Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

Bakıda Avropa Şurası idmana məsul nazirlərin konfransı başlayıb


Sentyabrın 22-də Bakıda Avropa Şurası (AŞ) idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı işə başlayıb. İlk dəfədir ki, Avropa Şurasının idmanla bağlı konfransı Bakıda keçirilir. Tədbirdə AŞ-na üzv olan 47 dövlətin idman nazirləri və nazirliklərinin nümayəndələri iştirak edir.

AŞ-ın idman sahəsinin də daxil olduğu baş direktorluğunun direktoru, xanım Qabriella Battani-Draqoni jurnalistlərə müsahibəsində bildirib ki, konfrans zamanı nəticəsi əvvəlcədən müəyyənləşmiş oyunlar, mərc oyunları, anti-dopinq siyasəti, idmanda zorakılığa qarşı mübarizə, gənc idmançıların mobilliyi, viza məsələsi müzakirə olunacaq:

“Bütün bu məsələlər idmanın şəffaflığı, ədalətli keçirilməsi, korrupsiyanın heç bir şəkildə idman fəaliyyətinə daxil olmaması üçün vacibdir”.

Öz növbəsində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov da konfransın gündəliyində dayanan məsələlərin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib:

“Bu yaxınlarda Azərbaycanda futbol tatalizatoru öz fəaliyyətinə başlayır. Burda müzakirə olunan məsələlər və dünya, Avropa təcrübəsi bizim üçün çox vacibdir, biz istəyərdik ki, o işin təşkilində həmin səhvlərə yol verməyək. Dopinq məsələsi də bizi narahat edir. Biz bu sahədə təbliğatın daha da güclənməsini, nəzarətin artırılmasını istərdik”.

Avropa Şurası idmana məsul nazirlərin 18-ci qeyri-formal konfransı zamanı Ümumdünya Antidopinq Agentliyinin icra komitəsində 2011-2012-ci illər üçün Avropanı təmsil edəcək ölkə də seçiləcək.
XS
SM
MD
LG