Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:32

«Yoldaşlarımı saqqalın uzundur deyib həbs ediblər»


Təkcə sakitcə gəlib namaz qılıb getməyə imkan verirlər
Təkcə sakitcə gəlib namaz qılıb getməyə imkan verirlər
Gəncədəki məscidlərdə hər namaz vaxtı azan verilir. Ötən il azanın yüksək səslə verilməsinə qadağa qoyulsa da, şəhər dindarları buna etiraz edərək qadağanın götürülməsinə nail oldular. Lakin dindarlar hələ də dini etiqad və vicdan azadlıqlarının pozulduğundan gileylənirlər.

Sahib Gəncə sakinidir və vaxtının çoxunu Şah Abbas Məscidində ibadətlə keçirir. O deyir ki, son vaxtlar dindarlara qarşı fiziki və mənəvi təzyiqlər çoxalıb. Sahibin sözlərinə görə, Azərbaycan daha çox müsəlmanların yaşadığı ölkə olsa da, rəsmi qurumlar adicə mövlud günlərini belə keçirməyə icazə vermirlər:

MÖVLUD GÜNLƏRİNİ QEYD ETMƏK YASAQLANIB

“Gəncədə dini vəziyyət demək olar ki, dövlətin nəzarətindədir. Elə qardaşlar var ki, Lənkərandan və başqa bölgələrdən gəlirlər moizə eləməyə, onlara elə bir şərt qoyurlar ki, onlar da gələ bilmirlər. Qum şəhərində təhsil alıb gələnlərə də təbliğat aparmağa imkan yaratmırlar ki, məsciddə və ya kənarda bir söhbət getsin. Aksiyalardan söhbət gedə bilməz, icra hakimiyyətinə də müraciət etsək imkan vermirlər.

Təkcə sakitcə gəlib namaz qılıb getməyə imkan verirlər. Hətta qıraqdan baxırlar ki, bu kimdir, məscidin qabağında niyə oturub? Molladırsa tanıyırlar, başqa söhbətlər olanda mülki formada bəzi insanlar gəlib qıraqdan qulaq asır. Məscidin içində nələr danışırlar. Heç olmasa məscidin içində və ya həyətində peyğəmbərin mövludu, Fatimeyi Zəhranın Əli əleyhissəlamın mövluduna şərait yaratsınlar”.

Özünü sələfi adlandıran, geyiminə və saqqalına görə fərqlənən dindar Musa isə polislərin onlara etdiyi təzyiqlərdən təngə gəldiyini deyir. Onun sözlərinə görə, Azərbaycanda dini azadlıqdan danışmağa dəyməz:

SAQQALLIILAR OVU

“Bizi saqqalımıza, geyimimizə görə sıxışdırırlar, təzyiq edirlər. Bu, bizim əqidəmizdir. Peyğəmbərdən də bir hədis var. Saqqalın kəraməti var. Mübarizə apara bilmirik, incidirlər. Mənim yoldaşlarımı saqqalın uzundur deyib həbs ediblər”.

Hərçənd Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov deyir ki, dindarların hüquqları tam qorunur. Dini icmalar qeydiyyata alınır və fəaliyyətlərinə icazə verilir. F.Kərimovun sözlərinə görə, qanunazidd hərəkətlər daha çox islam yönlü icmalarda baş verir:

QANUNU POZURLAR

Şah Abbas Məscidi
“Qərb bölgəsindən sənəd təqdim edən dini icmaların sayı 40-dır. 50 icma var onlardan 10-nu sənəd təqdim etməyib. Gəncədə hazırda 6 qeyri-islam yönlü icma fəaliyyət göstərir. 6 ədəd də islam yönlü icmalardı.

Dövlət bütün dindarların hüquqlarını qoruyur. Qanunu pozmayan dini icmalara dövlət tərəfindən lazımi yardım göstərilir.

Qanun qanundur. Pozmaq olmaz. Qanun pozuntuları var. İstər Şah Abbas Məscidində, istər Qazaxlar Məscidində müəyyən qruplar var ki, onlar qaydaları pozur, tabe olmurlar. Bəzən qanunsuz aksiyalarda iştirak edirlər”.

ŞAHSEVENLƏR MƏSCİDİNİN FƏALİYYƏTİ NİYƏ DAYANDIRILIB?

Ötən il Gəncənin Şahsevənlər Məscidinin fəaliyyəti komitə tərəfindən dayandırılıb. Səbəb kimi orada ifrat təbliğatın aparılması göstərilir. Firdovsi Kərimov da təsdiqləyir ki, bölgədəki məscidlərdə təbliğat aparılmasına icazə yoxdur. Ancaq Azərbaycanda təhsil almış və ya dövlət xətti ilə xaricdə təhsil alanlar moizələr edə bilərlər.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu da Azərbaycanın bəzi bölgələrində dini təbliğatın aparılmasına, aksiyaların keçirilməsinə sərt qadağaların qoyulmasına toxunur:

YASAQLARIN ƏKS EFFEKTİ


“Ölkədə dini etiqad və vicdan azadlığı ilə bağlı vəziyyət çox pisləşib. Bu pisləşmənin ən çox müşahidə olunduğu yer Gəncədir. Tez-tez saxlanan, həbs edilən olur. Amma Azərbaycanda son vaxtlar inanclıların sayı artıb. Bizə gələn şikayətlərə görə, dinin müxtəlif sahələrində hüquq pozulur. Komitə nümayəndəsi insanların vicdan azadlıqlarını qorumaqla məşğul olmalıdır”.

Yasaqlara baxmayaraq son illər Gəncədə namaz qılan, oruc tutan insanların getdikcə artması müşahidələrimizdən də açıqca görünməkdədir. Dindarların çoxu elə evlərində ibadətlə üstünlük verir. İndi Gəncədə neçə-neçə ev-eşik var ki, insanlar üçün məscidlərə çevrilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG