Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

Onkoloji Dispanserin işçiləri həyəcan içindədir


Dispanserin kimya-terapiya şöbəsinin əməkdaşı Xınalı Abdullayeva

Dispanserin kimya-terapiya şöbəsinin əməkdaşı Xınalı Abdullayeva

“Niyə bu qədər işçini bayıra atırlar? Lazımdırsa hamımızı köçürsünlər, bundan sonra biz harada işləyəcəyik?”.

Bakı şəhər Onkoloji Dispanserinin tibb heyəti həyəcan içindədir. Onların narahatlığına səbəb son günlər dispanserin bağlanacağı haqqında gəzən söz-söhbətlər, özlərinin isə işsiz qalacağı qorxusudur.

Dispanserin kimya-terapiya şöbəsinin əməkdaşı Xınalı Abdullayeva deyir ki, onları ən çox narahat edən işsiz qalacaqlarıdır:

318 NƏFƏRİN TALEYİ NECƏ OLACAQ?


“Bilmirik nəyə görə, hansı əsasla, bura bağlanır. Müdiriyyət deyir ki, dispanser tamam bağlanacaq, bizi də atacaqlar çölə. Ancaq bizə düz-əməlli söz deyən yoxdur, biri deyir 10 günə bağlanacaq, biri deyir 1 aya. Biz də qalmışıq belə. Neçə il burada işləmişik, bizi başqa yerdə kim işlə təmin edəcək? 318 nəfər adamı çölə tullamaq olar?”.

Tibb bacısı Dilarə Cəbrayılova da deyir ki, tibbi heyətin sonrakı vəziyyətinin necə olacağı özlərindən başqa heç kimi maraqlandırmır:

“Neçə ildir xəstəxananın yerinin satılması haqında söhbət gəzirdi. Biz fikirləşirdik ki, dövlət xəstəxanasıdır, bağlana bilməz, yəqin harasa köçürərlər. İndi artıq bir-iki aydır ki, baş həkim ağzından çıxardıb ki, bəs xəstəxana bağlanır”.

Kamil Əliyev
Dispanserin bağlanması təkcə tibb işçilərini deyil, xəstələri də təşvişə salıb. Neçə illərdir burada müalicə olunan Kamil Əliyev deyir ki, dispanser bağlanarsa, harada, necə müalicə olunacağı haqqında heç kim ona məlumat verməyib:

BƏS XƏSTƏLƏR NECƏ OLACAQ?


“Belə olmaz axı. Bizim kimi xəstələrin bu müəssisəyə böyük ehtiyacı var. Harada görünüb ki, xəstəxananı bağlayalar?”.

Səhiyyə üzrə ekspert Süleyman Cəbrayılov isə deyir ki, tibb ocaqlarına ehtiyac olan Azərbaycan kimi ölkələrdə xəstəxananın bağlanması yolverilməzdir. Baxmayaraq ki, bundan əvvəl də belə hallar olub:

“Keçmiş rəhbərliyin vaxtında da belə proseslər baş verirdi. Prosesin ağrısız getməsi üçün heç bir hazırlıq görülmədən radikal addımlar atılırdı. Buna oxşar hadisələr əvvəllər də olub. Pulmonologiya müəssisələrində cərrahi şöbələr ləğv olunanda heç kim bu suala cavab verə bilmirdi ki, bundan sonra ağ ciyər əməliyyatları harada keçiriləcək? Hələ işçilərdən yox, xəstələrdən söhbət gedir. Burda da belədir. Qabaqcadan hazırlıq görülsəydi, bütün heyət məlumatlandırılsaydı, onda belə bir vəziyyət yaranmazdı. 3-5 il əvvəl yeni iş yerlərinin, xüsusilə tibb sahəsi ilə bağlı iş yerlərinin açılmasından danışılırdı, indi isə bunun əksi baş verir. Çox anormal bir şeydir”.

Dispanserin bağlanıb-bağlanmayacağı, tibbi heyətin və xəstələrin taleyinin necə olacağı haqqında sualları biz də baş həkim Şahbaz Hənifəyevə vermək istədik. Ancaq onu xəstəxanada tapmadıq. Gün ərzində onunla telefonla da əlaqə saxlaya bilmədik. Dispanserin tabe olduğu Bakı Şəhər Baş Səhiyyə İdarəsindən də sualımıza cavab verən tapılmadı. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirdi ki, nə tibb heyəti, nə də xəstələrin narahatlığına əsas var:

Dispanserə ildə 3-4 min xəstə müraciət edir
NİGARANÇILIĞA ƏSAS YOXDUR


“Bütün işçilər Bakı şəhəri üzrə müvafiq tibb müəssisələrində işlə təmin olunacaqlar. Xəstələr də eyni. Bağlanma ilə bağlı hələ qərar yoxdur. Ancaq dispanser bağlanandan sonra bütün tibb işçiləri və xəstələr yerləşdiriləcəklər. Heç kim işsiz qalmayacaq. Bu, cənab nazirin də qərarıdır. Bakı Şəhər Səhiyyə İdarəsinə hamının işlə təmin edilməsi tapşırılıb”.

Dispanserin rəsmən nə vaxt və hansı səbəbə görə bağlanması haqqında isə Anar Qədirli məlumatının olmadığını bildirdi.

Dispanserin qeydiyyat şöbəsindən verilən məlumata görə, ötən əsrin 40-cı illərindən fəaliyyət göstərən bu tibb müəssisəsinə ildə 3-4 min xəstə müraciət edir.

Şərhləri göstər

XS
SM
MD
LG