Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:19

Baş Prokurorluq A.M.A.Y-la bağlı məlumat yayıb


“A.M.A.Y” Ticarət Mərkəzinin həbs edilən iki əməkdaşı Yusif Kərimovla Zakir Məmmədov müvəkkil kredit təşkilatlarından aldıqları kreditləri qaytardıqdan sonra onların barələrində seçilmiş həbs-qətimkan tədbirləri dəyişdirilə bilər.

“A.M.A.Y” Ticarət Mərkəzinin həbs olunmuş əməkdaşları ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, avqust və sentyabr aylarında bir neçə dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə dəvət edilən Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev, həmçinin mərkəzin direktoru Elşən Novruzova deyilib ki, mərkəzin iki əməkdaşı yalnız onlar tərəfindən dəymiş ziyanın ödənilməsindən sonra barələrində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilə bilər.

Prokurorluq İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatı seçilən “Birlikbank” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilələrlə bağlı araşdırmalar apararkən müəyyən qanun pozuntuları üzə çıxıb.

Prokurorluğun məlumatında bildirilir ki, cəmiyyət 2004-2008-ci illər ərzində Fonddan ayrılmış 7 milyon 500 mindən artıq vəsaitlə bağlı öhdəlikləri yerinə yetirməməklə Fondla bağlanmış müqavilənin şərtlərini pozub və bu il avqustun 1-nə qədər 4 milyon manata yaxın vəsaitin Fondun müvafiq hesabına köçürülməsini təmin etməyib.

Məlumatda qeyd olunur ki, “Texnikabank” Açıq Səhmdar Cəmiyyətindən alınmış kreditlərin təyinatı üzrə xərclənməməsi, həmçinin cəmiyyətin törəmə müəssisəsi olan “Texnikalizinq” MMC-nin sabiq direktoru Elxan Nəcəfquliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktına görə bu ilin fevralında cinayət işi açılıb.

Aparılan istintaqla müəyyən edilib ki, Yusif Kərimov 2007-ci ilin iyun ayında “Topağac” MMC-də direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 2007-ci ilin iyulunda nağd şəkildə aldığı 900 min manat krediti əlavə qazanc əldə etmək məqsədi ilə tanışı - “A.M.A.Y” Ticarət Mərkəzinin rəhbərliyinə yaxın olan Akif Əliyevə verməklə özgə əmlakına külli miqdarda ziyan vurub.

Avqustun 6-da məhkəmənin qərarı ilə Yusif Kərimov (Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunub) haqqında həbs-qətimkan tədbiri seçilib.

Məlumatda daha sonra deyilir ki, Zakir Məmmədov da 2007-ci ilin oktyabrında “BAC” MMC-də direktor vəzifəsində işləyərkən rəhbərlik etdiyi MMC-yə mal-material alınması üçün “Texnikabank” ASC ilə bağladığı 19 oktyabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 9 noyabr 2007-ci il tarixdə nağd şəkildə aldığı 900 min manat krediti müqavilədə göstərilən öhdəliyə uyğun olmayaraq “A.M.A.Y” Ticarət Mərkəzinin direktoru Elşən Novruzova verib. 2010-cu il sentyabrın 4-də Zakir Məmmədov haqqında da həbs-qətimkan tədbiri seçilib.
Prokurorluğun məlumatına görə, hazırda cinayət işi üzrə ibtidai istintaq Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.1-ci maddələri ilə davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG