Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:37
Kənan HACI

“Gəlin, öləndə də müqavimət göstərək. Əgər bizim taleyimizdə nə vaxtsa yox olmaq varsa, o zaman heç olmasa bunun ədalətli olması ilə razılaşmayaq.”
A. Kamyu
“Qiyamçı insan” kitabından


Vaxtilə dahi Azərbaycan şairi Nəsiminin nəşini Hələbdən Bakıya gətizdirmək istəyirdilər, eləcə də Füzulinin məzarını Azərbaycana eskumasiya etmək niyyətində olanlar vardı.

Amma bütün bu xeyirxah niyyətlərin mənasızlığını anlayanlar da vardı.

M.F. Axundov da Azərbaycandan kənarda- Tifflisdə dəfn olunub, Abasqulu ağa Bakıxanov da Məkkə ilə Mədinə arasında “Vadiyi-Fatimə” adlanan yerdə dəfn olunub.

Neçə-neçə dahilərimizin son məkanı vətəndən uzaqlardadır.

Bu, taledir, qismətdir. Dahilərin sonuncu ünvanı həmişə qürbət ellərin qismətinə düşür...

Çox kədərli bir temadır. Dünya ədəbiyyatında ən çox sevdiyim yazarlardan biri də avtomobil qəzasında dünyasını dəyişmiş Nobel mükafatı lauretı, fransız ekzistensializminin əsasını qoyanlardan biri Alber Kamyudur.

Hal-hazırda bütün dünyada belə bir xəbər dolaşır: Fransa prezidenti Sarkozi Kamyunu Panteona köçürməyə çalışır.

Panteon başıbəlalı qəbiristanlıqdır. Bu günlərdə solçu yazar Məmməd Süleymanovun bir yazısında oxudum ki, orada dəfn olunanların çoxu bir müddət keçdikdən sonra Panteonu tərk etməli olublar.

Məsələn, Mirabo, Marat, Jan Jak Russo və sair.

Bu isə tarixin ironiyasıdır. Mən Kamyunun sümüklərinin və həm də ruhunun dərbədər olunmasını istəmirəm. Ölümün verdiyi “azadlıq” həm də bax, budur. Qəbirdə də səni rahat buraxmırlar.

Çünki sənin adın artıq bəşəriyyət tarixinin vərəqlərinə həkk olunub.

Kamyu “gəlin, öləndə də müqavimət göstərək.” deyirdi.

Ölümdən sonra isə müqavimət işə yaramır. Sarkozinin təklifi Kamyunun fəlsəfəsiylə səsləşmir.

“Mənə hətta öz ölümümü də çox görəcəklər.” Dediyi düz çöxdı, o, növbədənkənar ölümlə toqquşdu. Yol qəzası - ölümlə toqquşmaqdır.

Ölümündən 50 il keçməsinə baxmayaraq, zamanımızda Kamyu qədər oxunan yazıçı az tapmaq olar.

Onun “Kaliqula” əsərini oxusanız, bizimlə razılaşarsınız ki, nə qədər yer üzündə hökümdar və rəiyyət var, bu əsər öz müasirliyini, aktuallığını itirməyəcək.

Eləcə də “Taun” romanı. Tanrı insanlardan ona görə üz döndərir ki, insanlar onu büsbütün unudurlar və bu zaman taun adlı əjdaha qorxunc ağzıyla hər tərəfə ölüm püskürür.

Yazıçı bu gün sümükləriylə döyüşür. Sağlığında qazandığı möhtəşəm qələbə dünyanın sonuna qədər qüvvədə qalacaq. Əndişələnməyə dəyməz. Sadəcə, yetər ki, Kamyunu oxuyasınız.

Günün bütün mövzuları

XS
SM
MD
LG