Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:56
Seçki başlamamış narazılıqlar başlayıb. Ələlxüsus da müxalifət partiyaları şikayətçidirlər. Başlıca şikayətləri də icra qurumlarındandır. Hərçənd bu günlərdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bunun yolverilməzliyi haqda fikirlərini bildirmişdilər.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası mətbuat xidmətinin rəhbəri Xəzər Teyyub deyir ki, yerlərdə icra hakimiyyətlərinin əməkdaşları müxalifətçilərin imza toplamalarına mane olur, hakim partiyanın namizədlərinin xeyrinə kampaniya aparırlar:

«MƏNİM PULUM HARDANDIR…»


«32 saylı Suraxanı seçki dairəsindən məlumat almışıq ki, seçicilərə hakimiyyətin nümayəndəsi adından ərzaq paylayırlar. 60 saylı seçki dairəsində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı artıq indidən seçki təbliğatı ilə məşğuldur, seçicilərə pul paylayır. Salyandan bizə belə məlumat gəlir. Şamaxıdan 85 saylı dairədən xəbər gəlir ki, bələdiyyə üzvləri, icra qurumlarının əməkdaşları camaata təzyiq göstərirlər ki, müxalifət namizədlərinə imza verməsinlər. Seçki qurtarandan sonra cəzalandırılacaqlar».

Xəzər Teyyubun dediklərini Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı avantüra, təxribat adlandırdı:

«Ona deyin ağlına dua yazdırsın. Mənim pulum hardandır seçicilərə paylayım. İkincisi də, pul paylamağa ehtiyacım yoxdur».

MİRMAHMUD MİRƏLİOĞLUNUN DAİRƏSİNDƏ PUL YOX, YARDIM PAYLANACAQ

Mirmahmud Mirəlioğlu
Xəzər Teyyubun bir şikayəti də Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Seyfəddin Rəhimovdandır. Yada salaq ki, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu namizədliyini 42 saylı Sumqayıt ikinci seçki dairəsindən verib:

«Seyfəddin Rəhimov və əməkdaşları birbaşa yerlərə, evlərə gedir. O dairədə yaşayanları qeydiyyata alırlar. Vətəndaşlara da deyilir ki, onlara şəhər icra hakimiyyəti rəhbərliyi tərəfindən yardım ayrılacaq. Bu adla seçiciləri siyahıya alırlar. Niyə bu canfəşanlıq indi göstərilir? Seçki vaxtı? Bu, birbaşa pozuntudur. İcra hakimiyyətinin müdaxiləsidir».

«HƏLƏ SEÇKİNİN HANSI MƏRHƏLƏSİDİR Kİ, SEYFƏDDİN MÜƏLLİM BU İŞLƏRƏ QARIŞSIN?»

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Seyfəddin Rəhimov ilə birbaşa əlaqə yarada bilmədik. Amma şəhər icra hakimiyyətinin sözçüsü Teymur Vəliyev vasitəsilə xəbər göndərdi ki, o seçki dairəsində sadəcə texniki təminatla məşğuldur, nəinki təbliğatla.

42 saylı Sumqayıt ikinci seçki dairəsinin katibi Sevinc Mikayılova da deyilənləri təkzib etdi:

«Hələ seçki başlamayıb. Hələ məntəqələrin texniki vəziyyətinə baxılır. Seyfəddin müəllim ancaq bu işlərə baxa bilər. Hələ seçkinin hansı mərhələsidir ki, Seyfəddin müəllim bu işlərə qarışsın?..».

BİR NAMİZƏDƏ 9 İMZA VƏRƏQİ

Gülaga Aslanlı
Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı da deyir ki, onlara bölgələrdə icra qurumlarının qanunu pozması ilə bağlı şikayətlər gəlir. Amma bu məlumatları dəqiqləşdirə bilmədikləri üçün dairə seçki komissiyalarına göndərə bilmirlər.

Bu günə ən böyük şikayətləri isə imza vərəqələrinin sayı ilə bağlıdır:

«Vərəqələrin verilməsində absurd vəziyyət yaranıb. Məsələn, Naxçıvanda AXCP-Müsavat seçki blokundan namizədimizə 9 vərəqə verilib. Bu o deməkdir ki, həmin adam ancaq 450 imza toplaya bilər. Və bu imzalardan biri başqasına oxşasa onun qeydiyyatı qaldı. Bu, Naxçıvana aiddir. Başqa rayonlarda isə namizədlərə 10 imza vərəqi verilir».

Gülağa Aslanlı deyir ki, bu absurddur və namizədlərin bərabər hüquqlu mübarizəsinə mane olur. Artıq AXCP-Müsavat seçki bloku bununla bağlı MSK-ya müraciət edib.

Hərçənd təlimatlarda imza vərəqələrinin sayı haqda dəqiq məlumat yoxdur. Amma Gülağa Aslanlı diqqəti ona yönəldir ki, ötən seçkilərdən fərqli olaraq bu dəfə depozit qoymaq imkanı da yoxdur. Üstəlik də əvvəllər bu vərəqələrin sayı 14 olurdu…

Mərkəzi Seçki Komissiyasından isə onlara şikayət daxil olmadığını bildirirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, şikayət gəlsə onlar da araşdıracaqlar.

MSK-nın məlumatına görə, indiyə qədər 900-ə yaxın şəxs deputatlığa namizəd olmaq üçün dairə seçki komissiyalarına müraciət edib. Onlardan hələ ki, yalnız 4 nəfər qeydə alınıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG