Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:56

İsrail əsgərlərinin hərəkətində cinayət işi üçün sübutlar olub


30 maydakı insidentlə bağlı hesabat açıqlanıb
30 maydakı insidentlə bağlı hesabat açıqlanıb
İsrail BMT İnsan Haqları Şurasının yaratdığı komissiyanın Qəzzaya humanitar yük aparan gəmilərə hücumla bağlı araşdırmasının nəticəsini rədd edir. İsrailin Xarici İşlər Nazirliyi sentyabrın 23-də həmin hesabatı “birtərəfli” və “əsassız” adlandırıb.

Bu il mayın 31-də Fələstinə humanitar yardım aparan gəmi karvanındakı Türkiyə gəmisinə İsrail ordusunun hücumu nəticəsində doqquz nəfər həlak olub, bir neçə adam da yaralanmışdı. Həlak olanlardan səkkizi Türkiyə vətəndaşı, biri isə ABŞ-Türkiyə vətəndaşı olub.

Bu hadisəni araşdırmaq üçün Türkiyənin tələbi ilə BMT-nin xüsusi komissiyası yaradılıb. Amma hələlik Yeni Zelandiyanın keçmiş Baş naziri və Kolumbiyanın keçmiş prezidentinin də qatıldığı bu komissiya hesabatını elan etməyib. İsrail bildirir ki, həmin komissiyadan kənarda hazırlanan hər hansı hesabt yersizdir və ümumi işə kömək etmir.

İSRAİL ƏSGƏRLƏRİNİN DAVRANIŞI “HƏDDİNİ AŞIB”


İsrail əsgərlərinin davranışı “həddini aşıb”
Sentyabrın 22-də meydana çıxan yeni hesabatı isə Cenevrədəki BMT-nin İnsan Haqları Şurasının xüsusi araşdırma qrupu hazırlayıb. Qrupa Haaqadakı Beynəlxalq Məhkəmənin keçmiş hakimi Karl T. Hudson-Phillips, Müharibə Cinayətləri üzrə Beynəlxalq Məhkəmənin keçmiş prokuroru Britaniyadan olan Desmond de Silva və Malayziyanın qadın hüquqları fəalı Mary Shanthi Darriam daxil idi.

56 səhifəlik hesabatda qeyd edilir ki, İsrail əsgərlərinin davranışı “həddini aşıb,” bu əməliyyat “yolverilməz metodlarla, xüsusi amansızlıqla” həyata keçirilib. Gəmilərə hücumda qəsdən adam öldürmə, işgəncə vermə kimi hərəkətlərə dair cinayət işi açılması üçün aşkar sübutlar var.

Hesabat müəllifləri həmçinin qeyd edirlər ki, Həmasın nəzarətində olan Qəzza bölgəsinin blokadada saxlanması humanitar böhran yaratdığı üçün qanunsuzdur.

Komissiya Britaniya, İordaniya, İsveçrə və Türkiyədə 100-dən artıq şahidi dindirib. Amma İsraildə şahidlər dindirilməyib.

“ƏSASSIZ, SİYASİ VƏ EKSTREMİST FİKİRLİ SƏNƏD”


İsrailin Xarici İşlər Nazirliyi hesabatla bağlı xüsusi bəyanat yayaraq bildirib ki, İnsan Haqları Şurasının “bu, əsassız, siyasi və ekstremist fikirli bir sənədidir”. Bəyanatda həmçinin qeyd nedilir ki, İsrail özü də hazırda bu hadisənin müstəqil araşdırılmasını davam etdirir. Onun yaratdığı komissiyada iki nəfər də beynəlxalq müşahidəçi var.

HƏMAS ALQIŞLAYIR

Amma tənqidçilər obyektiv araşdırma üçün onların çox az olduğunu bildirirlər. Fələstinə nəzarət edən Həmas qrupu isə BMT İnsan Haqları Şurası ekspertlərinin hesabatını alqışlayıb. Həmasın sözçüsü bu sənədin gəmilərə hücum edən əsgərlərin komandirlərinin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas kimi istifadə edilməsini istədiklərini bildirib.

Əhməd Davudoğlu isə onu çox obyektiv sənəd adlandırıb
Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu isə onu çox obyektiv sənəd adlandırıb. İsrail israrla bildirir ki, onun əsgərləri yalnız gəmidə əməliyyat zamanı yalnız özlərini müdafiə ediblər, Qəzzaya blokada isə qanunlar çərçivəsindədir.

İnsan Haqları Şurasının ekspertlərinin hazırladığı bu sənədin sentyabrın 27-də Şurada müzakirəsi planlaşdırlır. Amma bundan əvvəl artıq Şura Fələstinə humanitar yük aparan gəmilərə hücumu pisləyib.

İsrail bildirir ki, gəmiyə enən əsgərlərə bıçaq, dəmir parçaları ilə hücum ediləndən sonra onlar atəş açmağa məcbur olublar. Yardım aparanlar isə yalnız beynəlxalq sularda onların gəmilərinə hücum olandan sonra özlərini müdafiə etmək məcburiyyəti qarşısında qaldıqlarını deyiblər.

Gəmilərdə olanların hamısı həbs edilib, az sonra İsraildən qovulublar.

Bu hücuma görə, İsrailə beynəlxalq təşkilatlardan kəskin tənqidlər səsləndi, ən əsası da onun yeganə müddətli müsəlman dost ölkəsi olan Türkiyə ilə münasibətləri korlandı.

İsrail isə az sonra Fələstinə qarşı blokda siyasətini bir qədər yumşaltmağa məcbur oldu. BMT-nin İnsan Haqları Şurası isə dörd il əvvəl yaradılıb. Bu təşkilat BMT-nin İnsan Haqları Komissiyasını əvəz edir. Həmin Komissiyaya insan haqları sahəsində aşağı göstəriciləri olan bəzi dövlətlər də üzv olur, sonra da bundan insan haqlarını pozan başqa dövlətlərin hərəkətlərinin pislənməsinin qarşısını almaqda istifadə edirdilər. Buna görə qurum nüfuzdan düşmüşdü.

Amma tənqidçilər indi Şuranın da həmin Komissiyanın aqibəti yaşadığını deyirlər. Onlar Şurada xüsusilə İsrailin hərəkətlərinin pislənməsinin tez-tez məhdudlaşdırldığını deyirlər.
XS
SM
MD
LG