Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:05

Təranə Mahmudova "Qurbağa gölü" (Hekayə)


Dayanacağın künc-bucağında isti bir yer axtardı. Küncə qısılıb durdu.

Özünü inandırmağa çalışırdı ki, guya burada bir az istidir. Maşın təkərlərinin yağışla təması qəribə bir səs yaradırdı – şşşşşşş.

Və bu səsin basqısı yaman güclü olardı həmişə - o biri səsləri asanca üstələyərdi. Elə bil yağış hər şeyi yaş eləmişdi – üst-başını, yolları, düşüncələrini, ovqatını.

Toxtaqlıq üçün özünə tələm-tələsik bir şey də fikirləşdi – evdə oturub, özü də mətbəxdə (evdə ən çox sevdiyi yer mətbəx idi. Xudmani, az-çox isti.

Qaz plitəsi də lap böyründə. Yəqin keçmiş dövrlərdə, bəlkə də lap mağaralarda olduğu kimi ocaq başındaymış kimi hiss eləyir adam özünü. Ah, bu genlər!)
Yaxşı, təzədəm çay içir. Balkondakı dolabda qalan sonuncu əncir mürəbbəsi balonunu da açıb.

Avtobus gəldi, özü də yaman gəldi - dopdolu. Birtəhər mindi. Avtobusa doluşmuş adamların nəfəsindən içəri isti idi.

Həm də az-çox quru. Bayırda isə yağış Bakının heç nə ilə əvəz olunmayan və olunmaq istəməyən küləyinin müşayiəti ilə tökürdü ha.

Birdən hiss elədi ki, xeyli vaxtdır dayanıblar. Avtobus yerindən tərpənmir. O tərəfinə-bu tərəfinə baxdı. Elə bil kiminsə nə isə izah edəcəyini gözləyirdi.

Yanılmışdı. Səsini çıxaran yox idi. Səs nədir, heç qımıldanan da yox idi. Nəzərlər bir nöqtədə donub qalmışdı. Hərənin bir donub qalma nöqtəsi var idi.

Elə bil hərə öz düşüncələr gölündə (bəlkə bataqlığında?) üzürdü. Avtobusun da donub qalma nöqtəsi bura idi – evlərinə bir dayanacaq qalmış yer. Tərsə düşmüşdü elə bil – tərpənmək bilmirdi.

Amma onu daha çox adamlar təəccübləndirirdi. Ətrafındakıların səbrinə mat qalmışdı. Görəsən, bu hərəkətsizlik onları heç qıcıqlandırmırdı? Adam əsəbləşir axı.

Dönüb yanında dayanan kişiyə bir ağız şikayət eləmək istədi. “Bu niyə getmir görəsən?” Kişinin heç tükü də tərpənmədi.

Gözünü zillədiyi nöqtədən də ayırmadı. Fikirləşdi ki, adamlar ona görə reaksiya vermirlər ki, sürücü onlara əhəmiyyət verməyəcək, dediklərini qulaqardına vuracaq.

Sürücü də ona görə burada yatıb qalıb ki, bilir ki, heç kim səsini çıxarmayacaq. Nə gözəl anlaşma!

Avtobus içindəkiləri “çalxalaya-çalxalaya” yola düzəldi. “Az-getdi, uz getdi, dərə-təpə düz getdi.” Yollar qazılıb təpəciklərlə əcaib hala salındığından ağlına ancaq bu sözlər gəldi.

Avtobusa necə minmişdisə, eləcə də düşdü – adamları yara-yara. Onunla birgə düşən daha bir neçə adam o biri üzə keçməyə calışırdı.

O da keçməli idi. Su ilə dolu çalalar orda-burda olduğundan palçıqdan, su sıçramalarından qorunmağa calışan adamların yerişi əyri-üyrü trayektoriya cızırdı.

Çox sevdiyi bir ifadə yadına düşdü: ”Səkkiz yazırlar”. Dodağı qaçdı. Amma daha çox ona gülümsədi ki, özü də səkkiz yazırdı.

Qabağınca gedən adamları yamsıladığına görə. Birdən-birə “kəşf elədi” ki, qarşısı ilə gedən oğlan hara gedirsə, o da kor- koranə onun dalınca düşüb gedir.

Sözün əsl mənasında onu yamsılayırdı – hər hərəkətini, hər dönüşünü, hoppanışını, ayağını harasa qoymağını.

Elə bil hipnozlaşdırmışdılar onu bu cür kor-koranə tabeçiliyə. Dönüb geriyə baxdı. Bir qadın da onun arxasınca gəlirdi.

Yəqin kiminsə qabaqda getməyi insanlarda əminlik yaradır - əgər o bu əyri-üyrü yollardan keçibsə, yəqin artıq sınanmış yoldur, təhlükəsi-filanı yoxdur. Hərçənd kim bilir bunun ən sınanmış yol olduğunu?

Yolun yarısını keçib ortada dayandı. Bayaqdan sol tərəfə baxırdı, amma indi sağdan gələn maşınlara göz qoymalı idi.

Yolla xeyli maşın şütüyürdü. Ürəyində deyinməyə başladı: “Bunlar da vaxt tapıblar bu soyuqda küçəyə cıxmağa”.

Beyninin hansısa hissəsi tez cavab verdi:”Bəs sən neynirsən bu soyuqda bayırda?” Svetaforun qırmızı işığı yandı.

Yanında saxlayan bir maşından musiqi səsi gəlirdi. Səsini lap qaldırmışdılar. Fransız müğənnisi idi – Patrisiya Kaas. Ən çox sevdiyi mahnılarından birini oxuyurdu.

Elə bil bu zəhlətökən havaya meydan oxuyurdu – gur, amma bir azca xırıltılı səsiylə, ehtirasıyla, həyat “püskürən” nəfəsiylə. Yolu keçə bilərdi – maşınlar dayanmışdılar.

Amma o tərpənmək istəmirdi. Bu bomboz küçədə onu yerə “mıxlayan” musiqini qoyub getmək istəmirdi. Bəhanə axtarırdı addımlarını ləngitməyə və ləngidirdi də.

Yəqin bu musiqi gözlənilməz bir məkanda oxunurdu, ona görə onu bu qədər məftun eləmişdi. Evdə qulaq asmaq ona belə ləzzət eləmirdi. Həmişə belə edirdi, xüsusilə mağazalarda.

Çox xoşladığı musiqini eşidəndə yalandan ora-bura fırlanırdı, guya nəyə isə baxır, nə isə almaq istəyir. Yaşıl işıq Patrisiyanı onun əlindən aldı.

Fikir vermişdi, həmişə uzaqda olan, əl uzadıb tutmaq istədiyin, hər an əlindən çıxmağa hazır olan, ya da qığılcım kimi tez yanıb-sönən şeylər insana daha şirin gəlirdi. Adamı həsrətdə qoyurdu belə şeylər.

Əmin idi ki, evdə onlarla kassetin, diskin içində Patrisiyanın albomu var. Amma indi bu palçıqlı, yaş, sellofan torbaların ağaclarda ilişib boş-boş “dalğalandığı” küçədə onu duymaq ayrı bir ləzzət idi.

Küçəyə bir rəng qatırdı bu mahnı. Maşın musiqi qarışıq çoxdan çıxıb getmişdi, amma o ürəyində Patrisiyanın mahnısını oxuyurdu, bəlkə də ürəyi özü oxuyurdu onu.

Fransız dilini çox sevsə də, heç bilmirdi. Ancaq j, ö, ğ səslərini çox eşitdiyindən özündən bu səslərlə dolu kəlmələr toqquşdururdu, adını da qoyurdu ki, guya fransızca mahnı oxuyur. Musiqini “la-la” deyib oxumayacaqdı ki. Fransız dilini öyrənmək çoxdan keçirdi ürəyindən.

O qədər xoşuna gəlirdi ki, bu dil. Amma vaxt tapıb bu işin dalınca düşə bilmirdi.

Fransızların öz paytaxtlarına Pari, Paği demələri xüsusilə qulağını oxşayırdı. “Həmişə səninlə olan bayram”. Heminqueyin bu əsərini də çox sevirdi. Amma povestin adını daha çox sevirdi.

Əsər şəhərlər gözəli Paris haqqında idi. Heminquey Parisə olan sevgisini bu cür izhar eləyirdi – həmişə səninlə olan bayram. “Amma nə yaxşı ifadə eləyib” deyə tez-tez fikirləşərdi.

Qəribə bir maqnetizm var idi bu sözdə. Bayramlar gəldi-gedərdi. Əsl bayram odur ki, həmişə sənin içində ola.

Bu sözləri düşünərkən həyətlərində əkilmiş və artıq qurumağa macal tapmış ağacın yanından keçirdi. Gəldilər, tez-tələsik bir neçə ağac əkdilər, çıxıb getdilər.

Sonra nə su verən oldu, nə də baxan. Ağac tingə bağlandığından sınıb eləməmişdi. Dik dayanmışdı, amma ölmüşdü. Yox idi artıq. Ağaca bir imitasiya!

Palçıq nəzərə alınmazsa, həyətlərində hər zamankından fərqli olaraq zir-zibil yox idi. Səhər-səhər başlayan güclü külək yaxşıca silib-süpürmüşdü buraları.

Beyninin hansısa hissəsi patefon kimi Patrisiyanın mahnısını səsləndirməkdə davam edirdi.

Fransada olmuş dostlarından biri fransızların ğ səsini çox işlətmələrinə işarə edərək zarafatla deyirdi ki, o qədər qurbağa yeyirlər ki, qurbağa kimi elə hey ğ-ğ deyirlər. Fransızların qurbağa yemələrini heç cür başa düşmürdü.

Bəlkə ona görə ki, qurbağalardan acığı gəlirdi. Qurbağa ilə bağlı bütün deyimlər onu qıcıqlandırırdı. İllah da ki, “Elə bil qurbağa gölünə daş atdılar” ifadəsi.

Uzun müddət anlaya bilməmişdi onun mənasını, çünki məntiqsiz görünürdü ona.

Sonra öyrənib bilmişdi ki, qurbağaların yığışdığı gölməçəyə daş atanda qurbağa “xoru” o saat susur. Həmrəycəsinə!

Haradasa oxumuşdu ki, qurbağanı bişirmək o qədər də asan iş deyil.

Onun üstünə isti su tökərsən sıçrayıb qazandan atılar.

Ona görə də aşpazlar qurbağanın üstünə soyuq su tökürlər, süni bir göl yaradırlar, sonra da qazanı lap kiçik atəşdə qızmağa qoyurlar. O da soyuq suyu özünün doğma gölü bilib bu sərinlikdən həzz ala-ala ..... ölür.

Su asta-asta qızır, qurbağa bunu hiss eləmir. O ölür, amma bundan xəbəri olmur. Kiminsə xörəyi olmağa hazırlaşır, aqibətini bilmir!

Qurbağanın bu gölünə daş atmağa ehtiyac qalmır, o özü tezliklə susur. Birdən-birə fikirləşdi ki, ən böyük dəhşət öldüyünün, məhv olduğunun fərqində olmamaqdır.

“Yox, yox, daha böyük dəhşət fiziki cəhətdən həyatda olub da, ruhən, mənən ölməkdir.”- deyə səhvini düzəltdi.

Evinə nə zaman gəlib çatdığından xəbəri olmamışdı. Qapını açıb içəri girən kimi evdəki bütün işıqları yandırdı.

Diskləri saxladığı qutunu götürüb içini döşəməyə boşaltdı.

Ac adam yeməyə girişən kimi diskləri hərisliklə eşələyib onu axtarmağa başladı – Patrisiyanı.

Onun fikirlər zəncirini qurbağa ölümünə gətirib çıxaran elə həmin zəncirlə də geriyə - Patrisiyanın səsinə qayıtmaq istədi. Bir az həyat istədi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG