Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:46

ATƏT seçki işinə başlayır


Müşahidə missiyasının mətbuat konfransı, 28 sentyabr 2010

Müşahidə missiyasının mətbuat konfransı, 28 sentyabr 2010

ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun Azərbaycan parlamentinə seçkiləri izləyəcək müşahidə missiyası sentyabrın 28-dən fəaliyyətə başlayır.

Bu barədə mətbuat konfransında açıqlama verən missiyanın rəhbəri Audrey Glover bildirdi ki, onları Azərbaycan Xarici İşlər Nazirliyi dəvət edib və artıq nazir Elmar Məmmədyarovla görüşüblər. Xanım Gloverin sözlərinə görə, bu seçkilər Azərbaycanın demokratik seçkilər keçirmək sahəsində öhdəliklərinin ardıcıllığını təşkil edir.

Missiyanın əsas heyətinə daxil olan 16 nəfər 11 ATƏT ölkəsini təmsil edir. Xanım Glover dedi ki, uzunmüddətli müşahidəçi kimi 22 qrup fəaliyyət göstərəcək və onlar təlimat alandan sonra ölkənin müxtəlif regionlarına göndəriləcəklər.

NOYABRIN 3-DƏ QISAMÜDDƏTLİ MÜŞAHİDƏÇİLƏR GƏLƏCƏK

Noyabrın 3-də isə qısamüddətli müşahidəçilər gələcəklər. Audrey Gloverin sözlərinə görə, onlar 400 nəfərə kimi bu tip müşahidəçinin gəlməsi üçün müraciət ediblər:

- Missiyamız bu seçkilərin Kopenhagen öhdəliklərinə uyğunluğunu yoxlayacaq, demokratik seçkilərin yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirəcək, həqiqi siyasi rəqabətin olması, namizədlərə bərabər imkanların yaradılması, görüşlər və yürüşlərin keçirilməsini, mətbuata bərabər çıxış məsələlərinə xüsusi diqqət ayıracaq.

KÜTLƏVİ AKSİYALAR MƏSƏLƏSİ DİQQƏTDƏ SAXLANIR

Hakimiyyətin müxalifətə Bakının mərkəzində mitinqlər üçün yer ayırmamasıyla bağlı sualın cavabında Audrey Glover dedi ki, bu məsələylə bağlı narahatlıqlarını bildiriblər və bunu diqqətdə saxlayırlar.

Audrey Glover
Missiya rəhbəri əvvəlki seçkilərdə irəliləyiş olduğunu, bu irəliləyişlərin budəfəki parlament seçkisində də davam edəcəyinə ümidli olduğunu söylədi:

«Siz hansı irəliləyişləri nəzərdə tutursunuz?» sualının cavabında xanım Glover dedi ki, irəliləyiş deyəndə seçki komissiyalarının işinə müdaxilənin məhdudlaşdırılmasını və barmaqların mürəkkəbə batırılmasını qeyd etmək olar.

«BİZ BURA ARTIQ FORMALAŞMIŞ TƏƏSSÜRATLA GƏLMƏMİŞİK»

- İstərdim vurğulayam ki, biz bura hansısa gizli gündəliklə və ya artıq formalaşmış təəssüratla gəlməmişik. Biz tamamilə tərəfsizik və faktların üzə çıxmasına çalışacağıq.

«Azərbaycanda bir jurnalist və iki bloqqer həbsdədir, o cümlədən müstəqil və müxalif mediaya təzyiqlər olmasıyla bağlı xəbərlər gəlir, bu, seçkinin ədalətli şəraitdə keçməsinə təsir göstərən amildirmi?» sualına xanım Gloverin cavab belə oldu:

- Əlbəttə, biz bu barədə narahatlıq duyuruq. Çünki azad mətbuat demokratik seçkilərin çox vacib komponentini göstərir. Bu məsələ yaxın vaxtda diqqət göstərəcəyimiz məsələlərdən biridir.

Missiya rəhbərinin sözlərinə görə, ATƏT-in əvvəlki müşahidə missiyasının verdiyi tövsiyələrin yerinə yetirilib-yetirilməməyi də araşdırılacaq. Bu araşdırmanın nəticələrini isə öz hesabatlarına salacaqlar.

MÜŞAHİDƏ MİSSİYASININ 3 HESABATI OLACAQ

Noyabrın 7-də keçiriləcək parlament seçkisini müşahidə edəcək missiyanın iki aralıq və bir yekun hesabatı olacaq. Yekun hesabat seçkidən təxminən 8 həftə sonra dərc ediləcək. Seçkidən bir gün sonra isə ilkin hesab açıqlanacaq.

Bu, ATƏT-in Azərbaycanda izləyəcəyi sayca 8-ci seçkidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG