Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:59

AXCP Müsavatla birləşməyə qərar verdi


Qurultay Bakıdakı «Təbriz» kinoteatrında keçirildi

Qurultay Bakıdakı «Təbriz» kinoteatrında keçirildi

Sentyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Müsavat Partiyası ilə birləşmək haqqında qərar qəbul edilib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli AzadlıqRadiosuna bildirib ki, «indi hər şey Müsavatın iradəsinə bağlıdır. Biz faktiki olaraq öz qərarımızı təsdiq etdik. Yəqin ki, qarşı tərəf bu məsələyə parlament seçkilərindən sonra baxacaq».

Qurultayda Ali Məclisin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının tərkibi müəyyənləşib. Dağlıq Qarabağ münaqişəsi, parlament seçkiləri, sosial-iqtisadi vəziyyət, insan haqları və media azadlığı problemləri ilə bağlı qətnamələr də qəbul olunub.

ƏLİ KƏRİMLİ YENİDƏN AXCP SƏDRİ SEÇİLİB


Əli Kərimli yenidən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri seçilib.

Sentyabrın 25-i Bakıda «Təbriz» kinoteatrında keçirilən qurultayın nümayəndələri Əli Kərimliyə yekdilliklə səs veriblər.

Əli Kərimli 1965-ci il aprelin 28-də Saatlı rayonunun Azadkənd kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.

Ailəlidir, iki övladı var.

Əli Kərimli
«HÖKUMƏTİN MƏQSƏDİ MÜXALİFƏTİ SIRADAN ÇIXARTMAQ İDİ»

«Azərbaycan hökuməti qarşısına məqsəd qoymuşdu ki, ölkənin real müxalifət qüvvələrini sıradan çıxartsın. Bu, bir təsadüf deyildi, ayrı-ayrı məmurların özbaşınalığı, Azərbaycandakı hüquq sisteminin yarıtmazlığı deyildi, bu, İlham Əliyev başda olmaqla Azərbaycan hökumətinin məqsədyönlü proqram vəzifəsi idi».

Bunu sentyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın 5-ci (AXC-nin 8-ci) qurultayında hesabat verərkən dedi.

Qurultay Bakıdakı «Təbriz» kinoteatrında keçirildi. Ora qonaqlarla birgə 500-dən çox şəxs gəlmişdi. Qonaqların arasında Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və diplomatik korpusların nümayəndələri də var idi.

AĞIR ŞƏRTLƏR ALTINDA…


Ə. Kərimli çıxışında həmçinin qeyd etdi ki, partiya 2005-ci ilin parlament seçkilərindən bəri qurultay keçirə, fəaliyyəti ilə bağlı hesabat təqdim edə bilməyib:

«AXCP-nin qurultayı bizdən asılı olmayan səbəbdən xeyli yubanıb. Biz Ədliyyə Nazirliyinə də müraciət etmişik ki, qurultayın vaxtında keçirilməsinə şərait yaradılmır. Bir neçə il ərzində
«Çoxsaylı həbslərə, təzyiqlərə baxmayaraq, AXCP öz fəaliyyətini davam etdirir»
rayon konfranslarının keçirilməsinə mane olunub. Bu qurultay çox ağır şərtlər altında hazırlanıb».

Ə. Kərimli bildirdi ki, çoxsaylı həbslərə, təzyiqlərə baxmayaraq, AXCP öz fəaliyyətini bu gün də çox inamla davam etdirir. O qeyd etdi ki, Azərbaycanda hökumətin təbliğatına baxmayaraq, elə bir müxalifət var ki, o, qeyri-bərabər vəziyyətdə belə Azərbaycan iqtidarını qutu başında məğlub edə bilir, səslərin əksəriyyətini Azərbaycan xalqından ala bilir.

Ə. Kərimli hesab edir ki, hökumət tənqidə dözümsüz yanaşır və tənqidə qarşı «tabu» yaratmaq istəyib:

İLHAM ƏLİYEVİN ADI ƏTRAFINDA TABU…


«Azərbaycan hökuməti istəyirdi ki, İlham Əliyevin adının ətrafında tabu yaransın, adamları qorxudurdular ki, onu tənqid etmək olmaz. Xüsusilə Qənimət, Eynulla, Mirzə Sakit kimi itiqələmli jurnalistlər həbs olunanda, Elmarın ölümündən sonra açıq şəkildə cəmiyyətə mesaj verirdilər ki, İham Əliyevin adını tuta bilməzsiniz, deyə bilməzsiniz ki, bu korrupsiya piramidasının başında o durur. Amma biz bu tabunu dağıtdıq. Qorxmadıq və açıq şəkildə dedik ki, bu sistem özbaşına yaranmayıb, bu oliqarxlar özbaşına bir yerə toplanmayıb. Bu oğruların hamısını hakimiyyətə İlham Əliyev dəvət edib. Bu korrupsiya piramidasının başında da İlham Əliyev durub».

AXCP-nin qurultayında partiya və Ali Məclis sədrlərinin hesabatları dinləndi
Partiya sədri həbsdəki jurnalist və bloqqerlərin məsələsinə toxunaraq dedi ki, hökumətin total qorxu, xof yaratmaq siyasəti keçmədi.

Ə. Kərimli ölkədəki sosial-iqtisadi vəziyyətə də toxunaraq bildirdi ki, neft gəlirləri cəmiyyətdə təbəqələşməyə səbəb olub. Müxalifətin apardığı mübarizə həm də bu sosial ədalətsizliyə qarşı yönəlib:

«MİLYARDLARLA PUL BÜTPƏRƏSTLİYİN YAYILMASINA HƏSR OLUNUR»

«Bu gün Azərbaycanda milyardlarla dollarlıq vəsait mənasız layihələrə həsr olunur. Bütpərəstliyin Azərbaycanda və dünyada yayılmasına həsr olunub. Heydər Əliyev adına parklar, muzeylər. Bir mərkəzin tikintisinə 200 milyon manatdan artıq vəsait xərclənir. Mərkəzin qarşısında meydanın yaxşı görünməsi üçün əsaslı təmirdən çıxmış 5 böyük binanı söküb-dağıdırlar. Azərbaycan xalqına deyirlər ki, sənin pensiyanı və maaşını 10 manat qaldırırıq. Azərbaycan xalqına bundan artıq sayğısızlıq olarmı? Öz bütlərinin təbliğinə milyardlar, amma torpaqların, sərvətlərin sahibi insanlara 10 manat».

Ə. Kərimli həmçinin, parlament seçkilərindən sonra Müsavat Partiyası ilə heç bir şərt irəli sürmədən, bərabər hüquqlu bir partiyada birləşməyə tərəfdar olduğunu təsdiq edib.

İsa Qəmbər
Öz növbəsində, M. Ə. Rəsulzadə, Ə. Elçibəy yoluna bağlı qüvvələrin bir partiyada birləşməsi təklifini irəli sürən Müsavat Partiyasının başqanı İsa Qəmbərin cavabı belə olub:

«Mən çox sevinirəm ki, AXCP qurultayında bu ideya çox güclü şəkildə səsləndi. Cəbhəçilərin reaksiyasından da hiss edirəm ki, AXCP belə bir birləşmə prosesində iştirak etməyə və Müsavatla birləşməyə tam hazırdır».

«HƏR ŞEY ÖZÜMÜZDƏN ASILIDIR…»

AXCP-Müsavat seçki blokunun yaradılmasını bu yolda önəmli mərhələ adlandıran İsa Qəmbər qeyd etdi ki, hər şey özümüzdən asılıdır:

«Sözdə deyil, hər bir müsavatçı özünü cəbhəçi kimi hiss etməyi bacarmalıdır, hər bir cəbhəçi özünün müsavatçı olduğunu unutmamalıdır. Bunun etməyi bacarmalıyıq... Seçki prosesində bütün qüvvələr bütövlükdə blokumuzun qələbəsinə, vahid namizədlər olan dairədə onların və bütövlükdə ləyaqətli namizədlərin qələbəsinə çalışmalıdırlar...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG