Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:43

«Azadlıq odur ki, Allah belə sənə müdaxilə etməsin»


Rüstəm Behrudi
Rüstəm Behrudi
“İşdən sonra” verilişinin qonağı şair Rüstəm Behrudiylə söhbəti kiçik ixtisarla təqdim edirik…

«BİR SƏS ÇAĞIRIR MƏNİ»

- Xoş gəlmisiniz, Rüstəm bəy.

- Çox təşəkkür edirəm.

- Sözlərinizə yazılan “Payız” adlı mahnıda “gedək buralardan” deyirsiniz. Hara gedək, Rüstəm bəy?


- Əslində mən həmişə, bütün həyatım boyu fikirləşmişəm ki, hardasa uzaqlarda bir yer var. O uzaqlar həmişə məni çağırır. Məsələn, 30 il bundan əvvəl, kənddən Bakıya məni gətirən bir səs idi. Mən ona qoşuldum, gəldim Bakıya. Indi təbii ki, Bakıda da başqa bir səs məni çağırır. Daha da uzaq bir yer yəni. O məkan anlamında olmasın gərək. Daha başqa bir şeylər məni çağırır. Birdə görürsən evdə oturduğum yerdə qeyri-ixtiyari deyirəm ki, çıxıb gedəcəm. Hətta evdə soruşurlar məndən, hara çıxıb gedəcəksən? Balaca bir qızım var, soruşur ki, ata, hara çıxıb gedəcəksən?

- Hələ cavabı bilmirsiniz?..

- Bax o səsdirmi, nədir bilmirəm. Məkan anlayışı deyil ancaq. Harasa bir yerə getmək... Məsələn, bütün İranı gəzdim, o axtardığım yer orda yoxdur. Mən son 5-10 ildə dünyanı gəzmişəm, Asiya qitəsinin son nöqtəsi Vyetnamdır, ora getdim, dünyanın o biri ucunda Amerikadadır, Mayamidir, orda oldum. Bu boyda ölkələr gəzdim. Amma həmin yer yoxdur əslində… Mən həmişə harasa can atıram. Və o mənada fikirləşirəm ki, hələ deməli ömür qabaqdadır. Mən o yerə getməyə can atıramsa, mənim ayaqlarım yazıq. Bir yerə getmək lazımdırsa, ayaq lazımdır axı. Ona görə deyirəm ki, yazıq ayaqlarım. Getməyə bir yer var, yazıq ayaqlarım yazıq.

CƏNNƏTDƏ CANATIM YOXDURSA, NƏYƏ YARAR?

- Rüstəm bəy, o yer necə olmalıdır? Cənnətə bənzəyir bəlkə?


- O yer bilirsiniz mənim üçün nədir? Hər şeyin azad olduğu bir yer. Insan ruhunun istədiyi hər şey, Azadlıq deyilən bir yer olmalıdır.

- Bəlkə elə Cənnət də azadlıqdır?

- Mən Cənnət deyilən bir şeyin hamının arzuladığı, ancaq mənim ruhuma uyğun olmayan bir şey olduğunu deyirəm.

- Düzü, Cənnətə, Cəhənnəmə mən də inanmıram. Amma…

- Mənim bir şeirim var. Yazmışam ki, Cəhənnəmi Cənnətindən gözəl, Allah, hardasan? Niyə belə demişəm. Cənnət uydurma da ola bilər. Özü olsa belə nəyə yarayar. Orda can atma yoxdur. Və hər şey əbədi rahatlıq, gözəllik, hər şey sənin qulluğunda, Allah istədiyin hər şeyi verib. Orda canatma yoxdursa, insan ruhu azad ola bilməz, rahat ola bilməz. Cəhənnəmi Cənnətindən niyə gözəldir? Heç olmasa qazanın dibində yanmaqdan uzaqlaşıb can atmaq olar ki, bir az üstdə yanasan, qazandan çıxasan. Ona görə Cəhənnəmi Cənnətindən gözəl Allahdır o.

- Azadlıqlardan danışırsız. Mümkündürmü, bütün azadlıqlar təmin olunsun?

- Mən həmişə deyirəm ki, azadlığın taxtda oturduğu bir yerdə azadlıq olmur. Çünki orda taxt varsa, hökmranlıq varsa azadlıqdan danışmaq mümkün deyil. Yəni tam azadlıq olan yerdə azadlıq da olmur. Mən elə fikirləşirəm. Çünki orada artıq hökm verən var, taxt var. Məsələn, orda taxtda azadlıq əyləşibsə, onun əsabələri də olacaq, qulları da olacaq. Tam azadlıq yoxdur yəni.

- O baxımdan Azərbaycanda azadlıqların təminatı necədir?


- Dünyanın ən demokratik ölkələrini gəzdim mən. Avropa ölkələrini, Skandinaviya ölkələrini, dünyanın hər yerində, lap elə Avropanın özündə azadlıqdan dəm vursalar da, mütləq azadlıq yoxdur. Amma Azərbaycandakı azadlıqlarla Avropadakı azadlıqlar bir az fərqli şeylərdir. Nə mənada? Bizim dəyərlər var. Avropalıların azadlıq hesab etdiyi bir şey bizim üçün azadlıq deyil. Bəlkə də bir qədər təhqirdir. Mentalitetimizə, xalqın ruhuna yad olan bir şeydir əslində. Avropa ölkələrinin çoxunun konstitutsiyasına saldığı bəzi şeylər var ki, bizdə ədəbsiz şeylər kimi qəbul olunur. Məsələn, narkomaniya, homoseksualizm. Əgər bu azadlıqdırsa, bu azadlıq Azərbaycana lazım deyil ki. Yəni Avropa dəyərləri deyilən bir dəyər yoxdur. Əslində böyük dəyərlər, bəşəri dəyərlər olmalıdır.

- Sizcə, avropalılar bəşər deyil?

- Mən bayaq bir şey dedim. Bütün azadlıqlar olan yerdə azadlıq olmur. Bir dəfə İsveçə getmişdim, Stokholma. Və dostlarımla gəzirdim. Təbii ki, mən İsveç dilini bilmirəm. Mən Avropada şüar görmədim. Bizdəkindən fərqli olaraq, iqtidarı, müxalifəti əks etdirən şeylər yox idi. Təsadüfən bir şüar gördüm. Mən yanımdakından soruşdum ki, bu nəyin reklamıdır. O güldü, dedi ki, bu narkomaniyanın reklamıdır. Yazıblar ki, içib sürünməkdənsə, çəkib uç. Yəni içki ziyandır, içib yerdə sürünürsən. Ancaq narkomaniya belədir ki, içib uça bilərsən. Məsələn, bu Avropa dəyəridir. Bu dəyərin bizim millətə nə dəxli ola bilər ki? Mən belə fikirləşirəm ki, böyük bəşəri dəyərlər var, Avropa dəyəri adında dəyər yoxdur.

- Seçimləri bəlkə insanlara vermək lazımdır, onlar özləri seçsinlər? Onu azərbaycanlıya və ya isveçliyə bölmək lazım deyil bəlkə? Məsələn, şairin azərbaycanlısı, isveçlisi olurmu?

- Doğrudur, bu seçim məsələsidir. Əslində niyə bizə elə gəlir ki, bu daha gözəldir? Çünki dünya demokratik üsul idarədən daha yaxşısını kəşf etməyib hələ. Bundan yaxşısı yoxdur. Bu da normal bir şey deyil axı. Bu yaxınlarda Türkiyədə referendum keçirildi. Bu demokratik seçim adlanır. Ancaq burda əhalinin 58 faizi iqtidarın tərəfində dayandı, 42 faizi «yox» dedi həmin referenduma. Bu üsul idarə, bu seçim doğrudurmu? Burda Türkiyə əhalisinin 58 faizi təmsil olundu. Onların dediyi olacaq. Gəlin fikirləşək bu 42 faiz – «yox» deyənlər nə olsun bəs? Deməli demokratik üsul idarə ən yaxşısıdır, tam həqiqi ədalətlisi deyil. Çünki orda 42 faizin haqqı yeyildi axı. Diktatura əgər azlığın çoxluq üzərində hakimiyyətidirsə, demokratiya çoxluğun azlıq üzərində hakimiyyətidir, zorakılığıdır. Bu da diktaturanın tamam başqa formasıdır. Ancaq bəşəriyyət hələ demokratik üsul idarədən daha yaxşısını tapmadığından biz məcburuq hələ bununla razılaşaq.

ALLAHIN BİZİ SINAĞA ÇƏKMƏYƏ NƏ HAQQI VAR?

- Şair üçün demokratiya nədir bəs?

- Olduğu kimi deyimmi yəni? Bəlkə də məni qınayacaqlar. Heç kimin işinə qarışmırsan. Sənə də qarışmırlar. Əslində insan azadlığı nədir? İnsan azadlığının sərhədləri harada bitir, harada başlayır, birinci onu aydınlaşdırmaq lazımdır. Mən həmişə fikirləşmişəm ki, bir insanın azadlığının sərhədi başqa bir insanın azadlığının sərhədində bitir. O mənada azadlığın da bir sərhəddi var. Əgər bitmirsə, burda yenə zorakılıq var. Sən deməli, onun azadlığına zorakılıq edirsən, onu qəsb edirsən. Artıq burda həmin ölçü olmur. Dediyiniz o demokratik dəyər olmur. Mənim üçün azadlıq nədir? O elə bir dəyərdir ki, hətta orada Allahın müdaxiləsi belə yol verilməzdir. Yəni insan tək doğulub, tək yaşayıb və tək də öldüyünə görə, bu Yer üzündə insan həmişə yalqızdır. Kim nə deyir desin. Ən doğma adamları ilə bir yerdə, sevdiyi adamlarla bir yerdə, hətta sevgilisi ilə bir yerdə olsa belə. Insan budursa, onun azadlığına hətta Allahın müdaxilə eləməsi düzgün deyil. Mən həmişə deyirəm ki, Allah adamları cəhənnəm əzabı ilə imtahana çəkir. Əgər hər şey Allaha bağlıdırsa, onun iradəsindən kənarda heç nə yoxdursa, onun bizi cəhənnəm əzabı ilə imtahana çəkməyə nə haqqı var?

- Vaqif Səmədoğlu bir dəfə demişdi ki, şair Allaha da müxalifətdə durmalıdır.

- Düzgün fikirdir. Ancaq şairlər də Allahın onlara verdiyi istedaddan gərək sui-istifadə etməsinlər. Allah şairləri seçib. Bu doğrudan da belədir. Bu dini kitablarda da var ki, şairlər seçilmişlərdir. Ancaq şairlər də hərdən Allahın onlara verdiyi bu qabiliyyətdən, bu istedaddan sui-istifadə edirlər. Nə cür? Allahın sirrlərini açmağa çalışırlar.

- Siz bu sirrləri bilirsiniz?


Əlbəttə bilirəm. Bilməsəydim mən niyə şer yazırdım? Bir sirrini deyə bilərəm. Mən həmişə fikirləşmişəm ki, bu dünyada ən çox şairlər Cəhənnəmə gedəcək. Niyə? Allah heç vaxt onun sirrini açmağa çalışanları sevmir. Bu dünyada onun sirrlərini açmağa can atanlar ən çox şairlərdir. Heç alimlər, filosoflar da deyil. Ağıllı adamlar filosof olurlar. Şairlər isə... Məsələn, şairlə peyğəmbərin fərqi nədədir? Peyğəmbərlər Allahın onlara göndərdikləri vəyhləri olduğu kimi bəndələrə çatdırırlar. Şairlər isə özlərinin başa düşdükləri kimi. Fərq burdadır. Şairlik əslində nədir? Onu desək Allahla münasibət açılar da. Şer və şairlik insanın ölümlə, əbədiyyətlə, zamanla və Allahla qarşılaşmaqdan doğan heyrətinin məhsuludur. Şairlər təslim olmayan adamlardır. Və o mənada istəyirlər Tanrının sirrlərini açsınlar. Tanrı onun sirrini açan adamları heç vaxt bağışlamaz.

Çox şeylər bilirəm bu Yer üzündə,
Bilirəm Cənnətdə buğdanı hansı mələk göstərib Həvvaya,
Və hansı mələk küləksiz sovurub, sovub
Bilirəm Adəm nə cür Cənnətdən çıxıb.
Allah Iblisi dərgahından nə sayaq qovub.
Bilirəm İblisi niyə öldürməyib, əfv eləyib Adəmi,
Bilirəm sonradan niyə nəfsinə qul eləyib adamı.
Çox şeylər bilirəm.
Ancaq sirrini açmadan Allahın
Yaşayıram bildiklərimi unuda-unuda.
Bilirəm Allahın düşməni İblisin gizlində Allahın dostu olduğunu da.

Ən böyük sirr budur. Əslində üzdə Allahın düşməni olan İblis, gizlində Allahın dostudur. Qiyaməti hazırlamaqda ona yardımçı olduğuna görə. Quranda da, başqa dini kitablarda da var ki, Allahın iradəsindən kənarda heç bir şey mövcud deyil. Quranda deyilir ki, O hətta gecənin qaranlığında gedən qarışqanın ayaq izlərini görür. Bir yarpaq belə onun icazəsi olmadan ağacdan düşə bilməz. Əgər belədirsə onun yaratdığı İblisin nə icazəsi, nə qüvvəsi var ki, ona etiraz etsin. Deməli İblisin etiraz etməsini Allahın özü istəyib. Və istəyibsə burda İblisin nə günahı var?

«TORPAQ DA BİZDƏN BEZİB, VƏTƏN OLMAQ İSTƏMİR»

- Keçək dinləyici suallarına. Dinləyici soruşur ki, Azad Mirzəcanzadənin sizin savadszlığınızla bağlı tutduğu iradın xeyri oldumu? Müsahibələrinizdən birində söyləmişdiz ki, Azad Mirzəcanzadə sizə «çox istedadlısan, amma savadsızsan» deyə irad tutub. Dinləyci də buna toxunur.

- Azad müəllimin o sözü mənim bütün həyatımı dəyişdi. Yəni daha çoxlu kitablar oxudum. Təbii ki, sıradan kitablar oxumadım. Hər gecə yatmazdan qabaq yarım saat, bir saat mütləq kitab oxuyuram. Bu da rəhmətlik Azad müəllimin mənə məsləhəti idi. Təbii ki, Azad müəllim kimi böyük, dahi bir şəxsiyyətlə söhbətdə mən savadsız görsənəcəkdim. Məni çox istədiyindən demişdi «savadsız» ifadəsini də. Mən də məcbur oldum əvvəl onun məsləhət bildiyi kitabları oxudum. Sonradan, bir az ağıllanandan sonra ( gülür) öz məsləhət bildiyim kitabları oxudum. Məsələn, məsləhət bilirəm ki, məşhur bir Braziliya yazıçısı var, Artur Kvonhelo onun kitablarını oxusun dinləyiciniz də. O dini mistika ilə bağlı İncildən, Qurandan təsirlənib çox böyük bir bədii ədəbiyyat yaradıb. Bütün dünya bu dəqiqə onu oxuyur.

- Dinləyici vətən haqda yazdığınız sonuncu şerlə marqalanır. Və ardınca soruşur ki, haçan bu millətin içindəki qorxu itəcək və bu savaş bitəcək?


- Son vaxtlar bir tamaşa üzərində işlədiyimdən şerləri yazıram, amma üzərində işləmirəm. Vətən haqda ən son şerim, özümün xoşuma gələn şerim odur ki:

Bu nə cür məmləkətdir
Bəndəsi haqq istəmir.
Torpaq da bizdən bezib.
Vətən olmaq istəmir.

- Sizcə, niyə belə?


- Oturub fikirləşmək lazımdır ki, torpaq bizdən niyə bezib? Şerin sonunu da deyim:

Ruhumu bilə-bilə
Yolladım şeytan elə.
Bu yerdə Allah belə
Allah olmaq istəmir.

Bu Azərbaycan məmləkəti haqda mənim sonuncu şerimdir.

- Sizcə, burda Allahın da Allah olmaq istəməməsi kimin günahıdır?

- Burda xalqın da günahı var, indi hakimiyyətdə olanların da. Quranda bir ayə var. Deyir ki, ey Rəsulum, bəndələrimə söylə, bir qövm ki, yəni bir cəmiyyət, bir xalq, özü öz halını dəyişmək istəməsə mən onun halını dəyişmərəm. Və içindən də ən pis adamı ona hökmdar qoyaram.

- Siz nəyi dəyişmək istərdiniz?

- Mən həmişə xəcalət hissi keçirmişəm. Iki dəfə elə böyük xəcalət hissi keçirmişəm ki, hətta türk olduğuma görə utanmışam. Birini deyim, bir dəfə Vyetnamda türklərlə Türk dövlətinin yaranış tarixindən danışırdım. Türklər idi ətrafımda. Sayqonda. Bir qayıtdı ki, abiciyim, belə yekə-yekə, boş-boş danışmaqdan bir şey çıxmaz. Siz o boyda məmləkəti əldən verib, gəlib Vyetnamda oturub türkün taleyindən danışırsınız. Mən onda xəcalət çəkdim. Azərbaycan bu gün bilirsiniz nə gündədir? Azərbaycan bu gün ortada qalmış bir ana tabutuna oxşayır. Yəni bunu qaldırmaq bütün oğulların borcudur. Birdə görürsən tabutun qarşısından iki adam yapışıb. Arxasından getməyə bir adam yoxdur. Və mən elə fikirləşirəm ki, iqtidarlı, müxalifətli, ziyalısı hamısı bu ana tabutu ortadan qaldırmaqla məşğul olmalıdır. Bu tabutu dəfn edəndən sonra hər şey yenidən başlamalıdır.

AĞILLI ADAM BİR DƏFƏ SƏHV EDƏR…

- Rüstəm bəy, deputat olmaqdan niyə vaz keçdiniz?

- Mən iki dəfə cəhd elədim. Fikirləşdim ki, mənim yaşımın elə bir həddidir ki, parlamentdə bu millətin taleyi ilə bağlı, taleyüklü məsələləri ilə bağlı fikir deyə bilərəm, xidmət edə bilərəm, ancaq mən baxdım gördüm ki, mənə mane olan adamlar bir tərəfə, bu millət qəbul eləmədi məni.

- Yəni səs ala bilmədiniz seçicidən?

- Yox, mən səs ala bilmədim yox. Mən hər dəfə real deputat idim. Yəni qəbul eləmədilər də bu adamlar məni.

- Saxtakarlıq oldu demək istəyirsiniz?

- Oldu hə. Məni qəbul eləmədilər. Və bu iki dəfə baş verdi. Ağıllı adam bir dəfə səhv edər, iki dəfə səhv edər, üçüncü dəfə eləməz. Mən o səhvi etmək istəmirəm.

HACIBALA ABUTALIBOVLA DOSTAM

- Dinləyicidən daha bir sual, deyirlər ki, Rüstəm Behrudi Hacıbala Abutalıbovun qeyri rəsmi mətbuat xidmətinin rəhbəridir. Bu düzdürmü?

- Hacıbala Abutalıbovla ziyalı kimi, professor kimi dostluğumuz var… Axı o boyda Bakı Şəhər İcra hakimiyyətinin mətbuat idarəsi var. Mən kiməm ki, onun mətbuat xidmətinin rəhbəri olum? Mənim vaxtım olsa kitablarımla məşğul olaram da.

- Rüstəm bəy, deyirsiz dostsunuz. Bəs dostyana ona iradlarınızı deyə bilirsinizmi?


- Mən istənilən adama iradlarımı deyə bilirəm.

- Məsələn, hansı iradlarınızı bildirmisiz?

- Mən birinci elə siz müxbirlərə iradımı bildirmək istəyirəm. Nə cür olur ki, Hacıbala Abutalıbov hakimiyyətə gələn ilk günlərdə yaxşı işləyirdi. Şəhər çirkabın içindəydi. Siz bunu ilin adamı elan elədiniz. Azərbaycan mətbuatı, televiziyası, bütün qəzetlər 4-5 il ancaq Hacıbala Abutalıbovu mədh eləməklə məşğul idi.

- Bəli gəldi. Yersiz tikililəri sökdürdü, bir qədər səliqə-sahman yaratdı. Amma sonra axı daha betər görüntülər yarandı. Bu gün Bakıda planlı tikinti getmir.


- O binaların sahiblərinin kim olduğunu da nəzərə alın.

- Deyirsiz ki, Hacıbala Abutalıbov söz sahibi deyil?


- Hacıbala müəllim həmişə söz sahibi olub. Hacıbala müəllim hansı gün söz sahibi olmasa çıxıb gedər. Mən demirəm o günahsız adamdır, heç günahı olmayan adamdır. Ancaq mədh edib, göylərə qaldırdığınız adamı sonradan yerə çırpmaq düzgün deyil.

- Burda konkret kimi Azərbaycan mətbuatını günahkar bilirsiniz?

- Bəlkə də indi sizin ondan tələb etdiyiniz şeylər onun imkanları xaricindədir. Ola bilərmi?

- Onu siz bilərsiniz dostu kimi.

- Biz dost deyilik. Dostluq tamam başqa bir şeydir. Hacıbala müəllimi adi bir professor kimi tanıyıram və kim olduğunu bilirəm.

- Siz dediniz ki, sözü eşidilməyən yerdən çıxıb gedə bilər.

- Əlbəttə gedə bilər. Mən sizə bir şey deyim. Həm Bakıda yol çəkirlər, həm də Bakıdan qıraqda. O yollar arasında fərq yoxdur? Mən bilirəm ki, Hacıbala müəllim nə edirsə içdən edir, sədaqətlə edir.

- Bakıdakı yollar yaxşıdır demək istəyirsiniz?

- Bakının içindəki, Bakı Şəhər İcra hakimiyyətinin çəkdiyi yollar sağlamdır.

- Bakıda yolu bu il çəkirlər, gələn il yenidən sökürlər…

- O düzgün bir şey deyil ki. Ağıllı bir adam olmalıdır. Azərbaycanın baş planı olmalıdır. Nəsimi rayon icra hakimiyyətinin yanından Hacıbala müəllim bir gözəl yol çəkmişdi. Dünən gördüm ki, onu söküblər. O boyda asfalt salıblar və onu söküblər. Həmişə fikirləşorəm ki, nə yaxşı Bakı meriyasının tarixində Hacıbala Abutalıbov kimi bir adam olub. Onun heç olmasa gördüyü işləri də qiymətləndirmək lazımdır. Mənim ondan keçəsi işim yox, mən normal yaşayan, hər şeyi olan bir adamam və ona da heç bir ehtiyacım yoxdur.

- Bakıda gedən tikinti bumuna münasibətiniz necədir?

- Dünən də, bu gün də Bakıda hərəkət etmək mümkün deyildi. Mən bilmirəm bu Hacıbala Abutalıbovun günahıdır, ya bu işlərə rəhbərlik edən dövlət səviyyəli adamların günahıdır? Bütün Bakını, Bakı deyilən bir şeyi Bakının içinə yığdılar. Əslində Bakı şəhəri kənara genişlənməli idi. Novxanı boyunca genişlənməli idi, Sumqayıt yolu boyunca genişlənməli idi.

- Siz Abutalıbovun mətbuat xidmətinin rəhbəri olmasaz da, xeyli müdafiə etdiniz…

- Təkcə Hacıbala Abutalıbov yox, rəhmətlik Əbülfəz Elçibəy də mənim dostum idi. Hətta onların hakimiyyəti dövründə belə yaxşıya yaxşı deyirdim, pisə pis. Hərdən Elçibəy mənə irad tuturdu ku, mən bilmirəm, sən mənim dostumsan yoxsa başqalarının. Deyirdim ki, mən haqsız olan hər şeyə qarşı çıxıram. O gün qəzetdə yazıblar ki, Hacıbala müəllim özünü asmaq istəyib. O yazan axmaq birinci Hacıbala müəllimin otağına girməlidir, orada özünü asmaq üçün xeyli iş lazımdır. İki fəhlə lazımdır, böyük pilləkən lazımdır ki, ora ip asasan. Havadan heç nə yazmaq olmaz.

- Deyəsən, kabinetinə yaxşıca bəldəsiz…


- Mən onun kabinetində olmuşam. Məndən də bəzən gücüm çatmadığı şeyləri xahiş edirlər. Gücüm çatanda edirəm, etməyəndə də… Onlar üçün nə maraqlıdır ki, Rüstəm Behrudi Hacıbala Abutalıbovun mətbuat katibidir ya yox. Mən Rüstəm Behrudiyəm. Mən kimin mətbuat katibi ola bilərəm? Ancaq Allahın.

- Hakimiyyətdə başqa dostlarınız var?

- Mənim ümumiyyətlə hakimiyyətdə dostum yoxdur. Mənim ümumiyyətlə, dostum yoxdur ki. Istər hakimiyyətdə olsun, istər müxalifətdə. Mənim dostlarım yoxdur. Ortaq dəyərləri olan adamlara dost deyirlər. Mənim üçün ortaq dəyərləri bölüşəcək adam Azərbaycanda yoxdur.

- Hansıdır o dəyər?

- Mənim üçün dünyada ən böyük iki bəşəri dəyər var. Mən sevgi, qəhrəmanlıq, xeyirxahlıq kimi bütün bu dəyərlərin üstündən keçdim, mən iki dəyəri daha böyük hesab etdim. Bir ədalətli olmağı, birdə təmənnasız olmağı. Insanın böyüklüyü ondadır.

- Əgər Azərbaycanda bu ortaq dəyərləri bölüşəcək adam yoxdursa, kimin üçün yazırsınız?

- Vacib deyil ki, o adamlar məni tanısınlar və mənim dostlarım olsunlar. Mənim oxucularım var, məni sevənlər var, çox hörmət etdiyim adamlar var.

- Dinləyici yazır ki, Rüstəm bəyə deyin nağıllarla bu millətin başını sığallamağa cəhd eləməsin. Hacıbala Abutalıbovun hər görülən layihədən nə qədər mənimsədiyini guya bilmirikmi?


- Vallah mən kimin nə alıb, nə verdiyini bilmirəm. Mən alver işinə baxmıram ki, kim nə alır, kim nə verir. O bu sualı verirsə, özü alverçidir. Özü daha yaxşı bilir, kim nə alır, kim nə verir?

SONDA BİR ŞEİR

Sevgi ölüm kimidir,
Ancaq ilk bahar kimi gəlir həmişə.
Əvvəl təpədən-dırnağa çiçəkləyirsən,
Xəzəl kimi tökülürsən sonradan,
Tənha bir ağaca çevrilirsən,
Ağacların içində.
Yarpaqlarından əvvəl, gövdən ölür.
Sonra yarpaqların.
Əvvəl kipriklərin titrəyir,
Sonra barmaqların.
Ölüm sevgi kimidir.
Birdə görürsən ki, sudan çıxmış balıq kimi,
Unutduğun xalıq kimi,
Bir dəli ayrılıq kimi,
Adamlar unudur səni.
Ulduzlar aya çevrilir,
Yer dönüb göyə çevrilir,
Sevgi sevdaya çevrilir
Tənhalıqlar udur səni.
Unudulur qədər, yazı,
Bir gün görürsən olmazı,
Yeddi göydə bir ulduzu
Olmayan ovudur səni.
Sevgi ölüm kimidir,
Ancaq ilk bahar kimi gəlir həmişə.
Bahar kimi gəlib,
Din göyərdir, din içində.
Sonradan Musanı atəşə atır.
Özünə daşıtdırır İsanın çarmıxını.
La-ilahə-iləllah oyadır Məhəmmədin içində.
Budur sevgi.
Budur sevginin sonu, son adı.
Əsa Musanın, çarmıx İsanın,
Quran da Məhəmmədin tənhalığıdır.
İlk sevən ilk tənha adamdır.
Ilk tənha adam sevgi qoyub tənhalığın adını.
Tənhalıq- budur sevginin sonu.
Fərqi yox sevgi sevgidir,
Allahı sev, ya da bir qadını,
Görəcəksən sonda hər bir şirin şeyin
Ağızda acı bir tamı qalır sonda.
Isadan, Musadan, Məhəmməddən üzübəri
Ən tənha adamlar yaşayıb
Ən böyük sevgiləri.
Sevgi ölüm kimidir,
Ancaq ilk bahar kimi gəlir həmişə.
Sevgi ölüm kimidir,
Ancaq qan, dar ağacı, edam yoxdur.
Sevgi ölüm kimidir,
Ancaq bu Yer üzündə ömründə heç olmasa bircə dəfə,
Ölmək istəməyən adam yoxdur.

ƏTRAFLI DİNLƏYİN




Həmçinin oxu
37-ci ildə Əhməd Cavadın “murdar sifətini açan” qadın kim idi?
XS
SM
MD
LG