Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20
Yaxın vaxtlarda Milli Kitab Mükafatı(MKM) ilə bağlı yeni müsabiqəyə başlanılacaq. Mükafatın təsisçisi “Əli və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərlinin sözlərinə görə, bu il müsabiqədə bir sıra yeniliklər gözlənilir. N.Köçərli “525”ə müsahibəsində müsabiqənin nə zaman elan olunacağından, gözlənilən yeniliklərdən danışıb.

– Nigar xanım, Milli Kitab Mükafatı ilə bağlı yeni müsabiqəyə nə vaxt start veriləcək?

– Biz ötən il elan etmişdik ki, bu tədbir hər il keçiriləcək. Müsabiqəyə ötən il noyabrda başladıq və may ayında mükafatlandırma tədbiri oldu. Bu il də çox güman ki, eyni vaxtda başlayacağıq.

Oktyabrın sonunda, noyabrın əvvəllərində mükafatla bağlı mətbuat konfransı keçiriləcək və yeni məlumatlar verəcəyik. Yəqin ki, bu il də mayın 1-də qaliblərin adlarını elan edəcəyik.

– Bu il Milli Kitab Mükafatı ilə bağlı nə kimi yeniliklər olacaq?

– Hesab edirəm ki, hər bir işdə ildən inkişaf olmalıdır. İnkişafın əsas göstəricisi isə yeniliklərin tətbiqidir. Bu il bəzi yeniliklər olacaq. Birincisi, nizamnamədə və mükafatın şərtlərində bəzi yeniliklər nəzərdə tutmuşuq.

Ötən il qayda belə idi ki, bütün namizədlər öz əsərlərini elektron ünvana göndərirdilər. Amma bu il regionlar üçün ilk dəfə olaraq biz belə şərt qoyacağıq ki, onlar əsərlərini əlyazma şəklində mükafata təqdim etsinlər.

Çünki regionlarda internet imkanları məhduddur, yazarların elektron ünvanları yoxdur. Ona görə onlara yardım üçün biz əlyazma şəklində əsərlərini qəbul edəcəyik. İkincisi, ötən il üç qalibimiz oldu.

Həmçinin Gənclər və İdman Nazirliyi, “1nyus” xəbər saytı da əlavə olaraq öz mükafatlarını təqdim etdilər. Bu il də əlavə nominasiyalar olacaq.

Qeyd edim ki, beyənlxalq təşkilatlar, xarici ölkə səfirlikləri bu tədbiri çox böyük maraqla izləyirlər. Çünki Azərbaycanda ilk dəfədir ki, belə böyük və maraqlı layihə həyata keçirilir.

Bu il ABŞ səfirliyi ilə razılığa gəlmişik ki, səfirlik ingilis dilindən Azərbaycan dilinə ən yaxşı ədəbi tərcümə üçün min manat məbləğində mükafat ayırsın.

Ola bilsin, poeziya üçün də əlavə mükafat olsun. Hazırda bu məsələ ilə bağlı Təşkilat Komitəsi qərar vermək ərəfəsindədir.

Əlavə vətənpərvərlik ruhunda yazılmış bir əsərə görə də mükafat olacaq. Böyük beynəlxalq təşkilat tərəfindən bu mükafat veriləcək. Münsiflərin sayında da yeniliklər olacaq.

Mən çox istəyirəm ki, münsiflərin sayı bu il 12 deyil, 21 nəfər olsun. Ötən il olduğu kimi bu il də nüfuzlu və hörmətli insanları münsiflər heyətinə daxil edəcəyik.

– Qeyd etdiniz ki, bu tədbirə ictimaiyyətin, beyənlxalq qurumların marağı getdikcə artır. Bu maraq sizi təmin edirmi?

– Əlbəttə, bu, bizim gözləntilərimizdən daha çox oldu. Mükafat 7-8 ay ərzində həyata keçirildi və ilin ən səs-küylü, iri layihəsinə çevrildi.

Mükafatla bağlı 400-dən artıq məqalə, müsahibələr dərc olundu, həm mərkəzi, həm regional kanallarda verilişlər, müzakirələr yayımlandı. Azərbaycanda elə bir qəzet olmadı ki, bu mükafatla bağlı yazı yazmasın.

“525-ci qəzet” bizə böyük dəstək verdi. Sizin qəzetiniz vasitəsilə bütün media nümayəndələrinə çox sağ olun demək istəyirəm. Doğrudan da bizə dəstək böyük oldu. Məncə bu cür layihələr həm media, həm də ictimaiyyət tərəfindən müzakirə olunmalıdır.

Hər kəs layihəyə qatılmalıdır. Həmişə demişəm ki, ədəbiyyat daim gündəmdə olmalıdır.

Şou biznes də olmalıdır. Amma ədəbiyyatın cəmiyyətdə çox önəmli və böyük yeri var.

Yazıçılıq çox nüfuzlu və dəyərli işdir. Amma çox təəssüf olsun ki, son illər bu sahənin nüfuzu azalıb.

İstəyirəm ki, bu layihələrlə yenidən bizim yazıçılarımız, onların əsərləri gündəmə gəlsin, onlar televiziya ekranlarına, qəzetlərə gəlsinlər. Yaradıcı insanların xalqa, insanlara öz sözləri var və onlar meydana çıxıb sözlərini deməlidirlər.

Milli Kitab Mükafatı
Düşünürəm ki, bu proses artıq başlanıb. Ədəbiyyat dünyasında bir canlanma hiss olunmaqdadır

– Bəs bu yöndə başqa belə təşəbbüslər varmı?


– Bu cür müxtəlif layihələr olmalıdır. Hər ölkənin ən azı 5-6 çox nüfuzlu mükafatları olur. Çox istəyirəm ki, gələcəkdə bu cür layihələr daha da artsın. Kitabla, ədəbiyyatla bağlı layihələr mütləq olmalıdır.

Biz 2-3 həftədən sonra yeni layihəyə start verəcəyik. “Azərcell” şirkətinin dəstəyi ilə “Buk klab” (Kitab klubu) layihəsini gerçəkləşdirəcəyik.

Mahiyyət isə budur ki, biz 120 gənc oxucunu layihəyə cəlb edəcəyik və onlar 4 ay ərzinə hər bazar günü yığışacaqlar, biz onlara pulsuz kitablar paylayacağıq, onlar kitabları oxuyub müzakirə edəcəklər.

Burda söhbət yalnız və yalnız müasir Azərbaycan ədəbiyyatından gedir.

Gənclərin müzakirələr aparması, ədəbiyyatdan, yazıçılardan danışması həm oxucular, həm də yazıçılar üçün çox gözəl bir motivasiya olacaq.

Oxucular yeni kitablar əldə edəcəklər, yazıçılar isə yeni əsərlər yaradacaqlar.

Yeni layihələr gələcəkdə də həyata keçiriləcək. “Əli və Nino”nun əsas məqsədi Azərbaycan ədəbiyyatını və yazıçılarını təbliğ etməkdir.

– Bayaq MKM-nın yeni nominasiyası kimi tərcümə ədəbiyyatını vurğuladınız. Ümumiyyətlə, bu gün oxucuları ədəbi tərcümələr, demək olar, razı salmır. Sizin səylərinizin bu sahənin inkişafına nə kimi təsiri ola bilər?

– Mən istəyirəm ki, dünya ədəbiyyatı nümunələri hökmən Azərbaycan dilinə tərcümə olunsun.

O zaman Azərbaycan oxucusunun imkanı olacaq ki, xarici ədəbiyyat nümunələrini öz dilində oxusun. Bu gün Azərbaycan çalışır ki, dünyaya, beynəlxalq cəmiyyətə inteqrasiya olunsun.

Bu mənada ədəbiyyat sahəsində inteqrasiya da vacibdir. Mütləq ingilis, fransız və başqa dillərdə olan nümunələr tərcümə olunmalıdır. Düzdür, tərcümələrlə bağlı oxucularda çox şikayətlər var.

Birincisi, tərcümələrin sayı çox azdır, tərcümə olunmuş nümunələrin isə səviyyəsi aşağıdır. Amma yəqin ki, addım-addım bu sahədə də inkişaf olacaq və çox gözəl tərcümələr yaranacaq.

Sovet vaxtı belə məktəblər var idi. Əminəm ki, indi də tərcümə məktəbləri yaranacaq.

Tərcüməçinin işi də çətindir və onlara bu işdə böyük dəstək lazımdır. Bizim nəşriyyatımız Amerika səfiriyi ilə müqavilə imzalayıb.

Onların maliyyə dəstəyi ilə iki kitab tərcümə olunacaq. Bunlar Xaled Hoseynin “The kiterunner” və Qreq Morpensonun “Three kap sof tea” kitabıdır.

Milli Kitab Mükafatının ilk qalibi Elxan Qaraqan
Bu kitabların Amerikada neçə illərdir çox yüksək satışı var və Birləşmiş Ştatlarda çox populyardır. Altı ay ərzində biz onları tərcümə edəcəyik və sonra çap olunacaq.

Əsərlər həm kitabxanalarda, həm də kitab mağazalarında olacaq. Buna görə səfirliyə minnətdaram.

Biz iki gün əvvəl “Qanun” nəşriyyatında çap olunan Filip Moronun “Geopolitikaya giriş” kitabının təqdimatını keçirdik. Buna Fransa səfirliyi sponsorluq edib. Çalışırıq ki, belə tərcümələr çox olsun, çünki bunlar bizə lazımdır.

– Nigar xanım, bu il MKM-nın sponsorları hansı təşkilatlar olacaq?


– Ötən il “Azercsell”, “Qarant” sığorta şirkəti və “Azərsun Holdinq” bizə sponsurluq etdi.

Güman ki, bu il də həmin sponsorlar qalacaq. Amma mən istərdim ki, sponsorlar artsın.

Milli Kitab Mükafatı əyalətlə Bakı ədəbi mühiti, müxtəlif ədəbiyyat nümunələri ilə insanlar, kitab və cəmiyyət, orta yaşlı və gənc yazarlar arasında bir körpüdür. Eyni zamanda bu, böyük biznes qurumları ilə ədəbiyyat arasında bir körpü rolunu oynayır.

Mən çox istərdim ki, böyük şirkətlər bu cür layihələrə mütləq dəstək versinlər.

Düzdür, artıq bu dəstəyi verirlər, üç şirkətin adını çəkdim və onların bu tədbirlərin baş tutmasında böyük rolu olub. Burda tək maliyyədən söhbət getmir. Ümumiyyətlə, bu qurumların dəstəyi təqdir olunmalıdır.

Onların bu cür layihələrə, ədəbiyyata dəstək vermələrinə dair mesajları çox vacibdir. İstərdim sponsorların sayı artsın ki, biz də mükafatın büdcəsini daha da artıra bilək.

Yazıçılarımıza daha böyük mükafatlar verək. Qısa zamanda sponsorların adlarını açıqlayacağıq.

– Yeri gəlmişkən, ötən il mükafatların təqdimatından sonra müxtəlif fikirlər, narazılıqlar oldu. Bu il əgər həm münsiflərin, həm nominasiyaların sayı artırılırsa, deməli, müxtəlif fikirlər, yanaşmalar da olacaq....

– Bu cür narazılıqların qarşısını almaq mümkün deyil. Bu bir müsabiqədir. Əlbəttə, müsabiqədə qalib gələnlər də, uduzanlar da var.

Amma hər kəs başa düşməlidir ki, bu yarışa qatılmaq artıq qalib gəlməkdir. Çünki burda söhbət ədəbiyyatdan gedir, idman yarışından yox.

Biz başa düşməliyik ki, ədəbiyyatımız inkişaf etməlidir, bu cür müsabiqədə iştirak qalib gəlib gəlməməkdən asılı olmayaraq ,önəmli bir haldır.

Bu il də narazıların olması təbiidir. Ötən il 265 əsər təqdim olundu, 3 qalib seçildi. Hamını müsabiqədə iştiraka dəvət edirəm, uduzanlar isə inciməsinlər.

Bu layihəyə mütləq əsərlərini təqdim etsinlər.

– Ötənilki qaliblər bu il layihədə iştirak edə biləcəklər?

– Bəli, qaliblər iştirak edə bilərlər, amma təbii başqa əsər təqdim etməlidirlər.

"525-ci qəzet"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG