Keçid linkləri

Bakıdakı 53 nömrəli orta məktəbdə hərbi fənni tədris edən Rövşən İsmayılov AzadlıqRadiosunun “Qaynar xətti”nə şikayət edib ki, onu haqsız yerə işdən çıxarıblar. Rövşən İsmayılov deyir ki, məktəbin hazırkı direktoru Firəngiz Həsənova hələ 2005-ci ildən – yəni məktəbə yenicə direktor təyin olunduğu vaxtdan onu yola vermirmiş:

“MƏKTƏBDƏ ÖZBAŞINALIQ HÖKM SÜRÜRDÜ”

“Səbəb bircə bu oldu ki, mən səninlə işləmək istəmirəm. Elə başa düşdüm ki, yeni gəlib, kadrları öz adamları ilə əvəz etmək istəyir. Dedim mənim üçün problem deyil, əgər siz işləmək istəmirsinizsə, siz gedin, mən niyə gedim ki? Bu söhbətin üstündən 1 il keçdi, 1 il müddətində məktəbdə ab-hava tamam dəyişdi, özbaşınalıq hökm sürürdü. Bir müddət sonra isə bir də baxdım ki, mənim jurnaldakı səhifələrim cırılır, mənim yazdığım qiymətlər qalır bir kənara, o səhifələri cırırlar, özləri qiymət yazırlar, mən artıq dözə bilmədim, Təhsil Nazirliyinə və prokurorluğa şikayət etdim. 2010-cu ildə - yəni bu tədris ilində fənni mənimsəməyən, “2” alan 11-ci sinif şagirdlərinə, hansı ki, mən onların üzünü məktəbdə görmürdüm, dedi ki, bu uşaqlara qiymət yazacaqsan. Dedim niyə, dedi ki, bunlardan biri Prezident Aparatında işləyən adamın uşağıdır, o biri filankəsdir, belə bəhanələr gətirdi. Sonra gördüm ki, mənim o uşaqlara yazdığım “2”-lər qalıb kənarda, o uşaqlara kafi qiymətlər yazılıb”.

“HARA ŞİKAYƏT EDİRDİMSƏ, ÖZÜMÜ GÜNAHKAR ÇIXARIRDILAR”


Rövşən İsmayılov deyir ki, indiyə qədər hara şikayət edibsə özünü günahkar çıxarıblar:

“İnanın ki, mənim başıma elə bir oyun açdılar ki, mən qaldım belə ki, daha bu ölkədə haqq öz yerini tapmır və çəkildim. Yəni hara şikayət edirdimsə, mənim üstümə düşürdülər, şikayət edirdim, gəlirdilər deyirdilər, o direktordur, sən barışığa getməlisən. Direktor da hara çatırdısa, deyirdi sən mənə bata bilməzsən”.

Rövşən İsmayılov hüquqlarını bərpa etmək üçün məhkəməyə də müraciət edib. Ancaq məhkəmə də onun işə bərpa iddiasını təmin etməyib:

“Yasamal rayon Məhkəməsi bütün sənədləri aldı, hakim proses boyu dedi, bəli, direktor haqsızlıq edib, ancaq axırda mənim iddiamı təmin etmədi”.

“MƏN DƏ ONU HƏMİN MADDƏ İLƏ QOVDUM”


Məktəbin direktoru Firəngiz Həsənova keçmiş işçisinin dedikləri ilə razılaşmır:

“Nöqsanı varsa, istər-istəməz özünü müdafiə edəcək. 2005-ci ilin fevral ayında 53 saylı məktəbə direktor təyin olunmuşam. Bu adamsa məndən bir ay əvvəl əmək kitabçasız işə daxil olub. 6 ilə yaxındır mən bu adamdan əmək kitabçası tələb edirəm, təqdim etmir. Mən şübhələndim və müvafiq yerlərə sorğu göndərdim ki, görüm ki, əvvəlki yerlərdə necə işləyib. Öyrənə-öyrənə məlum oldu ki, bizim məktəbdən əvvəl Avropa liseyində işləyib və həmin liseydən Əmək Məcəlləsinin 70c maddəsi ilə qovulub. Mən də onu həmin maddə ilə qovdum”.

Məktəb direktoru deyir ki, müəllimi ona görə işdən qovub ki, müəllim məktəbdə oxuyan bir şagirddən rüşvət istəyib.

“MƏHKƏMƏLƏRDƏ QƏTNAMƏLƏR SİFARİŞLƏ ÇIXIR”

Rövşən İsmayılov da deyir ki, onu işdən çıxarmaq üçün üstünə belə bir böhtan ayıblar. Ancaq Yasamal rayon Polis İdarəsində araşdırma aparılıb və rüşvət alma şikayəti sübuta yetirilmədiyinə görə işə xitam verilib.

Firəngiz Həsənovanın sözlərinə görə, Rövşən İsmayılovun işə bərpa iddiasına məhkəmə öz qiymətini verib. O, yaxşı müəllim olsaydı məhkəmə onu işinə bərpa edərdi.

Rövşən İsmayılovsa deyir ki, iddiasının təmin olunmayacağını əvvəldən bilirdi. O, bunu belə əsaslandırdı ki, Azərbaycan məhkəmələrində qətnamələr sifarişlə çıxır. Ancaq keçmiş müəllim üçün ən əsası sona kimi getməkdir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG