Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

Elnaz Eyvazlı "Kişi etirafı"
















KİŞİ ETİRAFI

Səndən ötrü darıxmaq deyil bu,
daha acı və dəhşətlidir.
Hər gecə evə gələndə,
əlimi qapının dəstəyinə atanda,
bütün əyləncələri geridə qoyub
xarabama çatanda
duyuram bu acını.

Sən heç vaxt qapını arxadan bağlamazdın.
Qapı həmişə üzümə açıq olardı.
Nəfəsin qapının o üzünüdən yandırardı məni…
Səndən ötrü darıxmaq deyil bu,
Daha üzücü və dəhşətlidir.
Yuxulu əllərimi balışına
vətən xainini qəbrə tullayan kimi tullayıram.

Səhərəcən buz kimi yataqda
it kimi ulayıram.
Qonşum deyir ki,
Bu gecə bir köpək bizi yatmağa qoymayıb.
Qayıt, məni saçlarınla yuvama zəncirlə.
Həsrətindən köpək olduğumu
biləcəklərindən qorxmuram.
Bu, gec-tez hamıya çatacaq.

Sahibsiz olduğumu bilsələr,
hərə bir daş atacaq.

****

Kirpiklərin yük götürüb,
dərdin-qəmin gözlərimə.
Sən öyrətdin ağlamağın,
yolun-çəmin gözlərimə.

Hər çiynimin öz mələyi,
küsüb səndən göz mələyi.
Necə vida söyləməyi,
qıydın həmin gözlərimə?!

“Can” deyəndə canım yandı,
Ah-naləm ərşə dayandı.
Yatan mələklər oyandı,
tökdü nəmin gözlərimə.


KEÇDİN

Əllərimi sənə açdım,
ətəyindən üzüb keçdin.
Baxmayanda heç baxmadın,
baxanda da süzüb keçdin.
Səndən başqa kimim vardı?!

Qəlbim oddu, əlim qardı.
Vüsal qəmi yandırardı,
qəmi qəmə düzüb keçdin.
Dərəcəkdim, gülüm sındı,
budaq küsdü, gül umsundu.

Baxıb sənə gülümsündüm,
dodağını büzüb keçdin.
Sevmək
Qanına yapışar, dostum
Bir balaca gənə kimi.

Gəmirər, didər içini,
Qəlbindən keçənə kimiş
Başa salmaq istəyərsən,
Çəkdiyin ağrını, dərdi.

“qanım ağrıyır,”-deyərsən,
Deyərlər bu sərsəridi.
Var gücünlə bağırarsan ,
Səsin də çıxmaz içindən.
Görəsən ki yavaş-yavaş
Hamı, hamı qaçır səndən.

Yeyər səni bir qurd kimi,
İçindən-içindən yeyər.
Sevmək budu, lənət olsun,
Çəkdiyin əzaba dəyər.

***********

Bu yükü hardan götürdüm?!
İndi daşıya bilmirəm.
Yorulmuşam, necə verim,
hansı naşıya bilmirəm.

Qaldırım qoyum başıma,
götürüb atım çiynimə.
Yükümü yüngül eyləyim,
kürk kimi geyim əynimə.

Əlimdən alsalar əgər,
o da dəyəcək şəstimə.
Arada yastıq yerinə,
başıımı qoyum üstünə.

Bu yükü kim verdi mənə?!
Görsün, daşıya bilmirəm.
İçimdə bu boyda yüklə,
vallah, yaşaya bilmirəm.

**********

Bizim kənddə daxmalar
Çiyin-çiyinə.
Bir-birinə söykənib
biri o birinin istisinə qızınar.

Yay olanda istilənib
bir-birindən buz umar.
Boyunları bükük-bükük,
boynubükük.

Ürəkləri geniş-geniş,
üzü qara.
Qapısından hər keçənə yalvara-yalvara
“Gəlin qonağım olun, ”- deyir.

Ayaqları yalın-yalın,
ayaqyalın
hər gələn ayağında bir çimdik torpaq gətirər.
Daxmalara ötürər.

Bizim kənddə daxmalar,
gün çıxanda sevinər.
Gülüb-gülüb gedərlər
ümidlərin dalınca.

Büzüşərlər yenə dəqış gəlib qar düşüncə.
Bu hiss, nə düşüncə?!
Elə ki yağış yağar,
bizim kənddə daxmalar
qoşulub bir-birinə
yağış kəsincə ağlar.


SƏNİN ÜMİDİN...

Hər kişinin öləndən sonra
Qəbri üstə ağlayası
Bir qarapaltarlı, gözəl qadına ümidi var.
Ramiz Rövşən

Görəsən, sənindəmi ürəyində
belə ümidin varmı?
Səndəmi istəyirsən
öləndən sonra
qəbrin üstə bir qarapaltarlı qadın ağlasın?!

Anan belə kirisə, o qadın kiriməsin.
İstəsən də, gətirmə
bu arzunu dilinə.
Yara vurma səninlə
bir yastığa baş qoyan
o zavallı gəlinə.

Çünki o arzunun, o ümidin o tayında
yastığından uzaq düşən,
həsrətindən ürəyinə sazaq düşən,
tellərini saymadığın,
tumarını duymadığın mən varam.

Qaçacam ömür boyu
yaşadığım bu dərdlərin əlindən.
Sığınacam daşa dönmüş köksünə.

Soruşma ki, ağlamaqdan
yaş qalıbmı gözlərimdə?
Bu sualdan yağış dəymiş torpaq qoxdu.

Gözlərimin bulağında sənin üçün
ağlamağa yaşım çoxdu.
Nə ürəyin göynəməsin,
nə döymürəm qəbrini.

Bircə onu deyərsən ki,
mən bu qızın qədrini
bilməmişəm bəs niyə?
Niyə salıb tərsliyə
yandırmışam, yaxmışam.
Mən necə axmaqmışam...

Doqquz iklim

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG