Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:06

Oqtay Qorçu "Xəlvətiyə rəmmalı" (Hekayə)


Məhəmməd Hadiyə

Yek

Yazın yaşıl röyasından ayılandan sonra tacirlik sevdasından yaxasını çəkdi kənara, durna gözlü qızlara da baxmadı, heç kimlə çəkişmədi, küsüb-barışmadı, “Ya mədət!” söyləyib tək-tənha yollandı böyük şəhəri gəzməyə.

Gəldi yetişdi arzuladığı yerə. Üst-başını təzələdi, türk qəhvəsi içdi, masasını seçdi, yazdı-pozdu, hərdən lap çox bezəndə özgə təamlı içkilər axtardı, sulu qəlyan çəkə-çəkə xumarlandı, xumarlana-xumarlana çoxlu kitab oxudu.

Gözləri yorulanda eynəyini çıxarıb yorğun-arğın gəzə-gəzə dincəldi, cameyə baxdı, Çarşı bazarda azıb qaldı, atmacalardan qulaqlarını gizlətdi, amma heç gözəl qadına gözləri sataşmadı, çünki gözləri də gəzmirdi Hacı Əbdülsəlim oğlu Ağaməhəmmədin.

Durna gözlərə baxmadan hər şey elədi. Gözləri doymurdu, rəfiqinin yanında rahat nəfəs ala bildi. Üz-üzə...

- Tofiq bəy, rahatsız etmədim ki?

- Rica edirəm! Hadi əfəndi, buyurun!

Oturdular...

Pənc-yek

Bəlkə də 1879-cu ildən öncəki tarix idi, bəlkə də hər şey bəlli tarixdən üzü bəri hesablanmalıydı, ancaq dəyişməyən bir şey vardı, zamanının seçilən vücud sahibi ruhunu bu tarixə vasil etmişdi.

Hər kitabı oxumayan seyid indi hər səhifəni min bir dəfə oxuyurdu. Gözəl gün başladı.

Qaranlıq hücrənin qapısı doxsan doqquz dəfə açılıb-örtüldü.

Ağ, şəvə saqqalı sinəsinə düşən mürşidin sağında tez-tez yerində qurcuxan, elə hey xoflu adam təki ora-bura boylanan rəmmal oturmuşdu.

Şeyxanə duruşlu doxsan yeddi Allah bəndəsi bardaş qurub bir-birinin gözünün içinə baxa-baxa nə isə pıçıldayırdılar.

Hər gecə ay batanadək bura gəlib beləcə otururdular, baş-başa verib zamandan imama, imamdan zamana şikayət edirdilər. Sonra hava dəyişirdi, tövbə edirdilər, şamın işığı öləziyirdi və rənglər içində rəngsiz üzlər görünürdü, elə bil, burdakılar qeybdən gələnlər idi.

Hər adam içəri qədəm basdığı andan sanki bir ruh tuturdu.

Ətirli meh əsirdi, meh əsdikcə ölüb-dirilirdi bu adamlar. Vücudlar büküləndə, səslər dəyişəndə, ruh quşlarını can qəfəsinə əmanət edənlər öncə darıxırdılar, darıxırdılar ki, doyunca aldansınlar, izzətdən, nəfsdən söz açırdılar, darıxa-darıxa çox danışırdılar, çox aldanırdılar.

Yenə ətirli meh əsməkdə idi, sonra libaslar dəyişirdi.

Diribabaya baş çəkirdilər, onlarla birlikdə hücrədə darıxan xəlvətiyə mürşidiylə məsləhətləşirdilər, onu danışdırırdılar, Seyid Yəhyanın dilindən qopan hər kəlməni eşidəndə süd gölündə üzürdülər və darıxdıqlarından bir-birilərindən ayrılıb tək-tək üz tuturdular rəmmal Məhəmmədə.

Daxmasının qapısı həmişə dostların üzünə açıq olan, öncə müsəlman qardaşına salam verib gözlərindən öpən rəmmal qonağını oturdurdu yanında, hər ilməsi gül-çiçək sığallı, qönçə qoxusu verən balaca xalçasını sərirdi evin ortasına.

Allah qonağının gözü baxa-baxa zərləri cütləyib atırdı, zərlərin dörd üzü də güzgüyə çevrilib parıldayırdı, baxan heç nə soruşmurdu, rəmmal dinməz-söyləməz tamaşa edirdi.

Hər gecə rəmmalın daxmasının qapısı doxsan yeddi dəfə açılıb-örtülürdü. Sonuncu qonağını yola salan kimi rəngi ağarmış rəmmal tələsik yır-yığış edib titrəyə-titrəyə qaçırdı şəhərə.

Təğyiri-libas olan adam həmişə ortalıqda olurdu. Hamının gözü öyrəşmişdi onu görməyə.

Yek-sə

Məhəllə-məhəllə gəzirdi, hər qapını döyüb çağırırdı:

- Rəml atıram! Fala baxıram!

Üzünə qapılar açılırdı, arxasınca qapılar örtülürdü, qapı-qapı gəzirdi ki, hamını tanısın, onu tanısınlar. Hərdən zərlərin aynasını sındırdığı vaxtlar da olurdu, adamlar diksinib qorxa-qorxa soruşurdular:

- Ağa rəmmal yoxsa nəhs gətirdi? Nə göstərirdi?

Rəmmal deyinirdi:

- Lənətə gəlmiş zərləri qarışıq salmışam, götürdüyüm zərlər it sümüyündənmiş. Rüsxət verin, gedim...

Gedib həmən yerdə gözləyirdi, Ay çıxanda tənhalığı güvənci olan rəmmal baş vururdu gecənin zil qaranlığına.

İtirdi, özünü tapırdı, başlayırdı bütün yolları, cığırları ayaqlamağa, söykənirdi qala qapısına, göydəki ulduzları bir-bir sayırdı, yeganə ulduza gözünü dikib onun axmasını gözləyirdi, ulduz axan təki gözləri süzülürdü, ləngimədən daxmasına dönürdü.

Yuxulu-yuxulu libasını soyunurdu, soyunduqca elə bil, dərisini soyurdu, sonra ufuldaya-ufuldaya uzanıb yerdə yatırdı.

Ən gözəl yuxusunu görürdü, yuxuda yenə həmin çapar hüzurunda dayanıb ona padşahın fərmanını oxuyurdu. Rəmmal yuxusunda gülürdü.

Cahar-Yek

Qəbiristanlığın bir küncünə sıxılmış tək məzar vardı. Bu məzarın yazısı göyərmiş başdaşı əyilib torpağın sinəsinə dirənmişdi.

Unudulmuş qəbirin yeganə kimsəsi rəmmal Məhəmməd bu gün də ziyarətə gəlmişdi.

Burda yatan ölü başqa ölülərə bənzəmirdi. Ruhsuz bədən idi, torpağın altında yatırdı, amma torpağı dəlib-keçən səsi həmişə eşidilirdi. Ziyarətçisiylə gözüyumulu saatlarla danışa bilirdi.

Diri adam eşitdiklərindən vəcdə gəldi, qəbirin başına dolandı, bir də danışdırdı, “oxxay!”la ləzzət aldı və qayıtdı geri.

Şeş-yek


Torpaqlı, daşlı, qənbərli yollar dümdüz idi, adamlar ayağının altını görürdü, büdrəyənlərin qolundan tutub qaldırırdılar, yükü ağır olanlar yolun ortasında yükünü atıb qaçmırdı, qarğa-quzğun, siçanlar, çəyirtkələr də gözə dəymirdi, yonulmuş ağ daşdan evlər tikilirdi...

Üçrəngli bayrağın musiqisi könülə, gözə oxşayanda qəfildən aləm qarışdı.

Çərxi-fələk döndü. Dünyanın dəyişən çağı şairlər sinələrinə döyəndə, neft quyuları sağa-sola qızıl səpələyəndə, qəzetlər əl-əl gəzib oxunanda, “can!” deyənlər “qan-qan!” deyəndə, növ-növ şərablar “gəl-gəl!” çağıranda, min bir adam min altı məzhəbə qulluq edəndə, sarı saçlı qadınların yerişinə, duruşuna “bəh-bəh!” söylənəndə bu şəhəri beş barmağı təki tanıyan, söz oynadan xəlvətiyə rəmmalı “Malakan” bağının yanında, çaxır şüşəsi qoltuq cibində dayanıb pencəyini açdı, ağzı bağlı şüşəni Qarayev Əliheydərə göstərib meyxoş, amma zarıncı əhvalla dilləndi:

- Bunu da dükanlardan yığışdırmaq istəyirsən, yoxsa işin elə adam tutmaqdı? Çox iç, Əliheydər! Bax, mən də tapıb içirəm, gərək tamını biləsən ki, yoldaşlarınla da işləmək asan başa gəlsin. Çox iç! Lap çox!

Qarayev qızarıb-bozardı:

- Nə sərsəmləyirsən, yoldaş Hadi! Deyəsən, birinci şüşən deyil, eləmi? Rica edirəm, məndən uzaq durasan! Haydı! Yeri! Puff !

Şaqqanaq çəkdi:

- İstəyirəm ki, başın səlamət olsun, sənə düz yol göstərirəm, Əliheydər! Yoldaşlarla ayaqlaşmağın çarəsi hər gün çaxır içməkdi. Bu gözəl təamı qaçırma, bolşevik yoldaş!

Sözünü bitirib aralandı və ötüb-keçən qırmızı ulduzlu papaqlı əsgərlərə, divara sıxılan çarşablı qadınlara, köynəkləri cırılmış bayrağa bənzəyən kişilərə baxa-baxa günün günorta çağı birdən öz adını unutdu.

Udqundu, neçə-neçə ad sadaladı, döyükə-döyükə vurnuxdu, şəhəri tanıdı, amma uzun-uzadı fikirləşsə də adını xatırlaya bilmədi. Başladı veyil-veyil şəhərin küçələrini gəzməyə.

Cibindəki butulkanın içindəkinin çaxır olduğunu da bilirdi. Hələ yadına düşdü ki, xudmani, xəlvət bir yer də axtarıb tapmalıdı.

Gəlib şəhər kənarındakı xarabalıqda daldalandı, elə şüşənin başını təzəcə açmışdı ki, atışma səsləri eşidildi. Uçuq divardan boylanıb baxdı, yaxınlıqda ev yox idi, qonşuların qan davası deyildi bu, yad ordunun torpaq davasıydı.

Çaxır şüşəsini başına çəkib dibini qurudandan sonra əyilə-əyilə xarabalıqdan çıxdı.

Paltarı sökülüb-tökülən yolçu yaxınlıqdakı çalanın suyunda çapalayan qarışqanı gördü.

Qarışqanı götürmək istədi, sonra yadına nə düşdüsə sağ cibindən zərləri çıxarıb barmaqlarının arasında cütlədi, oturub rəml atdı, zərlərin ağ-qara güzgüsündə qarışqanın taleyini gördü, bir il suyun altında qalan qarışqa çalanın sahilinə çıxmaq üçün hələ də çapalayırdı.

Bir il idi ki, qara qarışqa suda beləcə hər gün batıb-çıxırdı.

Şəhadət barmağıyla qarışqanı götürüb qoydu torpağın üstünə, ayaqları torpağa dəyəndə azca vurnuxdu və nəfəsini dərmədən yerindən götürülüb tez gözdən itdi.

Məhəmməd yoluna davam elədi. Yoruldu, tərlədi, ayıldı məstlikdən, əlini cibinə salıb dəsmalını axtardı, tapanda sevindi, yadına zəncirbənd düşmüşdü axı, rəmmal da gərək bəxtinə yazılanları öyrənə.

Diribaba pirindəki ziyarətçi kirli yaylığını cibindən çıxarıb dartışdıra-dartışdıra eninə açdı, atdı tavandan asılan zəncirə.

Zəncirə dolanan dəsmalı elə bil, qılınc kəsdi, ikiyə bölünmüş yaylığın tən yarısını tulladı rəmmalın üstünə, kirli dəsmalın parası zəncirə dolanıb yelləndi. Bığını tumarladı, gözləri güldü, dedi:

- Belə yaxşıdı, Diribaba. Nə səndədi, nə məndə...

Bir zər sağda, bir zər solda

Geri çəkilib çölə çıxdı. Həmin gündən bəxti açıldı xəlvətiyə rəmmalının.

Balıqların uçduğu, göyərçinlərin ceyranları parçaladığı, qurdların yol göstərdiyi, atların qanadlanıb göy üzündə balaladığı zamanda padşahın sarayına çağırıldı. İstanbula, Salonikiyə, Bakıya, Gəncəyə, Şamaxıya baş rəmmal təyin elədilər onu.

Bu yerlərin xəracı da Məhəmmədə bağışlandı. Sevindiyindən bir yerdə qərar tuta bilmirdi. “Amali-Vicdan” sahibi kəşkülünü atdı çiyninə, təntiyə-təntiyə özünü çatdırdı Sarıtorpaq məhəlləsindəki bir evə, tanıdığı taxta qapını taqqıldadıb çağırdı:

- Rəml atıram! Fala baxıram!

Qara örpəkli, yaşmaqlı zənən tut ağacının altına çağırdı onu, oturdular. Ağlar səslə dedi:

- İtkinim var, ağa rəmmal.

Zülüm-zülüm ağlayanın göz yaşlarını görməsin deyə başını aşağı əyib qaşqabağını tökdü, balaca xalçasını açıb sərdi, zərlərə üfürüb atdı:

- Bax! Nə görürsən?

Qadın bir cüt zərin güzgüsünə baxanda diksindi. Kölgəsində oturduğu xar tutun altında onun qarşısında şair qardaşı Hadi əyləşmişdi. Göz-gözə, bir-birilərinə baxırdılar, bədəni uçundu, duruxub birdən nalə çəkdi:

- Məhəmməd, burdasan?!

Başını qaldırdı, rəmmal qeyb olmuşdu...

4-5 iyul, 2010, Bakı
"Mediaforum"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG