Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:51
İçində yarıdan bir az artıq su tökülmüş birlitirlik plastik su qabını gah sağ, gah da sol balaca ağ əlində tutan sısqa bir oğlan, küçə boyu aşağı-yuxarı hərəkət edən adamların qabağına qaçaraq, qabdakı tək qəşəng və təravəti hələ də üstündə qalan kiçik, qönçəsi hələ açılmamış qızılgülünü almağı onlara zəhlətökən inaddan uzaq, lakin yaşına xas təkidlə təklif edirdi.

Müştərilərinə satdığı gülü daha cazibədar göstərməkdən ötrümü, ya təravətini saxlamaqdanmı ötrü, ya da hansısa, yalnız özünə məlum səbəbdənsə gülü suyun içində saxlayırdı, halbuki buna o qədər də ehtiyac yox idi.

Əslinə baxanda, qabdakı tək qızılgül heç suya çatmırdı da, yalnız qab tərpəndikdə suya çatırdı.

Birlitirlik qazlı su butulkası bir əlinə yerləşmirdisə də, bu ona çox da əngəl deyildi.

Hərdən əllərinə dinclik vermək üçün butulkanı bir əlindən, o biri əlinə ötrürdü.

Müxtəlif tədbir və manevrlərlə bu çəlimsiz uşaq, gülünü satmaqda öylə bir canfəşanlıq edirdi ki, baxan o saat elə guman edərdi ki, onun bundan sonrakı həyat müqəddəratı elə bu güldən aslıymış.

Onsuzda, bu şəhərdə onun və onun kimi uşaqların həyat müqəddəratını, elə onların özləri yazırdılar.

Kimi “gül” ilə, kimi “salfet”, kimi də “qələm ”ilə...

Təqvimin sentyabrın on beşi kimi qeyd etdiyi bu gün, hava küləkli və artan templə yağan narın yağışlı idi.

Haradasa, lap uzaqdan, günorta azanının qırıq-qırıq xoş sədaları eşidilirdi.

Küçədə aşkar bir qələbəlik hökm sürürdü.

Qaynayan insan selinin arasında tələsmədən, təmkinlə yol gedən birisini çətin görmək olardı.

Əksinə, hətta bu həyacan və təlaş, küçədə avara-avara dolaşan işsiz-gücsüzlər də sirayət edirdi.

Günün hansısa əlamətdar hadisəsindən qaynaqlanan bu qaçdı-qovduya əlavə həyacan qatan külək, artan sürəti ilə İstiqlaliyyət küçəsi ilə üzüyuxarı qalxanların əksinə əsərək, tökülən yağış damlalarını üzlərinə çırpmaqla, əməllicə giriftar etmişdi onları.

Sanki min ildi davam edən bu giriftarçılıqdan bezərək, kimi ucadan Allahın təbiət harmoniyasından şikayətlənir, kimi də dodaqaltı mızıldalanaraq hökmətin qarasına deyinirdi.

Əynində nimdaş, öz ölçüsündən böyük, qara cins şalvar və İspaniya milli futbol komandasına məxsus qısaqol köynəkdən başqa bir şeyi olmayan bu oğlan, başının ticarətə bərk qarışdığından,ya da bu paltarların onda yaratdığı vərdişdən idisə özünü elə rahat aparırdı ki, sanki havanın ona adiyyatı yox idi.

Olmuş olsaydı da belə, görünür ki, 9 nömrəli futbol köynəyinin onu külək və yağışdan nə dərəcədə müdafiə etməsi onu o qədər də ilgiləndirmirdi.

Amma öz yaşıdlarının onun yanından ötüb keçdikdən sonra dönüb, əynindəki futbol formasının hansı oyunçuya aid olmasına baxmaları ona xüsusi ləzzət verirdi.

Hətta bundan bir az da lovğalanırdı.

Yaşı on üçdən cox olmayan, Allah və dövlətdən xəbərsiz, balaca boylu, qıvrımsaç gülsatan uşaq insan selinin içində elə cəldliklə vurnuxurdu ki, sanki onun boyu elə buna görə ölçülmüşdü.

O da öz növbəsində,bu ölçüdən maksimum faydalanırdı.

Bu həngamədə oğlan, alıcısını tapmaq üçün adamların arasından ona lazım olan müştəriləri, qızla gedən oğlanı, anası ilə gedən məktəblini, tək gedən qızları elə məharətlə seçib, bir göz qırpımında qarşılarında hazır olub, gülü onlara bir cür uzadırdı ki, deyərdin sanki onların gəlişini özü planlaşdırmışdı.

Amma hər halda oğlan öz işini peşəkarcasına icra edirdi.

Odur ki, davranış və danışığında bir təcrübə görünürdü.

Əgər gələnlərin arasında oğlanla qız olacaqdısa, birinci dərhal onlara yaxınlaşar, özü də gülü qıza yox, oğlana uzadardı.

Danışığı da heç də kiçik küçə alverçilərinin ənənəvi nitqinə bənzəmir, əksinə, təklifini elə münasib sözlərlə ifadə edirdi ki, sanki cümlələri qarşısında quraşdırılmış monitordan oxuyur.

Yanaşdığı adamlardan ona etina etməyən, səbir və mehribanlıqla gülün ehtiyac olmadığını bircə sözlə izah edən və onu kobudcasına rədd edən də olurdu.

Amma bəlli və bəlli olmayan səbəblərdən bu qədər bəzədilmiş cümlələr və cəhdlər hələki hədəfə dəymirdi.

Amma iş orasındadı ki, bu uğursuzluq və kobud münasibətlər onu nəinki həvəsdən salır, əksinə, bu ona əks-təsir göstərir, onun inadını daha da bərkidirdi.

Bu get-gedə sərtləşən israra daha da şiddət qatan, vaxtın daralması idi.

Lakin balaca səyyarın səbirsizliyindən, yaxud da ehtiyacın insanda əmələ gətirdiyi ağıl çaşqınlığından irəli gələn tələskənlikdən, bu çabalar nəticəsiz qalırdı.

Böyük şəhərin balaca vətəndaşı daha onu bilə bilməzdi ki, yaşadığı şəhərdə zəhmət və mehribanlıq tamam ayrı meyarlara görə qarşılanır.

Uşaq vicdanı həmişə safdı, istər baxımlı olsun, istərsədə baxımsız.

Oğlan özü də hiss etmədən, asta-asta gəlib küçənin kəsişməsinə çatmışdı.

Bir vaxtlar kitabxana olmuş bir butikin önündə dayandı.

Bura həm döngə, həm də piyada keçidi olduğu üçün əlverişli gəldi ona.

Bir xeyli adam zolağın üstündə dayanıb svetaforun yaşıl işığını gözləyir, iki uşaq isə svetaforun qırmızı işığına əhəmiyyət vermədən yolu keçirdilər.

Yolun qarşı səkisində dayanmış iki yol polislərindən biri sürücü ilə ucadan nəyinsə barəsində mübahisə edir, digəri də üzü aşağı hərəkət edən maşınları müşahidə edirdi.

Butikə gələnlərin maşınlarının parkinqi üçün yol çiyni dayanacaq kimi istifadə edilirdi.

Dayanacağın işçisi yaşıl jiletli, orta yaşlı bir kişi burda gah gələn maşınların parkinqini tənzimləyir, gah da gedenlərə yola cıxmaq üçün istiqamət verirdi.

Dayanacaq xidmətçisi burada hər gün işlədiyindən, oğlanla qiyabi də olsa tanış idilər.

Hələ indiyədək bir kəlmə kəsməmişdilərsə də, aralarında biri-birilərinə qarşı bir mehribanlıq var idi.

Küçədə demək olar ki, gediş-gəliş tamam seyrəkləşmişdi.

Yağış səngimişdisə də, külək hələ əsirdi.

Yaşıl jiletli park xidmətçisi yağışdan daldalanmaq üçün balkonun altında dayanıb, ona etibar edilmiş maşınlara göz qoyurdu.

Gözünün qabağında var-gəl edən oğlana əhəmiyyət vermirdsə də, istər-istəməz onun hərəkətlərinin müşahidəçisi olurdu.

Oğlan kiminsə arxasınca küçənin burulanına qədər getdi, ondan da bir nəticə hasil olmadığı üçün pərişan və üzgün görkəmdə, başıaşağa asta-asta kişiyə tərəf geri dönürdü.

Oğlanın üzərinə ağır ümidsizlik çökmüşdü.

Lakin buna baxmayaraq,dodağının altında hansısa mahnını zümzümə edir, yerdəki boş siqaret qutusunu təpiklə vura-vura qabağına qatmışdı.

Birdən park xidmətçisi dərhal hövlnak yerindən sıçrayıb, səkiyə sarı cumdu.

Dayanacağa qara rəngli,şüşələri tünd bir maşın yaxınlaşırdı.

Kişi böyük canıyanlıqla şoferə maşını yerləşdirməyə istiqamət verirdi.

Onun canfəşanlığı, maşını yaxşı tanıdığından xəbər verirdi.

Sürücü maşını rahlayan kimi dərhal enib, arxa qapını ehtiyat və bir qədər də təkəbbürlə açdı.

Elə bu zaman, maşından bir az aralıda baxışları tamam başqa yerə dikilib dayanmış oğlan, maşından düşən bir qədər kök və şık geyimli qadını gördü.

Həmin bu şık geyimli qadını potensial alıcı kimi hesab etdiyindən,yaxud tanıdığına görə oğlan çevik hərəkətlə qadına sarı götürüldü.

Cibindən nəyinsə yerə düşdüyünü belə hiss etmədən, qadına yaxınlaşmışdı ki, ayağı dayanacaq işçisinin boş yer saxlamaq üçün istifadə etdiyi tikinti daşına ilişdi.

Müvazinətini saxlaya bilməyən uşaq, düz qadının qarşısında üzü üstə yerə sərələndi.Əlindəki yağışdan islanmış gül, butulka ilə birlikdə qadının paltarına çırpıldı.

Qabdakı su tökülmədisə də, islaq gül qadının ağ, uzun donuna dəydiyindən onu su ləkəsinə buladı.

Qadın ilan vurmuş kimi, dəhşətli bağırtı ilə geri atıldı.

Qadının bağırtısı küçədə hər kəsi öz diqqətinə çəkdi.

Ətrafda hərəkət sanki bir anlıq durdu.

Yaxınlıqdan keçən bir neçə nəfər,dayanacaq xidmətçisi və sürücü qadının tükürpədici qışqırtısından qorxmuş halda duruxdular.

Hər kəsdə sanki terror aktı olmuş kimi şok yaşanırdı, ələxsus da sürücüdə.

Adətən etdiyi səhv ucbatından baş verən xoşagəlməz hadisədən pərt və çaşqın olan adamın düşdüyü vəziyyətdə keçirtdiyi hissləri yaşayan uşaq, çəkdiyi ağrılara əhəmiyyət vermədən, bütün gücünü ayağa qalxmağa topladı.

Dizləri və dirsəkləri qana boyanmış oğlan cəld özünü yığışdırıb qalxmaq istədi ki, birdən kürəyindən endirilən müdhiş bir zərbə onu ikinci dəfə yerə çırpdı.

Gözləri qaraldı, beyninin içində qanın boğucu tamını duydu.

Elə bil ətraf başına fırlandı.

Üzərində gücsüzlüyün, çarəsizlikliyin, kimsəsizliyin, xəcalət və peşimanlığın ağır yükünü hiss etdi bu an.

Oğlana arxadan təpiklə endirilən güclü zərbənin müəllifi olan sürücü və park xidmətçisi bir an öncə dərin sarsıntı keçirmişlər kimi görkəmlə, hələ də paltarına baxa qalmış qadının önündə, diktator məmurlarına xas eybəcər bir mütiliklə hazır oldular.

Tər-təmiz ağ paltara düşən ləkənin dilxorçuluğundansa,daha çox, küçədə, cammat içində başına gəlmiş xoşagəlməz hadisə ilə diqqət mərkəzində olmasından dərin xəcalət və məyusluq hissi keçirən qadının bütün vücudunu,çevrənin nəzərlərini bu cür “rüsvayedici situasiya” ilə cəlb etməyə səbəb olmuş oğlanı boğub öldürmək eşqi titrətdi.

Şofer ağzını açıb, nə isə demək istəyirdi ki, qadın bunu aldırmadan, titrək səslə nəsə söylənib, tələsik ordan aralanaraq butikə daxil oldu.

Yerdə hələ də yıxılıb qalmış oğlan bir təhər ayağa qalxıb getmək, ya da qaçmaq istədi.

Uşaqla bir əl məsafədə dayanmış park xidmətçisi, durmaq istəyən uşağı söyə-söyə boynunun ardından, kütləsi heç də bayaqki təpikdən az olmayan möhkəm şapalaq ilişdirdi.

Bütün bunlara kənardan müşahidə edənlərdən kimsə müdaxilə etmədi.Bircə hardansa peyda olub, boynunu ovuşdura-ovuşdura uzaqlaşan oğlanın ardınca qaçan kök,bığlı polis çavuşundan başqa.

Xidmətçi, oğlana vurduğu şappıltılı möhkəm şapalaqdan sonra, kəşfiyyatdan uğur və salamatlıqla düşərgəyə qayıdan və təşəxxüslə təntənəli məruzə etmək üçün komandirinin məhzərinə tələsən əsgər kimi, sürücüyə yaxınlaşmışdı ki, şofer ona əhmiyyət vermədən, bayaq qadının ona etdiyi jesti kimi, özündən razı halda və bir qədər də hiss edilən, aşkar qeyri-təbii əsəbi görkəmdə idarə etdiyi “AA”seriyalı maşınına oturdu.

Bakı 2010

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG