Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:56

Əlilin mənzil tələbi


“Qarabağ əlilləri üçün tikiləcək növbəti binadan ümumi əlillərə ev veriləcəksə, bunlardan biri mütləq qəhrəmanımız olacaq”

“Qarabağ əlilləri üçün tikiləcək növbəti binadan ümumi əlillərə ev veriləcəksə, bunlardan biri mütləq qəhrəmanımız olacaq”

Qazaxın Çaylı kəndində yaşayan 26 yaşlı Qurban Əhmədov AzadlıqRadiosunun “Qaynar xətti”nə şikayət edib ki, 1-ci qrup əlildir, evi yoxdur. Qohumlarının evində yaşayır və istəyi də odur ki, rayonda əlillərin mənzil problemini həll etməli olan qurumlar onun taleyinə biganə yanaşmasınlar:

“İki ayaqdan şikəstəm, 3 yaşında anamı itirmişəm, əmi-dayı qoltuğunda böyümüşəm. 18 ildir əmimin evində yaşayıram, yaşamağa öz evim yoxdur”.

20 MANATA KİRAYƏ EV?

Qurban Əhmədov deyir ki, uzun müddətdir mənzillə təmin olunmaq üçün Qazax rayon İcra Hakimiyyətinə müraciət edir. Ancaq ona deyirlər ki, gözlə. Rayonda Qarabağ əlilləri və müharibədə həlak olmuş döyüşçü ailələri var ki, əvvəlcə onları mənzillə təmin etməliyik. Sonra növbə ümumi əlillərə çatacaq ki, onlara mənzil tikiləndə səni də nəzərə alacağıq.

Əlil isə deyir ki, gözləməyə imkan yoxdur: “O ev tikilənə kimi mən harda yaşamalıyam. Mən başa düşürəm ki, nə vaxtsa o ev tikiləcək. Ancaq onlar da məni başa düşsünlər ki, o ev tikilənə kimi mən hardasa yaşamalıyam. Mənə zəng edib deyirlər ki, icra başçısı sənə ayda 20 manat pul verir, kirayə ev tut, ancaq kirayə haqqı 20 manatdan artıq olmasın, icra başçısının 20 manata gücü çatır. 20 manata kirayə ev yoxdur. O boyda Qazax rayon İcra Hakimiyyətinin başçısının 20 manata gücü çatırsa, mən əlil 50 manat təqaüdlə necə dolanım”?

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova deyir ki, əlilin mənzil problemindən xəbərdardırlar:

“ƏLİLİN DEDİYİNDƏ HƏQİQƏT VAR, AMMA...”


“Dediyində həqiqət var ki, bəli, 1-ci qrup əlildir. Bilirsiniz ki, ölkədə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər tikilir, bu iş Qazaxda da görülür. Həmin mənzil növbəsinə ümumi əlil olmasına baxmayaraq Qurban Əhmədovun da adını salmışıq. Açığını deyim, mən bilmirəm o nə dərəcədə tək yaşaya bilər, ya bilməz, ancaq onun təkidi, dönə-dönə müraciəti nəzərə alınıb, bu addımı atmışıq. Peşə litseyinin yataqxanasında ona otaq təklif olundu, o razılaşmadı. Şəhərin içində isə 10 otaq təklif olundu, mətbəxi də var, onu da istəmədi”.

Qurban Əhmədov ona müvəqqəti yaşamaq üçün iki yerdə otaq təklif olunduğunu təsdiqləyir. Amma deyir ki, təklif olunan otaqlarda nəinki əlil yaşaya bilməz, sağlam adam özü əlilə çevrilər:

“Dedilər ki, biz sənin işini bağlayırıq, çünki sənə evlər veririk, razılaşmırsan. Qazaxın Xanlıqlar kəndində peşə litseyində toyuq hininə oxşayan, pəncərəsi, qazı, işığı olmayan bir otaq idi. Bir də Koroğlu küçəsində ev təklif ediblər. Onun da pəncərəsi, qazı, şəraiti yoxdur. O evlərdə sağlam adam əlilə çevrilər, mən əlil orda necə gedim yaşayım”.

MƏNƏ ÜRƏKLƏRİ AĞRIMASIN, MƏNƏ EV VERSİNLƏR


İcra başçısının müavini Gülayə Həsənova deyir ki, Qarabağ əlilləri üçün tikiləcək növbəti binadan ümumi əlillərə ev veriləcəksə, bunlardan biri mütləq qəhrəmanımız olacaq. Ancaq o ev nə zaman tikiləcək, bilinmir:

- Əlil ən tezi nə vaxt evlə təmin oluna bilər?

- Tezini-gecini deməyə çətinlik çəkirəm, çünki indi tikinti dayanıb. Ancaq nə vaxt Qarabağ əlilləri və şəhid ailələri üçün bina tikilsə, ordan müstəsna ümumi əlillərə ev vermək imkanı olsa, o müstəsnalardan biri mütləq Qurban Əhmədov olacaq. Mən onunla hər dəfə danışanda böyük bir ürək ağrısı yaşayıram. Allah üstündə dursun”.

Qurban Əhmədovsa deyir ki, Allah onsuz da onun başının üstündədir, ev probleminin həlli indi bəndələrdən asılıdır. Əlil deyir, mənə ürəkləri ağrımasın, mənə ev versinlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG