Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:40

«Pulun yoxdur, oxuma…»


Ödənişli təhsil alanların payı isə 61 faizdən 63 faizə çatıb

Ödənişli təhsil alanların payı isə 61 faizdən 63 faizə çatıb

HƏKİMLİK, TƏRCÜMƏÇİLİK… ARZUSU GÖZÜNDƏ ÖLƏNLƏR

Yeganə Həbiblinin ən böyük arzusu tərcüməçi olmaq, beynəlxalq konfranslarda, mühüm qonaqların təkbətək görüşlərində tərcüməçilik etməkmiş. Günü bu gün də televiziyada tərcüməçi qızları görəndə özünü onların yerində təsəvvür edir, onlarla bərabər tərcümə edir, səhvlərini düzəldir, bilmədiyi sözləri axtarıb mənalarını dəqiqləşdirir. Amma sonra da sadəcə köks ötürür, tərcüməçilik arzusu ilə çoxdan vidalaşıb. Balı çatmadığından Xarici Dillər Universitetində oxumaq istəyindən vaz keçib, Slavyan Dilləri Universitetində təhsil alıb.

Baxmayaraq ki, maddi imkanı olsaydı, topladığı bal ödənişli qaydada Xarici Dillər Universitetində təhsil almağa yetərliydi. Necə deyərlər, beləcə, ingilis dilini rus dilinə dəyişməli olub:

«DÖVLƏT TƏLƏBƏLƏRƏ KREDİT VERSƏYDİ…»

«Rus dili fakültəsini seçməli oldum, çünki burda balım pulsuza düşürdü. Mən müəllimliyi sevmirəm, hal-hazırda da müəllimə işləmirəm. Amma dövlət tələbələrə kredit versəydi, çox yaxşı şans olardı, onda mən də istədiyim sənət üzrə oxuyardım».

Yeganə kimi istəmədiyi sənəti seçənlər az deyil. İlahə də Tibb Universitetinə girmək üçün iki il repetitor yanına ayaq döyüb. Tək anası onun bu arzusunu gerçəyə çevirmək üçün gecəsini gündüzə qatıb, evlərdə təmizlik işlərinə gedib, mağazada və orta məktəbdə xadimə işləyib. Amma həkim olmaq üçün qızının 30 balı çatmayıb. Təbii ödənişli təhsil ala bilərdi. Amma bu məbləğ onun anası üçün çox fantastik görünüb. İlahə anasının daha yeddi il gərgin işləməsinə razı olmayıb.

XADİMƏ QIZININ AĞ XALAT ARZULARI…

Ağ xalatlı həkim olmaq arzusu ilə vidalaşıb və biologiya müəlliməsi olmağa qərar verib. İlahənin ikinci kursda oxuyan qardaşı Fuad deyir ki, bacısının düşdüyü duruma görə, anası da, özü də əzab çəkir:

«Dövlət kömək etsəydi, kreditdən-zaddan versəydi, yenə bacımın təhsil haqqını ödəmək üçün nəsə edə bilərdik. Amma bu vəziyyətdə anam da, mən də əziyyət çəkirik».

Azərbaycandakı ekspertlər bu qənaətdədirlər ki, ödənişli təhsilin pulsuz təhsili sıxışdırdığı bir vaxtda bu sahədə kreditlərinin verilməməsi absurddur.

«PULUN YOXDUR, OXUMA…»


Rövşən Ağayev
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev bu yöndəki araşdırmalarında yazır:

«Dövlət universitetləri plan yerlərini büdcənin yox, ödənişli ixtisaslar hesabına həyata keçirirlər. Bununla da dövlət sektorunda ali təhsil alanlar içərisində pulla oxuyanların xüsusi çəkisi 54 faizdən 58 faizə, öz növbəsində özəl sektor da nəzərə alınmaqla, ödənişli təhsil alanların payı isə 61 faizdən 63 faizə çatıb. Göründüyü kimi, ölkədə ali təhsil alan hər üç nəfərdən ikisi öz cibinin pulu ilə oxumalıdır. Pulun yoxdur, oxuma. Hazırkı ali təhsil sistemi məhz bu prinsip üzərində qurulub».

TƏHSİL HAQQI İLƏ ƏMƏK HAQQI ARASINDAKI UÇURUM

Parlamentsə ödənişli təhsil alan gənclərə kredit verilməsi ilə bağlı qanun qəbul etməyə tələsmir deyəsən. Hərçənd parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli belə bir qanun layihəsini həmkarlarına çoxdan təqdim edib. O deyir ki, 150-200 manat maaş alan ailə başçısının təbii ki, övladını oxutmaq üçün ildə təxminən 1000 manat təhsil haqqı ödəmək imkanı yoxdur.

Əli Məsimlinin sözlərinə görə, təhsil haqları Azərbaycanda 1000-3000 manat arasında dəyişir:

«Azərbaycanda orta əməkhaqqı ilə təhsil haqları arasında böyük fərq var. Ona görə də beynəlxalq təcrübədəki müddətləri olduğu kimi götürmədik. Beynəlxalq təcrübədə kreditin beş ilə, səkkiz ilə, yaxşı halda on ilə qaytarılması nəzərdə tutulur. Bizsə bu müddəti iyirmi ilə götürmüşük. Ona görə ki, Azərbaycan gəncinin ev almaq problemi var, ailə quranda xərcləri var…Ona görə də təhsil krediti onun boynunda yükə çevrilib ömrü boyu pis vəziyyətdə qoymamalıdır».

İKİ CÜR TƏHSİL KREDİTİ


Əli Məsimli
Əli Məsimli iki cür təhsil kreditinin tətbiqini təklif edir: Birincisi kommersiya, ikincisi sosial xarakterli təhsil kreditidir. Sosial xarakterli təhsil krediti aztəminatlı ailələrdən çıxan tələbələr üçün nəzərdə tutulur. Özü də faizsiz:

«Əgər gənc ailə məktəbi yüksək qiymətlərlə başa vurarsa, dövlət borcu siləcək. Kommersiya xarakterli təhsil kreditləri faizli kreditlərdir. Yalnız əla qiymətlərlə oxuyanların faizlərini dövlət öz üzərinə götürür, tələbəsə gələcəkdə sadəcə krediti qaytarır».

Əli Məsimli bunu da təklif edir ki, tələbə krediti işə düzəldikdən bir il sonra ödəməyə başlasın və kreditlər ödənərkən bu onun maaşının sadəcə 20 faizini təşkil etsin. Deputata görə, bu şərtlər aztəminatlı ailələrin uşaqlarına da istədikləri fakültədə oxumaq və keyfiyyətli təhsil almaq üçün şərait yaradır. Üstəlik də gəncləri yaxşı oxumağa stimullaşdırar.

«BU GÜN DƏQİQ HEÇ NƏ YOXDUR»

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Lalə Abbasova isə onların əlində təhsil kreditləriylə bağlı qanun layihəsinin olub-olmaması haqda dəqiq heç nə demədi. Bir bunu deyir ki, təhsil kreditləriylə bağlı komitədə zaman-zaman müzakirələr gedir:

«Belə bir fikrimiz, təklifimiz var ki, tələbələrə kredit ayrılsın. Sessiya təzə başlayıb. Bizim komissiya dəqiq hər şeyə baxandan sonra təkliflər olacaq. Ancaq bu gün dəqiq heç nə yoxdur».

Bu gedişlə deyəsən, təhsil kreditləriylə bağlı qanun layihəsi bu il də müzakirə edilməyəcək. Bu qanunu olsa-olsa yeni parlament qəbul edəcək. Təhsil haqda qanun az qala on beş ilə qəbul edildiyi halda görəsən, təhsil kreditləriylə bağlı qanun neçə ilə müzakirəyə çıxarılacaq və qəbul diləcək?..

Şərhləri göstər

XS
SM
MD
LG