Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:22

"Bir jurnalın eyni vaxtda mirzəsi, mühasibi, kuryeri, redaktoru olmaqdan bezmişəm"


"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu ilə söhbət.

- Sizi Yazıçılar Birliyinin (AYB) funksioneri hesab eləmək olar?


- Əgər bu ifadəyə neqativ çalar və vurğu qatılmırsa niyə də yox. Demək istəyirlər ki, mən orda işləyirəm? Bəli, orda işləyirəm.

- Həm də AYB üzvüsünüz?

- Elədi. Hətta Idarə Heyətinin də üzvüyəm, deməli bir az daha çox funksionalam.

- Onda söhbətə AYB-nin orqanlarından başlayaq, siz həm də dövlətdən maliyyələşən AYB orqanlarından birinin rəhbərisiniz.


- Buyurun. Amma kiçik düzəlişlə, “Dünya ədəbiyyatı” jurnalı dövlətdən maliyyə alan AYB orqanı yox, sadəcə AYB nəşridir deyək, çünki tam olaraq maliyyələşmə də təəssüf ki indiyə qədər mümkün olmayıb.

- Niyə?

- Bilmirəm. Görünür yetərincə istək və cəhd olmayıb.

- Səbəb nədir?

- Uzun məsələdir.

- Amma xeyli kitablar nəşr etmisiniz...

- Bizim kitablı-jurnallı, daxildə və xaricdə elədiyimiz nəşrlərin sayı 60-dan çoxdur.

- Maliyyələşmə yoxdursa bunu necə edirsiniz?

- Mən tam maliyyələşmə dedim. Bir də görülən işlərin maliyyə resursları kimi çoxlu digər qeyri-hökumət, özəl və hökumət
strukturlarının payı var. Onlar həm AYB rəhbərliyinin, həm mənim şəxsi, birbaşa, dolayı əlaqələrimiz, müraciətlərimiz hesabına başa gəlib.

- Birdəfəlik həll etmək olmazdı?

- Hər halda indiyə qədər olmayıb. Doğrusu bir jurnalın eyni vaxtda mirzəsi, mühasibi, kuryeri, redaktoru nə bilim daha nəyi olmaqdan, qapı döyməkdən bezmişəm.

Hərdən fikirləşirəm ki, bu mümkün olsaydı, AYB rəhbərliyi bu imkandan yararlanardı, hərdən də fikirləşirəm ki, bəlkə tanımadığım kimlərsə və haralardasa, məni bezdirmək, pisikdirmək istəyirlər, görməzdən gəlirlər, eybi yoxdu, düzələr.

- Necə bilirsiniz, AYB orqanları niyə tez-tez tənqid olunur, xüsusən “Ədəbiyyat qəzeti”?


- Bunun bir neçə səbəbi var. Birinci səbəbi budu ki, həmin nəşrlər dövlət puluna çıxır.

Bu pulun isə darğası çox olur. Hamı vergiödəyicisi kimi özünə onlar haqqında danışmaq haqqı verir.

Bu bir az doğrudur, bir az da yox. Mən vergiödəyiciyəm və deməli dövlətdən maliyyələşən bütün strukturlar haqqında fikir deyə bilərəm.

Amma necə? Əsassızmı, əsaslımı? Peşəkar kimimi? Ya naşıcasına? AYB orqanlarının tənqidi həm də ona görə gözə
girir ki, dövlətdən maliyyələşməyən digər nəşrlər demək olar tənqid olunmur.

Amma bu onların ideal olması demək deyil. Görünür, peşəkarlar ağrımayan başlarına dəsmal bağlamaq istəmirlər, qəmbərqulu axtarsan, onu mütləq tapacaqsan.

Bu məsələnin dırnaq içində fəlsəfəsi ilə bağlı səbəblərdi. Oxucu və ədəbiyyatçı kimi qənaətim belədir bizim bütün nəşrlərin islahata ehtiyacı var, məzmunca da, görkəmcə də, özü də hamısının və
istisnasız.

Unutmaq olmaz ki, istənilən çap məhsulu həm də əmtəədir. “Ədəbiyyat qəzetin”ə gəlincə isə onun dövriliyi tənqidinin tezliyini artırır və bu da məntiqlidir.

- AYB-nin vaxtaşırı tənqid hədəfi olmasına münasibətinizi öyrənmək olar?

- Olar, niyə olmur…

- Onun Stalindən qalma bir struktur kimi lazımsızlığını deyənlər də var. Tez-tez repressiya dövrünü hallandırırlar, donoslar və sairə…

- AYB-nin opponentləri təkcə bədii mətnlərlə deyil, tarixlə də eyni cür davranırlar. Sovet Yazıçılar Birliyi yalnız Stalinin deyil, böyük rus yazıçısı Qorkinin səyləri ilə də qurulmuşdu. Daha doğrusu,
bu ideya, əslində isə ədəbi prosesə partiya və dövlət nəzarətini təmin edəcək strukturun yaradılması fikri Stalin tərəfindən
mənimsənən, amma Trotskiyə məxsus düşüncə idi.

Trotski bu haqda silsilə yazıların müəllifi idi. Təsadüfi deyil ki, bu ətrafda qızğın mübahisələr və məsləhətləşmələr də Stalinin iştirakıyla məhz Qorkinin evində gedirdi, Malaya Nikitskaya 6 ünvanında.

Yeri gəlib deyim, sonradan Müşfiqin şeirindən oxuduğumuz “ruh mühəndisi” ifadəsi də məhz Stalinə məxsus idi, Qorkinin evindəki söhbətlərdən yadigardır.

Deyirlər ki, Stalinlə Qorkinin bütünlüklə qeydə alınması qadağan olan çoxlu söhbətləri olub, o materialları oxumaq maraqlı olardı.

Nəsə, kəsəsi, o vaxt Qorki Stalinin niyyətini anlayırdı, amma onu da başa düşürdü ki, əks təqdirdə ədəbiyyatın vəziyyəti daha da pis olacaq, söhbət yalnız orijinal yaradıcılıqdan getmir.

Tərcümə işindən, nəşrlərin və kitabların mövcudluüundan və sairə. Indi isə belə demək olar Sovet Yazıçılar Birliyinin uğurları Qorkini qələbəsi və sistemin məğlubiyyəti, uğursuzluqları isə Qorkinin məğlubiyyəti, sistemin uduşu idi.

Bunu o vaxtkı Azərbaycana da şamil etmək olar. Indiyə gəlincə, indi dövlət bizimdi. Və fikirləşirəm ki, AYB-nin struktur kimi yaşaması vacibdir.

Əks-təqdirdə ortabablar ordusunun başqa fəsadlarından qaçmaq olmayacaq.

Dövlət adi halda istedadlı və istedadsız vətəndaş deyə ayırmır, bu münasibətində haqlıdır.

Ortabablar isə bunu yaxşı bilir. Onun da hüquqları var, o birisinin də. Eləcə də dövlət himayəsində olan qəzet və jurnallar. AYB üzvüdür, yaxud deyil, gəlir, ortabab mətnini təklif edir, sonra da həmin qapını gəlişi və demaqogiyası ilə döyənək edir.

Ona nəyisə başa salmaq olmur. çünki danışmağa, sanki dilə olan hüquq kimi qəbul edir ədəbiyyatı.

Kəsəsi, dövlətin AYB ilə uzun illərdir işləmə mexanizmi var və AYB-yə etibar edir. “Etibar” sözü başqa cür yozulmasın. Yəni, konkret mexanizmlər var. Bu, dövlətin AYB-yə qayğı göstərməsi, başqa strukturlara sanki qayğı göstərməməsi şəklində deyil.

Olmamalıdır. Indi yeni qurumlar yaranır. Onların özünü təsdiq etməsi və ictimai fikirdə, cəmiyyətdə yer tutması bir qədər vaxt istəyən məsələdir.

Heç şübhəsiz biz demokratik inkişaf yolu seçmişiksə, onda müxtəlif platformalara, əqidələrə malik qurumlar və onların da dövlətlə işləmək arzuları, planları olacaq.

Başqa strukturlara da yardım olunmalıdır. Dövlətin pulu bütün vətəndaşlara, bütün yaradıcı strukturlara aiddir.

Bu necə olmalıdır? Düşüncəmə görə, bu, layihələr əsasında gerçəkləşəcək. Bir fikrimdə yenə qalıram ki, AYB hələ uzun illər qalacaq.

Bilirsiniz, dövlət və sənət xislətcə başqadır, funksional olaraq qütblərdə olsa da onların kəsişdiyi nöqtələr var.

Bu da istedadlı insandır. Dövlətin, xalqın ağır günündə yük həmin adamların boynuna düşür, həmin adamı yetişdirən əsas vasitə isə sənətdir.

Sənətin ağır günündə isə dövlət ona qayğı göstərir. Sənət isə həmişə ağır gündə olur.

Amma bu heç də o demək deyil ki, hansısa qurum və sistem yalnız əlahiddə istedadlı sənətkarlar yetişdirir.

Qətiyyən. Onlarla Simonov var idi, Yesenin də tək idi, Mayakovski də, Pasternak da. Bizdə də beləydi. Deməyim budu ki, məşhur lətifədəki kimi “çetindü”.

Amma alternativ modellər də var. Bunlar da paralel işlədikcə hər şey yerini alacaq. Biri digərinin subyektivliyini tənzimləyəcək.

- Necə?

- Dövlətin himayəsində strukturdan başqa, dövlət nəşriyyatlara faizsiz, yaxud az faizli və uzun müddətli kreditlər verilməlidir.
Onlar da müəlliflərə qonorar verməklə ədəbiyyat çap etməlidirlər. Müstəqil.

Və onu satmalı, dolayı yolla normal qaydalarla işləyən kitab bazarını, satış və bazarlama mühitini formalaşdırmalıdırlar.
Onda çox problemlər qaydasına düşəcək.

- Bəs repressiyalar…

- Insan xəyanətini bağışlamaq çətindirsə də ona situasiyadan kənarda baxmaq da tarixə xəyanətdir. Ittihamçıların çoxunu o dövrdə təsəvvür edirsiniz heç?

- Kim, mən?

- Hə siz.

- Yox.

- Mən isə təsəvvür edirəm, çünki onların bəzilərini tanıyıram. Onlar çox pis görünürlər. Əgər bu gün belədilərsə, o vaxt dəhşət olardı.

Donos yazanın AYB üzvü olması, traktorçu, məmur və ya pinəçi olmasının fərqi varmı?

O vaxtlar çoxlu yazanlar vardı, müxtəlif sənət və peşə sahibləri yazırdı. Indi neynəyək, ölkəni dəyişək, bağlayaq? Sadəcə, Romen Pollan demişkən, istedadlı adamların pisliyi də istedadlı olur, hətta qrafomanların belə. Amma AYB-nin tarix qarşısında, xalq qarşısında əlahiddə xidmətləri də olub. Bu haqda o qədər yazılıb ki.

- Yazmaq demişkən, nəsə yazırsınız?

- Sizin sualınız daha çox nasirlərə verilə bilər. Xüsusən roman yazanlara…

- Başa düşmədim.

- Çünki yalnız onlar uzunmüddətli ardıcıl yazı prosesini yaşayırlar. Onlara üç il eyni sualı verib eyni cavabı almaq olar.

- Bəs siz?

- Mən demək olar hər gün nəsə yazıram, oxuyuram, tərcümə edirəm. Amma hər gün cavab fərqlidir və cavabın olmadığı
günlər də istisna deyil.

- Fəxri adlar lazımdı, ya yox?

- Bütün dövlətlər bu ya və ya başqa vasitələrlə sənət adamını qiymətləndirir. Məsələn Fransa prezidentinin xüsusi fondu var, orden verir, mükafat verir.

Amerika Konqres Kitabxanası gərək ki, iki illik müddətə fəxri milli şairi müəyyənləşdirir, onu nüfuza çevirir, o nüfuza ya dövlət, ya özəl maliyyə resurslarının qapısını açır.

Dövlətdən yan gəzənlərə isə transmilli strukturlar, poliqrafik sindikatlar, institutlar qucaq açır. Əlbəttə, seçim istedadın üzərində dayanmalıdır, çünki mükafat adamı yox, adam mükafatı doğruldur.

Bir dəfə səhv etmək olar, iki dəfə, sonra isə istənilən mükafat mənasız, karikatür bir şeyə çevrilir.

- Azərbaycanda poeziyanın bərbad vəziyyətdə olduğunu deyənlər var.…

- Yaxşı nümunələrin misalında bu heç vaxt belə olmayıb. Ədəbiyyat da elə odu.

- Bəs nəsr?

- Düstur nəsr üçün də doürudur.

- Bəziləri iddia edir ki, nəsr daha vacibdir, ciddidir, bəziləri iddia edir ki, nəsr şeiri üstələyir, yaxud tərsinə.…

- Dikkensmi vacibdir, Dantemi? Pamukmu vacibdir, Uolkotmu? Anamı vacibdir, atamı? Şeirdən nəsrə birdəfəlik keçənlər əlbəttə iddia edəcəklər ki, nəsr vacibdir.

O biriləri bunun tərsini iddia edəcəklər. Hər ikisi ilə məşğul olanlar bunu universallığın adına yazacaqlar…

Və vacibiyyət deyəndə əlbəttə şəxsi personalarına aksent edəcəklər. Məncə adam olmaq, adam olaraq qalmaq
doüurdan vacibdir.

- Nəsr bumu yaşayırıq deyirlər.

- Kitabxanası və indi isə üstəgəl interneti olan hər bir kəs bunu həmişə yaşayıb.

- Mən son kitabları nəzərdə tuturam.

- Hansı kitabları?

- “Ən yeni ədəbiyyat” seriyasını, “Milli Kitab Müsabiqəsi” çərçivəsindəki kitabları...

- Bunlar bizim ədəbi mühitimizin olduqca dəyərli hadisələridir.

- O sıradan hansı kitabları oxumusuz?

- Rafiq Tağının, Əjdər Olun, Eyvaz Əlləzoğlunun, Ilqar Fəhminin, Fəxri Uğurlunun, Pərvizin, Aqşinin, Şərif Ağayarın, Elxan Qaraqanın kitablarını oxumuşam.

Onların hamısının böyük, ciddi ədəbiyyata gərəkli olan qiymətli xüsusiyyətləri var. Əslində həm bu müəllifləri, həm digərlərini əvvəllər də oxumuşdum.

Bircə Elxandan savayı. Bu və ya başqa keyfiyyətlərinə görə onları müxtəlif cür sıralamaq da olar.

Qoy, bunu akademik qaydada bu işlə bilavasitə məşüul olan adamlar eləsin. Məncə isə dil faktı kimi Rafiq Tağının, Əjdər Olun, Ilqarın, Şərif Ağayarın, Aqşinin kitabları daha uğurludur.

Ideya daşıyıcısı, böyük ideyalar kaledeyskopu kimi Fəxrinin və Pərvizin kitabları. Zərif təhkiyə və üslub nöqteyi nəzərincə Eyvaz Əlləzoülu qiymətlidi.

- Sanki ümumi danışırsınız.

- Doğrudu pisdi ki. Məsələn, Murad Köhnəqalanın reklam çıxışından sonra Şərifin “Kərpickəsən kişini” birnəfəsə oxudum və dil materialından zövq aldım.

Hələ təxminən 7-8 il əvvəl ona demişdim şairdən daha çox nasirsən, “Yeni Azərbaycan” qəzetində deyəsən “Daxal” hekayəsi çap olunmuşdu.

Şərif bunu yenə sübut eləyir. Amma mənə təəccüblü gəldi, o gözəl, diri, koloritli povestin sonluğu niyə elə bitir?

Şərif üçün böyük görünməsin, əsəri bir sonluğu, bir də nağıl edən şəxslərin fərqiylə, yəni bunları çıxmaq şərtilə böyük rus yazıçısı Andrey Platonovun “Fro”su ilə yaxın qohumdurlar.

Qətiyyən pis anlaşılmasın, indi danışmaq dırnaq içində çox qorxuludur, anonim şərhçilər əsridi, mən qətiyyən hər hansı təsirdən-filandan danışmıram, bir də təxmin edirəm ki, Şərif heç o əsəri oxumayıb, çünki bu günlərdə həmin əsəri biz çap eləsək də təqdimatı olmayıb.

Deməyim odu ki, Platonov həmin əsərində bir qızın həyatından bəhs edir, inqilab dövrü, keşməkeşlər, böyük və yanlış ideyalar, kasıbçılıq, nimdaş məişət və sairə.

Eynən Şərifin də qəhrəmanı həmin sərhəd situasiyasındadır. Uzun ayrılıqdan sonra qızın, Fronun öz ölümü haqda yalançı teleqramından sonra əri onun yanına qayıdır, 10 günmü, bir həftəmi xoşbəxt həyat yaşayırlar və əri yenə onu tərk edir.

Özü də təxminən bu sözlərlə, mən Sibirə kommunizmi qurmaüa, bəşəriyyəti xilas etməyə gedirəm. Əsərin sonu bilirsiniz necə bitir?

Ərinin gedişindən sonra yenə indiki dillə desək depressiyaya düşən Frosya qonşuluqdakı yetim və təklikdə dodaq qarmonu çalan oğlan uşağını şərti deyək övladlıüa götürmək qərarı verir, ona qapını açır və düşünür ki, bəlkə elə bu uşaq ərinin dediyi həmin bəşəriyyət idi.

Bu sonluq Platonovun o vaxta qədər yalnız olduqca diri, amma ideyaca heç nə ifadə eləməyən əsərinə hər şeyi faş edən yekə nöqtə qoyur, həmin ilk baxışdan savadsız olan, lazımsız həyat sürürmüş kimi görünən Frosanın müdrikliyini, böyük sevgisini də açır.

Özü də bu hekayə üçüncü şəxsin dilindən nəql edilir ki, bu da təkcə həmin əsərdə yox, ümumiyyətlə istər nəsr olsun, istər şeir, ədəbiyyatda yazıçının bütün personajlarından eyni məsafədə dayandığını, eyni gözlə baxdığını nişan verir…

Siz məni məcbur elədiniz ki, iki hekayədən bəhs eləyən növbəti məqaləmi sizə danışım…

- Yəni, doğurdan yazı yazmaq fikriniz vardı?

- Yox idi, amma yazacağam. Çünki Şərifin əsəri, dediyim nüanslar öz yerində, uğurlu əsərdi və iki hekayənin müqayisəli analizini vermək olar.

- Bəlkə başqa əsərlər haqda da yazasınız?…

- Bilirsiniz, mən əsər xoşuma gələndə yazıram, tənqid üçün yazmıram, mənim imperativim təqdirdir. Bəzi fikirlərimi də deyim. Məsələn, Aqşinin əsəri bölüşdüyüm çoxlu tənqidlərə rəğmən, yenə dil faktı, şair nəsri kimi olduqca maraqlıdır.

Yeri gəlmişkən, ədəbiyyatşünasların lüğətində belə bir kateqoriya da var.

- “Şair nəsri”?

- Hə. Hətta rusların “proza poeta” seriyası da olmalıydı. Qaldı o birilərə, Əjdər Ol haqqında yazmışam.

Ikihissəli bir yazım var- Rafiq Tağının “Opera-balet” hekayəsindən və şeirlərindən bəhs edir, çap elətdirməmişəm, bəzi yerləri işləmək lazımdı, səbrim çatmır, nə vaxtsa elərəm.

Belə. Qalanların da başqaları yazar. Yazar niyə e, elə yazırlar da…

- Özünüzdən danışmadıq.…

- Əsas özümüzlə danışmaüımızdı.

"Kaspi"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG