərəflərin və azlıq sayılan Ümid, Ədalət, VHP, eləcə də BAXCP, Böyük Quruluş və Demokratik İslahatlar partiyalarının nümayəndələrindən ibarətdir. Qeyd edək ki, bu partiyaların hamısına cəmi 4 yer düşüb. Onlar qarşılıqlı razılıq əsasında MSK-ya ortaq nümayəndələrini göndərə biliblər.

Vətəndaş Birliyi, eləcə də iqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyalarının təmsilçisi Rövşən İsmayılov isə Konstitusiya Məhkəməsinin üzvü olduğuna görə MSK-da fəaliyyətini dayandırıb. Bu isə artıq o deməkdir ki, MSK-da boş yerlərin sayı 3-ə çatıb.

Ümid Partiyasından MSK üzvü olan Akif Qurbanov hesab edir ki, qarşıdakı parlament seçkilərinə MSK–nın texniki hazırlığı yüksək səviyyədədir. Amma digər məsələlərlə bağlı bunu
Akif Qurbanov
demək olmur:

«Seçki Məcəlləsində verilən hüquq və səlahiyyətlər çərçivəsində MSK və aşağı komissiyalar çox təəssüf ki, yetərincə səlahiyyətlərindən istifadə edib vəzifələrini icra edə bilməyiblər, yaxud da etməyiblər».

MSK DAHA ÇOX TEXNİKİ FUNKSİYA YERİNƏ YETİRİR

Akif Qurbanov deyir ki, əslində, MSK daha çox texniki funksiya yerinə yetirir və prosesi sonda leqallaşdırmaqla məşğuldur. Seçkiləri isə yerlərdə icra strukturları həyata keçirir.

MSK-nın digər üzvü, hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi verilən Fuad Cavadov isə deyilənlərlə razılaşmır. O hesab edir ki, MSK Seçki Məcəlləsinə tam uyğun şəkildə fəaliyyət göstərir. Qurum öz funksiyasına aid olan bütün məsələləri operativ şəkildə iclaslarda, yaxud işçi qaydasında həll edir.

Fuad Cavadov MSK–nın fəaliyyətinin qənaətbəxş olduğunu təsdiqləyən faktları diqqətə çatdırır. Deyir ki, dünya ictimaiyyəti Azərbaycandakı seçkiləri qəbul edir. Prosesin beynəlxalq aləmə açıq olması üçün hətta məntəqələrdə veb kameralar yerləşdirilib. O ki, qaldı seçkiləri yerlərdə icra strukturlarının keçirməsi barədə deyilənlərə, Fuad Cavadov prosesin məhz MSK –nın nəzarətində olduğunu belə izah edir:

MSK-NIN FƏALİYYƏTİNİ MÜSBƏT DƏYƏRLƏNDİRİRƏM

«Hamıya məlumdur ki, son bələdiyyə seçkilərində neçə dairə buraxıldı, sədrləri cəzalandırıldı. Ötən parlament seçkilərində seçkiyə müdaxiləyə görə bir neçə rayonun icra başçısı vəzifəsindən azad edildi. Bu mənada mən təbii ki, MSK-nın fəaliyyətini müsbət dəyərləndirirəm».

Fuad Cavadov güman edir ki, hazırda aşkarlığın təmin olunması istiqamətində Azərbaycanın seçki təcrübəsi digər ölkələr tərəfindən də
Fuad Cavadov
bəyənilir.

MSK-nın keçmiş üzvü Ənvər Əliyev isə deyir ki, Komissiya ilk dəfə Azərbaycanda paritet əsaslarla formalaşdırılmışdı. Müxalif partiyalar hər 3 ildən bir rotasiya ilə öz nümayəndələrini dəyişdirirdilər. Elə onun özü də 2002-ci ildə rotasiya əsasında MSK-ya üzv olub. Düz 2005-ci ilədək. Yəni növbəti parlament formalaşanadək.

Ənvər Əliyevin sözlərinə görə, həmin dövrdə MSK-nın tərkibi 15 nəfərdən ibarət idi. Müxalifətə ayrılan 6 yeri Müsavat, AXCP, ADP AMİP, VHP və üstəgəl Kommunist Partiyası tuturdu. Qalan 9 yerin 3-ü bitərəflərə, 6-sı isə hakim YAP-a məxsus idi. Sonradan qanunvericiliyə dəyişiklik əsasında MSK tərkibi 18 nəfərdən ibarət oldu. Onlardan 6-sı hakim partiyanın, 6-sı parlamentdə azlıqda qalan partiyaların, 6-sı isə bitərəflərin payına düşdü.

Ənvər Əliyev hesab edir ki, Müsavat parlamentdə ikinci çoxluq kimi MSK-da xeyli yer tutmalı idi. Bu olmadı.

6 YERİN 3-NƏ NÜMAYƏNDƏNİ MÜXALİFƏT TƏQDİM ETMƏLİ İDİ


Ənvər Əliyev deyir ki, heç olmasa bitərəflərə ayrılan 6 yerin 3-nə nümayəndəni müxalifət təqdim etməli idi. Buna da imkan verilmədi:

«Hazırda MSK bizim dövrümüzdəkindən - xüsusilə 2002-2005-ci illərdəkindən qat–qat iqtidaryönümlüdür. Və heç bir dairə, məntəqə, o cümlədən də MSK-da müxalifət partiyaları kifayət qədər gücünə müvafiq qaydada təmsil olunmayıb».

Ənvər Əliyev
Ənvər Əliyev deyir ki, bu gün MSK daxilində hakim partiya təmsilçiləri o vaxta kimi güclüdür ki, müqavimət hiss etmirlər. O ki, qaldı qurumun fəaliyyətinə, onun sözlərinə görə, bu gün ölkədə seçki ab-havasının hiss olunmaması MSK-nın fəaliyyətinin necə olmasının göstəricisidir.

ƏGƏR MSK-YA ETİMAD OLSAYDI


Ənvər Əliyevin fikrincə, əgər seçicilərin və seçkidə iştirak etmək istəyən şəxslərin MSK-ya etimadı olsaydı, seçki ərəfəsində ölkədə başqa mənzərə müşahidə olunardı.

Hər dəfə beynəlxalq tədbirlərdə və parlamentdə MSK tərkibinin paritet əsaslarla formalaşması məsələsindən söz düşəndə hakim partiya təmsilçiləri bildirirlər ki, bu, mümkün deyil. Çünki buna yenidən gedilsə, müxalifət protokolları imzalamaqdan imtina etməklə prosesi pozacaq.

MSK sədri Məzahir Pənahov artıq iki parlament (2000 və 2005-ci illər), iki prezident (2003 və 2008-ci illər) və üç bələdiyyə (1999, 2004 və 2009-cu illər) seçkilərində bu quruma rəhbərlik edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG