Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22
Lənkəran sakini Əli Əliyev İranın Qum şəhərində ali dini təhsil alıb. Özünə iş axtarır. Gününü Lənkəranın böyük bazarında keçirir. Onun kimi ali dini təhsil almış işsiz gənclər çoxdur. Onların sayı Lənkəranda 300 nəfərə çatır. Bu işsizlərin sayı ildən-ilə çoxalır. Əli Əliyev deyir:

“Ali təhsilliyəm. Başqalarından fərqim ondan ibarətdir ki, İranda dini təhsil almışam. Ancaq mən təkcə məsciddə yox eyni zamanda digər sahələrdə də işləyə bilərəm. Məsələn, icra hakimiyyətində, müxtəlif yerlərdə. Lakin bizi yaxına buraxmırlar. Deyirlər ki, gedin mollalıq edin. Molla yerləri isə çoxdan tutulub. Bəs nə edək?”.

İRANIN QUM ŞƏHƏRİNDƏ QEYDİYYAT

Əli Əliyevin sözlərinə görə, İranda dini təhsil almış şəxslərə fərqli münasibət var. İranda alınan diplomu Azərbaycanda tanımırlar:

“Qabaqcadan bizə desəydilər ki, İrana təhsil almağa getməyin, biz getməzdik. On il bundan əvvəl məktəbi bitirmişəm. Hətta məsciddə danışmağı bizə yasaq ediblər”.

Ə.Əliyev onlara olan yad münasibəti düzgün hesab etmir. Bununla belə, o qeyd edir ki, İranın Qum şəhərində ali dini təhsil almış şəxslərin bəziləri orada qeydiyyatdan keçirlər. Onun fikrincə, belə adamlar var, onlar dini təbliğ edir, buna görə də İrandan haqq alırlar:

ONLARI BU İŞƏ AZƏRBAYCAN MƏMURLARI VADAR EDİR

“Kim bu gəncləri bu işə vadar edir? Azərbaycan məmurları. Acından ölsünlər? Bəs nə etsinlər? Onlar Azərbaycan vətəndaşıdırlar, İranın yox”.

Bakı İslam Universitetini 5 il bundan əvvəl bitirmiş astaralı Əbuzər Rzayev də iş axtarır. Ailəlidir, iki uşağı var. O, həmkarından fərqli olaraq məclislərə gedir. Ünvanlı sosial yardım almaq üçün sənədlərini müvafiq yerlərə təqdim edib.

Əbuzər Rzayevin sözlərinə görə, müstəqilliyin ilk dövrlərində təhsilli din adamlarına ehtiyac var idi. İndi belə adamlar həddindən artıq çoxdur. Ə.Rzayev deyir ki, dini təhsilli işsiz adamlar ordusuna hər il yeniləri qoşulur və bu da məsələnin ciddi olduğunu göstərir:

“Söhbət ondan gedir ki, ali dini təsili başa vuranlar gənclərdir. Ali təhsil alır, sonra da iş tapa bilmir. Bu məsələni həll etməyin vaxtı çatıb”.

BU, HEÇ KİMDƏN GİZLİ DEYİL


Astaradakı Qum Məscidinin axundu Hacı İlqar Həsənov dindarlar arasında belə bir problemin olduğunu təsdiq edir. Onun sözlərinə görə, rayonda fəaliyyətdə olan 32 məscid var. Onların da axundları dini icmalar tərəfindən müəyyən olunub:

Astaradakı Hacı Teymur Məscidi
“Daha yer yoxdur. Qaldı İranda ali dini təhsil almış şəxslərə, onların təbliğatı fərqlidir, ziyanlıdır. İranda dini təhsil almış şəxslərin adları dini icmalara salınmır. Belə icmalar qeydə alınmırlar. İranda ali dini təhsil almış gənclərin bir çoxları dini mərasimlərdə təbliğatlar aparır və bu barədə proqram tərtib edərək Qumda olan dini orqanlara təhvil verirlər. Buna görə zəhmət haqqı alırlar. Bu, heç kimdən gizli deyil”.

Axundun sözlərinə görə, Astaranın Rüdəkənar kənd məscidi bu günə qədər qeydə alınmayıb. Səbəb kimi dini icma üzvlərinin arasında iki nəfər İranda ali dini təhsil almış şəxsin olması göstərilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda yerləşən cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Qədirov isə bildirir ki, bölgədə 480 məscid var, 200 məscid artıq qeydiyyatdan keçib:

“Biz məscidlərin işlərinə qarışmırıq, ancaq onun qeydiyatı ilə maraqlanırıq. Burada kimlər işləyir, bunu dini icmalar müəyyənləşdirir”.

MOLLA VAR, İŞIQ YOXDUR…


Lənkəran Dövlət Universitetinin müəllimi Yadigar Sadıqov isə belə hesab edir ki, dini təhsil alanların sayını süni şəkildə artırmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, hər kənddə bir neçə molla olduğu halda elektrik tapmaq mümkün deyil.

Yadigar Sadıqov deyir ki, adi vətəndaş nə qədər desən işsiz qala bilər. Lakin ali dini təhsil almış şəxslər barəsində bunu demək mümkün deyil. Mollaların sayı tələbata uyğun olmalıdır. Artıq olanda məsələ ciddiləşə bilər:

“İranda ali dini təhsil almış şəxslərə qarşı münasibətin fərqli olması təbiidir. Qonşu ölkənin Azərbaycana qarşı apardığı siyasət də məlumdur. Lakin bu həmin adamların işsiz qalmasına əsas vermir”.

Axund Hacı İlqar Həsənov deyir ki, gələn həftə Lənkəran mədrəsəsində axundların, imamların, ölü yuyanların, yasin oxuyanların attestasiyası olacaq. Attestasiyaya təqdim olunacaq siyahılar rayonların şəhər məscidlərində hazırlanacaq:

“Türkiyədə də belə bir qayda var. Şübhəsiz ki, bu qayda ali dini təhsil almış şəxslər arasında olan işsizliyə müəyyən qədər təsir edəcək. Hər yoldan ötən dini məsələlərə müdaxilə edə bilməz. Eyni zamanda din xadimlərin qazancları məlum olar”.

Şərhləri göstər

XS
SM
MD
LG