Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:35
Saatda yüz iyirmi ilə İmişli-Bakı istiqamətində hərəkət edən qırmızı “Mercedes”in arxası yerə yatırdı.

Maşının ağzına kimi dolu olması bir yana baqaja da xeyli yük vurulmuşdu.

Dərdayıl sükana oturmazdan qabaq yükü bir daha yerbəyer edib baqajı güc-bəla örtmüşdü.

Baqajda bir qutu marqarin yağı, bir qutu bitki yağı, bir kisə şəkər, bir kisə qənd, çay, un və başqa ərzaq məhsulları var idi.

Salonda Dərdayılın arvadı, iki qızı və son beşiyi olan oğlu əyləşmişdi. Evlərinə qayıdırdılar.

Dərdayılgil Cəbrayıl qaçqını idilər. 1993-cü ilin avqustunda ermənilər doğma elini işğal edəndə o da ailəsi ilə yurdundan didərgin düşmüşdü.

Qaçqın həmyerlilərinin bir çoxu kimi onlar da İmişlidə məskən salmışdılar.

Dərdayıl əvvəlcə ailəsinə sığınacaq tapmaqla məşğul olmuşdu. İmişlidən olan köhnə dostlarının yardımı ilə ailəsinə dam-daş qaralamışdı.

Möhrəli damın şiferinin yırtıq-söküyünü yamayıb, peyinli torpağını kürəyib çölə tökəndən sonra yerinə atmalar atıb üstündən köhnə-külə taxta döşəmişdi.

Ailəsi dama yığışandan sonra o daha İmişlidə qalmamağa, Bakıya gedib orada bir iş tapıb ailəsini dolandırmağa qərar vermişdi. Amma atası onun bu fikrinə razı olmamışdı.

Qaçqınlığın çox çəkməyəcəyinə, doğma torpaqdan ayrılığın beş-altı aydan uzun sürməyəcəyinə inanan atası oğlunu yola gətirmək istəyirdi ki, bir iş tapıb elə İmişlidəcə girələnsin.

Beş-altı aya ordu Cəbrayılı işğaldan azad edəndə oğlu da ailəsinin başında olsun, salamatlıqla yurdlarına qayıda bilsinlər.

Ata ahıl yaşında taleyin onunla əclaf oyun oynayacağına inana bilmirdi. Bu oyunu saçına-saqqalına sindirə bilmirdi.

Amma Dərdayıl xəyalpərvər deyildi.

Doğma evləri üçün burnunun ucu göynəsə də, damı təmir edəndə əli işə-gücə yatmasa da bilirdi ki, rayonun geri alınması uşaq işi deyil, beş-on günə düzələsi deyil, o vaxtacan İmişlidə girələnməkdən bir iş çıxmaz.

Başdan-başa qaçqın-köçkünlə dolu İmişlidə iş tapmaq da çətin məsələyə çevrilmişdi.

İndi hər qaçqın ailəsində azı iki ağızın ailə başçısının əlinə baxdığı bir vaxtda bir küncdə oturub ağlayıb sıtqamaqla torpaqlar geri qayıdası deyil.

Dərdayıl bir səhər tezdən durub ailəsi ilə sağollaşdı.

Çıxanda əyilib döşəyin üstündə suda üzər kimi əl qolunu aralayıb dünyada olub bitənlərdən bixəbər, qayğısızca yatmış on aylıq oğlunun damdakı bürküdən tərləmiş toppuş, bəyaz ayaqlarından öpdü, tüklü üzünü körpənin pəncəsinə sürtüb qıdıqladı.

O belə edəndə körpə ürəkdən iç vurar, uğunub özündən gedərdi. Amma indi yatmışdı oğlu, uğunub özündən getmədi.

Dərdayıl kövrəlsə də özünü birtəhər ələ alıb ayağa qalxdı, atasına ürək-dirək verib içinə bir-iki dəyişək paltar qoyulmuş torbasını qoltuğuna vuraraq qapıdan çıxdı.

Bakıda güzəranı yaxşı olmadı. İş tapmaq asan deyildi. Qaçqınlar Bakıya da axışmışdılar. Qul bazarlarında Dərdayıl kimi fəhlə işi axtaran qaçqınlar çox idi.

Bazarın qabağında maşın dayanan kimi bazardakı işsizlər alıcı quş ov üstünə şığıyan kimi maşının üzərinə yeriyirdilər.

Heç kim xozeyindən nə işi gördürdüyünü soruşmurdu. Nə iş olurdusa olsun maşının arxa qapısı yanında duran adam özünü birinci atırdı maşına.

Dərdayıl bir müddət beləcə işlədi. Ayda bir dəfə Bakıdan pay-parça alıb rayona gedir, ailəsini yoluxurdu.

Hər dəfə rayondan gələndən sonra bir müddət özünə gələ bilmirdi. Dərd içini əridirdi.

Heç filtirsiz “Astra” da qəlbinin asıcısını söndürə bilmirdi. Amma sonrası yaxşı oldu. Dərdayılın çoxdan Bakıda yaşayan eloğlusu boş torpaq sahəsi alıb orada ev tikib satmaqla məşğul olurdu.

Dərdayıl eloğlusunun tikinti briqadasına qoşuldu. Sonrası uzun məsələdir. Bu kiçik hekayədə çox da uzaqlara getməyək, amma kəmhövsələ oxucumuza onu bildirək ki, Cəbrayılın işğal olunduğu o avqust günündən bəri Dərdayıl çox əziyyət çəkib, çox dərdlərə qatlaşmışsa da, Bakıda özünə ev tikib ailəsini də buraya gətirə bilmişdi.

Təkcə qoca ata-anası İmişlidən getmək istəməmişdilər.

Yaşlı atası bəhanə də gətirmişdi ki, yurdumdan uzaq düşmək istəmirəm, qoy torpaqlar geri alınanda hamıdan tez özüm çatım torpağımıza.

Dərdayıl da üz vurmamışdı. Bilirdi ki, ömür boyu doğma eldən ayrı düşməmiş atası üçün kənd yerində yaşamaq daha xoş olacaq.

Dərdayıl maşın da almışdı. İldə iki-üç dəfə ailəsini də maşına doldurub həm ata-anasını yoluxmağa, həm də qaçqın ailələrinə verilən yardımdan öz payını almağa gedirdi.

Hər ay rayona gəlmək imkanında olmadığına görə, onun ərzaq payı Qaçqınkomun rayon nümayəndəliyində yığılıb qalır, o da hər dəfə gələndə üç ayın, dörd ayın payını alıb qayıdırdı.

Maşın İmişli-Bakı istiqamətində sürətlə şütüyürdü. Oğlu qabaqda oturmuşdu, Dərdayılın yanında. İki qızıyla arvadı isə arxada əyləşmişdilər. Heç kəs dinmirdi. Maqnitofondan salona qaçqınlıqdan bəhs edən kədərli bir musiqi yayılırdı.

Uşaqlar bu cür mahnıların çox da həvəsində olmasalar da bilirdilər ki, Dərdayılla arvadı indi çox qəmlidirlər. Buna görə danışıb onları fikirdən ayırmaq istəmirdilər.

-Yazıq kişi yaman qocalıb. Daha əvəlki Qorxmaz deyil. Hıqq eləsən özündən gedər.

-Hə Dərdayıl kişi axır vaxtlar yaman düşüb-arvadı söylədi.

-Niyə, ay ata? Harası düşüb onun? Mən babanı həmişə belə görmüşəm.

-Ay oğul, sən onun qabaqkı vaxtını görməmisən axı. Onun bir vaxtları var idi ki. Görən deyərdi uca çinardı. Hamı susdu. Dərdayıl yola baxırdı, qalanları isə yol boyu ötən mənzərələri seyr edir, sanki gözlərini zilləyib fikrə dalmaq üçün tutarlı bir şey axtarırdılar.

Bu başı ağaran dağlar da olar bilərdi, onların çiyinləri arxasında qızaran günəş də, get-gedə yaxınlaşmaqda olan uzaq bir obyekt də.

- Bəlkə sən düz deyirsən, a bala. Kişi elə 17 ildi sən görüyün görkəmdədi. Onun beli qaçqın düşən günü büküldü. Daha açılmaz. Arzulayır ki, bircə evimi görüb sonra ölüm. Keçən dəfə mənə deyir ki, oğlum vallah qınayan olmasa baş alıb gedərəm evimizə.

Canım çıxacaqsa qoy elə erməni gülləsindən çıxsın.

-Yaxşı olar da şəhid olsa, lıqotdan zaddan verərlər bizə. Hə, ata?

-Oğraş, oğraş danışma əəə. Ürəyi soyumadı, oğlunun başına yüngülcə bir şillə də vurdu.

Dərdayılın heç vaxt ağlına gəlməzdi ki, nə vaxtsa doğulduğu, böyüyüb boya-başa çatdığı torpaqdan, eldən-obadan ayrı düşəcək.

Elə bilirdi bütün ömrünü doğma kəndlərində keçirəcək, elə rayondaca bənnalıq edib arvad uşağını, yeganə oğlan övladları olduğu ata-anasını dolandıracaq.

Nə biləydi ki, bir vaxt gələcək o doğulub böyüdüyü evlərindən, doğma yurd-yuvasındsan ayrı düşəcək. Addım-addım, qarış-qarış gəzdiyi Yarəhmədli, Hasanlı, Çərəkənli, Məzrəli, Alıkovxalı, Hərəküllü, Şayıblı oymaqları, Minbaşılı, Məstalıbəyli, Qovşudlu, Şıxalıağalı, Əfəndilər, Əbdürrəhmanlı obaları, Ağtəpə, Alıkeyxanlı, Aşağı Maralyan, Balyand, Böyük Mərcanlı, Cəfərabad, Çaxırlı, Çapand, Hacıisaqlı kəndləri onun üçün xoş bir xatirandan və bir yığın toponimikadan başqa bir şey ifadə etməyəcək.

Doğma ellərinə qayıtmaq üçün atası kimi onun da burnunun ucu göyənəsə də, fikirləşəndə ki, bunun üçün yenidən müharibə olmalıdı və bu dəfəki dəhşətli müharibədə oğlunun da şəhid olmaq ehtimalı var, bax onda Dərdayılın damarlarında qanı quruyur, ağzı söz tutmuşdu.

O qohumlarında, qonşularında çox şəhid görmüşdü; oğlunun qara xəbəri gələndə saçın yolan anaları, qardaşının meyidi başında üzün cırmaqlayan bacıları, cənazənin yanında dizini yerə atıb bir daha ayağa qalxmayan ataları, dəfndə sahibsiz məzar daşına söykənib qəbrə qoyulan oğlunun dalınca baxa-baxa donub qalan dədələri çox görmüşdü.

Dərdayıl bu kədərlə barışa bilməzdi. Əziz-giramisinin müharibəyə getməsinə, şəhid olmasına onun ürəyi davam gətirməzdi, Dərdayıl dərrdən ölərdi.

Vətən torpağı nə qədər şirin olsa da, üç qızdan sonra nəzir-niyazla tapdığı- oğlu doğulanda qurban kəsib qonum-qonşuya paylamış, pirləri, türbələri, gəzdirmiş, adını da Allahverdi qoymuşdular- oğlunun göz görəsi şəhid düşməsini heç vəchlə arzu eləmirdi.

Bəlkə elə buna görə də dərdinin təzə olduğu vaxtlardakı kimi daha “müharibə, müharibə” demir, özünü daha çox kədərli musiqilərlə, yurd nisgilli söhbətlərlə ovundururdu.

-Ay arvad, yaman acdım nəsə. Şordan-çörəkdən nə var ver yeyək. Arvadı İmişlinin çıxacağında yol qırağına qoyulmuş təndirxanaların birindən aldıqları təndir çörəyindən bir parça kəsib arasına zənbildə hazır saxladığı şordan yaxıb ərinə uzadanacan Dərdayıl maqnitofonda eşələnib bir mahnı tapdı. Arvadı uşaqlar üçün də yaxmac hazırlayırdı.

- Vermir öz şorumuzun dadını, vermir. Şoru da İmişli bazarından almışdılar. Arvad zənbildə eşələnib ərinə qırmızı bir pomidor da uzatdı.

- Heyf deyildi bizim şorumuz, bizim çörəyimiz? Adam yeyəndə ağzı dada gəlirdi. Mən tək başıma bir barmaq şorla iki təndir çörəyi yeyirdim, bu şordan bir vedrə yeyirsən yenə adamın ağzı dada gəlmir.

-Şor şordu da, ay dədə. Oğlu yenə hədyan danışdı.

- Ay bala, sən yetim haradan biləsən bizim zonanın şorunun dadını. Bacıların bir çimdik də olsa o şordan dadmışdılar. Sən bədbəxtə heç bir dıqqılı da qismət olmadı. Ana südündən ayrılmamış qaçqın düşdük.

-Babam basdırıb da mənim üçün bir balon şor. Allah qoysa torpaqları alaq, gedib o şoru özüm qazıb çıxardacam basdırıldığı yerdən.

Allahverdi doğulanda onun adına qurban kəsməkdən başqa bir şey də etmişdilər. Babası Allahverdinin adına bir balon şor basdırmışdı torpağa.

Hesabla Allahverdinin yaşına, iki yaşına o şor yetişəcək, ailə də uşağın adına basdırılmış şoru çıxarıb iştahla yeyəcəkdi.

Amma qaçhaqaçda şor balonun torpaqdan çıxarmaq heç kəsin yadına düşmədiyinə görə-kiminsə yadına düşsəydi belə güllə, qırad yağışı altında heç kim vaxtını balonu torpaqdan çıxarmağa sərf etməzdi-yəqin ki, çoxdan xarab olmuşdu.

Hər dəfə qırmızı “Mercedes” İmişli–Bakı yolu gələndə Dərdayıl şor söhbətini o qədər salmışdı ki, bu oğul-qızından sarı məzəli söhbətə çevrilmişdi.

Bir balon şor ətrafında bir-birindən maraqlı, duzlu söhbətlər, qoşulmuşdu.

Kimisi şor balonunu çoxdan bir erməni dığasının torpaqdan çıxarıb həzmi-rabedən keçirdiyini söyləmişdi, kimisi balonun tank tırtılı altında qalıb çilik-çilik olduğunu söyləmişdi, kimisi şorun qıcqırıb balonu partlatdığını, hələ üstəlik bomba partlayışına bənzəyən bu partlayış nəticəsində beş-on erməninin də cəhənnəmə vasil olduğunu söyləmişdi (bunu oğlu söyləmişdi), kimisi balonun içində çoxdan ağ-ağ qurdların peyda olub şoru yediyini söyləmişdi, kimisi də şorun artıq quruyub qaxac olduğunu söyləmişdi.

Amma Dərdayıl qəlbinin ən dərin, ən incə guşəsində o balonun necə basdırılmışdısa eləcə qaldığına uşaq kimi inanırdı.

Buna görə də uşaqlarının hədyan söhbətlərinə nöqtə qoymaq üçün hirsli və kədərli səslə söyləyərdi.

-Bircə ölməyəydim, torpaqlar alınaydı, gedib o şoru bu əllərimlə qazıyıb torpaqdan çıxarardım- bu an iki əlini də möhkəmcə sükana çırpardı-lap çürüsə də, balon sınsa da, içində ağ-ağ qurdlar əmələ gəlsə də onu basdırıldığı yerdə, ağtutun altındaca bütöv bir təndir çörəyi ilə yeyərdim.

Yenə hamı susdu. Dərdayıl daha arvadından şor-çörək istəmədi.

Şitin üstündəki paçkadan bir siqaret götürüb yandırdı. Pəncərəni açdı. Maqnitofonda yenə qəmli musiqi səslənirdi. “Sorma məndən nəyim qaldı, Cəbrayıl tək elim qaldı, Sorma məndən nəyim qaldı...”

-Bir balon şorum qaldı. Allahverdi ağzını yummağa macal tapmamış Dərdayıl onun boynunun ardına bir şillə ilişdirdi. Heç kəs cınqırını çıxartmadı. Evə çatana qədər şillənin qızartısı Allahverdinin nazik boynundan getmədi.
XS
SM
MD
LG