Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

MSK sədrinin «seçkidən sonrakı istirahət» söhbəti....


“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda tədbir - 20 sentyabr 2010
“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda tədbir - 20 sentyabr 2010
“Bu il əvvəlki illərdən fərqli olaraq əvvəlcədən şərt irəli sürmədən bütün siyasi partiyalar, iddialı namizədlər seçkiyə qatılıblar. Əvvəlki illərdə bu və ya digər partiya öz uğursuzluğunu sığortalamaq üçün bəyanatlar verirdilər ki, seçkiyə qatılmırlar, çünki onun saxtalaşdırılacağını bilirlər. Bu il isə əsas siyasi partiyalar və iddialı namizədlər seçkilərdə iştirak edəcəkləri barədə bəyanatlar veriblər. Və düşünürük ki, builki seçkilər xüsusi bir fəallıq, yarış şəklində keçiriləcək”.

ATƏT-in Bakı ofisi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 20-də “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda birgə keçirdikləri tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə deyib.

Cənab Həsənov yerli icra başçılarının bu məqamı xüsusi nəzərə almalarını zəruri sayır və deyir ki, onlar seçki günü seçicilərin azad şəkildə məntəqələrə gəlmələrini, iradələrinə heç bir kənar təsir olmadan səs vermələrini təmin etməlidirlər:

«Əsas odur ki, seçkiyə qatılan seçicilərin etimadını qazansın bu seçkilər. Eyni zamanda beynəlxalq müşahidəçilər seçki prosesinin şəffaf, ədalətli, tərəfsiz keçirildiyinin şahidi olsunlar».

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə deyir ki, indiyədək keçirilən seçkilərdə hətta beynəlxalq qurumlar belə hansısa dairə, yaxud məntəqədə seçilən namizədin yox, seçilməyənin adının sənədləşdirildiyi ilə bağlı MSK-ya irad tutmayıb:

SEÇKİLƏRDƏ COXLUĞUN FİKRİ QALİB OLUB?

«İndiyə qədər keçirilmiş seçkilərin heç birində seçkinin ümumi mənası - çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb. Həmişə çoxluğun mövqeyi ortada olub».

Məzahir Pənahov hesab edir ki, budəfəki seçkilərin mövcud mərhələlərində də hələ ki, hakimiyyət resurslarından istifadə, yaxud komissiyaların fəaliyyətində hansısa xoşagəlməz hallarla bağlı
MSK sədri icra hakimiyyətlərinə öz işlərini özləri görməyi tövsiyə edir
MSK-ya heç bir beynəlxalq qurum tərəfindən hər hansı irad tutulmayıb. Qarşıdakı mərhələdən də necə deyərlər, üzü ağ çıxmaq üçün MSK sədri icra hakimiyyətlərinə öz işlərini özləri görməyi tövsiyə edir:

PƏNAHOV SEÇKİDƏN SONRAKI “İSTİRAHƏTİ” UNUTMUR…

«Seçkilər ciddi zəhmət tələb edir. Yəni, zəhmət çəkilməlidir. Və seçkilərdən sonra da hamınız o yorğunluğu hiss eləməlisiniz. Sonra da o yorğunluğu biz canımızdan çıxartmalıyıq».

Məzahir Pənahov deyir ki, indiyə qədər icra strukturlarına olan iradların 90 faizi onların öz işini ikinci adama tapşırması və buna görə də ortaya hansısa üçüncü problemin çıxması nəticəsində baş verib.

ATƏT YALNIZ TEXNİKİ İNKİŞAFI YETƏRLİ SAYMIR


ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel isə deyir ki, beynəlxalq təşkilatlarda hazırlanan bütün hesabatlarda Azərbaycanda keçirilən seçkilərdə irəliləyişlərin olduğu qeyd edilir. Bunlar daha çox inzibati tədbirlərlə əlaqədar MSK və dövlətin digər orqanlarının həyata keçirdiyi tədbirlərin texniki vasitələrlə irəli aparılmasından qazanılan nailiyyətdir. Amma bununla yanaşı yenə də hazırlanan hesabatlar və müşahidələr onu göstərir ki, sonuncu bələdiyyə seçkiləri də daxil olmaqla seçki prosesinə qanunsuz müdaxilələrin baş verməsi ayrıca gerçəklikdir:

«Bu müdaxilələr hətta o qədər olub ki, keçənilki seçkilərdə bəzi DSK üzvləri, rəhbərləri, hətta bir icra başçısının görəvinə son verilmək məcburiyyətində qalındı».

Cənab Cankorel deyir ki, çoxluq təşkil etməsə belə, bu cür qanunsuzluqların baş verməsi mənfi qarşılanır.

DƏYİRMAN BİLDİYİNİ EDİR, ÇAXÇAX…

Elxan Şahinoğlu
“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, MSK və mərkəzi icra hakimiyyətindən yerli orqanlara hansı təlimatlar verilir-verilsin, əgər bu əməllə uyğunluq təşkil etmirsə onun heç bir əhəmiyyəti yoxdur:

«Ümumiyyətlə, indi heç rayonlarda icra hakimiyyətlərinin seçkiyə müdaxiləsinə ehtiyac da yoxdur. Əgər seçkiləri saxtalaşdırmaqla bağlı qərar varsa və bu müəyyən dairələrdə müzakirə olunursa, ona icra hakimiyyətinin qarışmasına ehtiyac da yoxdur. Çünki bu DSK-larda və mərkəzdə həll olunur».

O ki qaldı yerlərdə rayon icra hakimiyyətlərinin azad seçki mühiti yaratması məsələsinə, Elxan Şahinoğlu deyir ki, gerçəklik bunun tam əksini göstərir. Onun fikrincə, indinin özündə də icra hakimiyyətləri yerlərdə seçki ilə bağlı tədbirlərin keçirilməsinə icazə vermirlər. Hətta QHT-lərin maarifləndirici seminarlar keçirməsi də əngəllənir.

ATƏT-in Bakı ofisi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda birgə sessiyaları bundan sonra Şirvan, Mingəçevir və Naxçıvanda davam etdiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG