Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

Azərbaycan siyasətçiləri kimin romanlarını oxuyurlar?


Elif Şafak
Elif Şafak
Tanınmış türk yazıçısı Elif Şafakın bu yaxınlarda “Habertürk” elektron qəzetində çıxan "Siyasi liderlərimiz roman oxuyurmu?” məqaləsini "Oxu zalı" da dərc etmişdi. "Alma" qəzetindəki həmkarlarımız həmin məqalədən sonra Azərbaycan siyasətçilərinin də roman zövqünü öyrənməyə çalışıblar.


İqbal Ağazadə: “Kitabların, əsərlərin təbliğini düzgün saymıram”

Ümid Partiyasının sədri İqbal Ağazadə gənc yazarların bir qisminin əsərlərini oxuyur:

“Son oxuduğum kitablar Fəxri Uğurlunun hekayələri, Rafiq Həsənin “Sevgi Qapısı”dır.

“Ən Yeni Ədəbiyyat” seriyasından Günel Mövludun, Sevinc Pərvanənin, Aqşin Yeniseyin, Rasim Qaracanın kitablarından xəbərim var. Kitabların təbliğinə gəlincə isə onu deyim ki, bu bir az zövq məsələsidir.

Bunların arasında bir dövrlə bağlı olan “Böyük dayaq” əsərini göstərmək istəyirəm. Həmin əsərdəki Rüstəm obrazı şəxsiyyətpərəst bir obraz idi və Stalin dövrünün pislənməsi üçün Stalinin ölümündən sonra çəkilib.

Əsərin sonunda heç kimi saymayan bu obrazın məğlub olması Stalinizmin məğlubiyyətini göstərir.

Ağa Laçınlının “Gözünlə barışaram, özünlə barışmaram” adlı bir şeiri var idi. Bu şeiri nihilist fikirlərinə görə sovet zamanı qadağan etmişdilər.

İqbal Ağazadə
Sovet vaxtı bəzən elə olurdu ki, müəllifin mənfi obraz kimi canlandırdığı personajlar cəmiyyət tərəfindən heç də mənfi qarşılanmır. Misal üçün, “Axırıncı Aşırım” filmindəki Kərbəlayi obrazı mənfi obraz kimi göstərilib.

Ancaq cəmiyyətimizin böyük bir hissəsi bu personajı heç də mənfi obraz kimi qəbul eləmir.

Ona görə kitabların, əsərlərin təbliğini düzgün saymıram. Bu zövq məsələsidir və insanların ixtiyarına buraxılmalıdır”.


Aydın Mirzəzadə: “Düşünmürəm ki, cəmiyyətimiz kitab oxumağına görə Avropa cəmiyyətlərindən geridə qalır”

Yeni Azərbaycan Partiyasının funksioneri Aydın Mirzəzadə klassik romanlara üstünlük verir, amma bununla yanaşı, müasir romanları da oxuyur:

“Türkiyənin tanınmış yazarı Orxan Pamukun “Mənim adım qırmızı” kitabını oxuyub bəyənmişəm.

Bu kitabın süjet xətti və üslubu bizim oxuculara bir az yad olsa da, oxumağa dəyər. Azərbaycandan isə gənc yazarların kitabları qarşıma çıxmayıb. Kitab mağazalarına getdiyim zaman rast gəlməmişəm.

Kitab mağazalarında gördüyüm maraqlı kitabların çoxunu almağa çalışıram. Azərbaycanın tarixi ilə, dövlətçiliyi ilə bağlı olan kitablar çox önəmlidir.

Zənnimcə, bu cür kitabları təbliğ etməyə dəyər. İnsan hüquq və azadlıqlarına önəm verən dəyərlərin təbliğinin yer aldığı kitablar da bir o qədər vacibdir.

Çoxları elə fikirləşir ki, Azərbaycan cəmiyyətinin kitaba marağı azdır və ya bizim cəmiyyətin intellekt səviyyəsi Avropa cəmiyyətlərindən aşağıdır. Bu cür fikirlərlə qətiyyən razı deyiləm.

Aydın Mirzəzadə
Düşünmürəm ki, cəmiyyətimiz kitab oxumağına görə Avropa cəmiyyətlərindən geridə qalır. Belə hesab edirəm ki, xalqımız kitaba və elmə dəyər verən xalqdır”.


Fazil Mustafa: “Kitab oxumağa hər zaman vaxt ayırmağa çalışmışam”

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa roman janrında kitablara üstünlük verməsə də, bu janrda olan müxtəlif kitabları oxuyur:

““Ən Yeni Ədəbiyyat” seriyası ilə çıxan kitablardan Aqşin Yeniseyin “Cənnətdə Terror Aksiyası” və Sevinc Pərvanənin roman janrında olan “Şəhər” kitablarını oxumuşam. Aqşinin kitabını daha çox bəyənirəm.

Düşünürəm ki, bu kimi əsərlər yazıldıqca, cəmiyyətdəki müxtəlif problemlərin həllinə də yardımçı olacaqlar.

Oxuduğum kitablar əsasən araşdırma janrında olub və müxtəlif ölkə yazarlarının qələmindən çıxıb.

Misal üçün, bunların arasında din alimi Əli Şəriətinin kitabları da var, rusiyalı siyasi təhlilçi olan Duginin də.

Ancaq ümumilikdə mütaliə etdiyim kitabların arasında siyasi mövzudan olanlar üstünlük təşkil edir.
Azərbaycan cəmiyyətində olan problemlərin bir çoxu məhz elmlə, kitabla bağlıdır.

Orta məktəblərimizdə oxuyan şagirdlərin arasında ali məktəbə hazırlaşanlar istisna olmaqla, mütaliələri yox səviyyəsindədir.

Hərbi hissələrimizdə nəinki kitab oxumayan, hətta öz adlarını çətinliklə yazan əsgərlərimiz də var. Bu problemi həll etmək üçün maarifləndirməyə, məktəbdən yox, elə baxça yaşlarından başlamaq lazımdır.

Azərbaycanda kitab çapı işinin problemi çoxdur.

Bu gün çapdan çıxan kitabların böyük əksəriyyəti yaxşı halda 1000 tirajla çıxır. Kitabların bu qədər az tirajla çap olunaraq cəmiyyətə mesajlar verib, problem həll etməsi ağlabatan deyil.

Həm də Azərbaycan nəşriyyatlarında çap olunan kitabların texniki keyfiyyəti də çox zəifdir.

Rusiya nəşriyyatlarının çap etdiyi bir kitabla, bizim nəşriyyatların çap etdiyi kitabları müqayisəyə belə gətirmək olmaz. Kitabın keyfiyyətli çapı və texniki keyfiyyət məsələsi kitabın oxunmasında ciddi nüansdır.

Zahid Oruc
Ancaq təəssüflər olsun ki, bizim nəşriyyatlarda çapdan çıxan kitablar texniki keyfiyyətlərinə görə orta keyfiyyət göstəricisindən də geri qalır”.


Zahid Oruc: “Klassik romanları daha çox oxuyuram”

Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc da klassik romanları daha çox oxuduğunu deyir:

“ Kitab oxumaqla daim məşğul olsam da, kitabları reklam etməyi, adlarını çəkməyi sevmirəm. Oxuduğum kitabların içərisində hər cür düşüncəyə yaxın olanı tapmaq olar.

İnternet vasitəsi ilə gənclərimizin düşüncələrini öyrənməyə çalışıram, eyni zamanda yeni yazı və hekayələri də izləyirəm.

Bunların arasında hətta postmodernizm düşüncəsinə yaxın olan və o düşüncəni təbliğ edənləri də var.

Bu kitablar nəsillər arası qarşıdurmanı və yaşlı nəsillə gənc nəslin uzlaşma problemini göstərir.

Azadlıqdan bəhs edən romanları da oxuyuram. Bunların hamısı yazarların poetik fikirlərinin məhsuludur.

Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin son zamanlar yazdığı elmi məqalələrin nəticəsi olaraq ciddi kitabların yazıldığını da müşahidə etmək olar.

Bu məqalələrdən və çağırışdan sonra kitab sahəsində ciddi və keyfiyyətli artımın hiss olunduğu danılmazdır”.

Hazırladı: Tural Qurbanlı
"Alma" qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG