Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:39

YAP-çılara xəbərdarlıq edildi


«Seçki kampaniyasının həlledici mərhələsi olan təbliğat-təşviqat mərhələsinə qədər namizədliyini irəli sürmüş, yaxud namizədliyi qeydə alınmış YAP üzvlərinə bir daha partiya rəhbərliyinin, partiyanın mövqeyi və qərarı çatdırılacaq».

Bunu «APA»ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

O, YAP-ın mövqeyini bir daha xatırladıb: «Partiyanın qərarı və mövqeyi isə bundan ibarətdir ki, YAP-ın 114 seçki dairəsi üzrə irəli sürdüyü və müdafiə etdiyi namizədləri var. Namizədlik irəli sürülməyən dairələrdə isə YAP başqa partiyaların üzvlərini, yaxud müstəqil namizədləri müdafiə edir. Həmin dairələrdə də YAP üzvü olub, partiya tərəfindən dəstəklənməyən namizədlərə namizədliklərini geri götürülməsi bir daha və sonuncu dəfə təklif ediləcək. Əgər onlar partiyanın qərarına hörmətlə yanaşmayacaqlarsa, YAP sıralarından xaric olunacaq və bu seçki kampaniyası dövründə də partiya üzvü kimi YAP-ın dəstəyini almayacaqlar. Biz hesab edirik ki, partiyanın dəstəyi olmayacağı təqdirdə, bu cür namizədlərin deputat seçilməsi böyük sual işarəsi altındadır».

H. Paşayev YAP üzvlərinə namizədliklərini geri götürməsi üçün ümumi müraciətin olduğunu, hələ ki, fərdi qaydada söhbət aparılmadığını bildirib. O, partiya qərarından kənar namizədliyini irəli sürmüş tanınmış, millət vəkili olan YAP üzvləri ilə digər partiya üzvləri arasında fərq qoyulmadığını da vurğulayıb: «Partiyanın qərarı tutduğu mövqedən və nüfuzundan asılı olmayaraq, YAP-ın hər bir üzvü üçün qəti sayılır və yerinə yetirilməlidir».

Bəzi YAP üzvləri partiya qərarından kənar namizədliklərini irəli sürüb. Onların arasında iki YAP-çı deputat və tanınmış YAP üzvləri də var.
XS
SM
MD
LG