Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:05

Amerikanın müharibə planlarını açan kitab çap olundu


Bob Woodward
Bob Woodward
Obama Amerika prezidenti seçiləndən sonra məmurlarla keçirdiyi ilk görüşlərdən anlayıb ki, sən demə Amerika qoşunları 8 ildir Əfqanıstanda döyüşsə də, onların strategiyası, çatmaq istədikləri məqsəd bəlli deyil.

Bunu “Obamanın müharibələri” kitabında jurnalist və siyasi tarixçi Bob Vudvord yazır. Kitab sentyabrın 27-də satışa çıxarılıb.

Kitabda qeyd edilir ki, Obamanın Əfqanıstanla bağlı qərar verməsi çox çətin olub.

Prezident Əfqanıstandakı müharibənin davam etdirilməsini vacib saysa da, bu müharibənin strategiyasını müəyyən etmək prosesi onun komandasını – müşavirlərini də, baş qərargahdakı generalları da, Əfqanıstandakı komandirləri də iki “cəbhəyə” bölübmüş.

Yaxşı seçim imkanları elə az olub ki,

PREZİDENTİN ÖZÜ MƏSƏLƏNİN DETALLARINA BAŞ VURMALI OLUB

Nəhayət Buşun İraqda tətbiq etdiyi və orada müvəqqəti sabitliyə aparıb çıxarmış “Surge” planı əsasında – həmin planın yeni variantı ortaya çıxıb.

Vudvord kitabı yazarkən ciddi informasiya mənbələrindən istifadə edib. Onun yüksək vəzifəli məmurlarla əlaqələri var.

Bundan başqa o sənədlərdən də yararlanıb.

Kitabda o da qeyd edilir ki, Əl-Qaidə terror təşkilatı Amerikada yeni terror aktları törətmək cəhdlərini davam etdirir.

Amerikaya vizasız girmək izni olan 35 ölkənin vətəndaşlarını öz şəbəkəsinə qoşmaq istiqamətində iş aparır.

Obamaya hətta məlumat verilib ki, Amerika, Kanada və Avropa vətəndaşlığı olan 20-cən şəxs Pakistanda Əl-Qaidə düşərgələrində təlim keçib.

KİTABDA AMERİKA ÜÇÜN BAŞQA TƏHLÜKƏLƏRDƏN DƏ DANIŞILIR

Prezident seçiləndən sonra Obamaya məlum olub ki, Yəməndə və Somalidə artan əl-Qaidə təhlükəsini önləmək üçün Amerikanın heç bir planı yoxdur, İrana mümkün hücum planı isə prezident Karter dövründən qalmadır.

Həmin plana görə, İran 90 gün bombalanandan sonra, ora 2-ci dünya müharibəsində müttəfiq qoşunlarının dənizdən Normandiyaya çıxması üslubunda hərbi qüvvə daxil olmalıdır.

Özü də planda nəzərdə tutulan hərbi qüvvənin sayı Amerika ordusunun hazırkı sayından artıq nəzərdə tutulub.

O da məlum olub ki, nüvə silahı olan Pakistanın süqutu halında Amerikanın hər hansı hərbi cavab planı yoxdur. Bunun əvəzində Amerikada 11 sentyabr sayağı daha bir terrorun törədiləcəyi halda ABŞ-ın “qisas planı” mövcuddur.

Bu, Əl-Qaidənin Pakistandakı 100-dən çox təlim düşərgəsini məhv etmək üçün bomba və raket hücumu nəzərdə tutur.

Amma həmin halda mülki əhali arasında yəqin ki çoxlu sayda qurbanlar olacaq.

Kitabdan çıxan nəticəyə görə, Buş administrasiyası aqressiv və “dava-dava deyən” kimi görünsə də, əslində, müharibə planlaması sahəsinə ciddi fikir verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG