Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

Mətbuat Şurası Ağsaqqal Jurnalistlər Məclisi yaradır


Mətbuat Şurasında toplantı keçirilib

Mətbuat Şurasında toplantı keçirilib

Sentyabrın 23-ü Mətbuat Şurasında keçirilmiş toplantıda MŞ nəzdində Ağsaqqal Jurnalistlər Məclisinin yaradılması barədə razılığa gəlinib. Şura sədri Əflatun Amaşov həmin məqsədlə düzənlənən tədbiri açaraq bildirib ki, ömür-gününü milli jurnalistikamıza, onun mütərəqqi ənənələrinin davam və inkişafına sərf edən bu insanların potensialından istifadə çağdaş mediamızın aktual vəzifələrindəndir:

«Mətbuat Şurası yarandığı gündən onların yanında olub. Zəngin təcrübələrinin öyrənilib tətbiqinə, qayğı və problemlərinin həllinə köməyini əsirgəməyib. Bu məqsədlə anım və yubiley tədbirləri keçirib. Bu ənənənin daha da sistemli olmasına çalışırıq. Buna görə də belə bir məclisin yaranmasını zəruri saydıq. Hesab edirik ki, ağsaqqal jurnalistlərin təşkilatlanması mövcud istiqamətdə önəmli həlqələrdən biri olacaq».

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov 135 illik tarixə malik Azərbaycan mətbuatının layiqli ənənələrinin məhz veteran jurnalistlərin simasında yaşandığını deyib. O bildirib ki, ahıl qələm sahibləri mediamızdakı hazırkı problemlərin həllinə öz yaradıcılıq nümunələri ilə töhfələrini verə bilərlər.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Şuranın ağsaqqal jurnalistlərin təşkilatlanmasına göstərdiyi köməyi iki istiqamətdən zəruri sayıb:

«Burada qeyd edildi - birincisi, bu adamların bilik və təcrübəsinin öyrənilməsi zəruridir. Digər tərəfdən, onların özlərinin aktiv ictimai fəaliyyət göstərmələri, bir növ unudulmamaları cəmiyyət üçün də örnəkdir».

AĞSAQQAL JURNALİSTLƏRİN TƏCRÜBƏSİNDƏN FAYDALANMAĞA EHTİYAC VAR

Azərbaycanın əməkdar jurnalisti Əli İldırımoğlu kütləvi informasiya vasitələrində yaşlı nəslə məxsus jurnalistlərlə görüşlərin təşkilinin əhəmiyyətindən danışıb. O bunun yeni nəslin şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında vacib məqam kimi vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, müasir mediamızın probemlərinin həllində də ağsaqqal jurnalistlərin təcrübəsindən faydalanmağa ehtiyac var.

Azərbaycanın əməkdar jurnalistləri Yusif Kərimov, Tahir Aydınoğlu və başqaları çıxışlarında ölkədə yaşlı nəslə mənsub media təmsilçilərinin qayğı ilə əhatə olunmalarından söhbət açdılar. Onlar sağlamlıq durumunda ciddi problemlər yaranan həmkarlara da müntəzəm baş çəkilməsinin vacibliyini önə çəkdilər.

Toplantıda Mətbuat Şurası nəzdində Ağsaqqal Jurnalistlər Məclisinin işlərinin əlaqələndirilməsi və sənədlərin hazırlanması üçün əməkdar jurnalist Yusif Kərimovun başçılığı ilə 7 nəfərdən ibarət qrup yaradılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG