Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:43

Keçmiş Sovet ölkələrində qarabaşaq qıtlığı


Regionun əsas məhsulu hesab olunan qarabaşağın azlığı qiymətinin də bahalaşmasına səbəb olub
Regionun əsas məhsulu hesab olunan qarabaşağın azlığı qiymətinin də bahalaşmasına səbəb olub
Viranedici yanğınlar və quraqlıqlar bu yayın yüksək temperaturunun keçmiş Sovet ölkələrinin əksər hissəsinə vurduğu yeganə zərər deyil. Region boyu milyonlarla insan indi başqa bir fəlakətlə üz-üzə qalıb: qarabaşaq qıtlığı.

Regionun əsas məhsulu hesab olunan qarabaşağın azlığı qiymətinin də bahalaşmasına səbəb olub. Belarusda ərzaq mağazasına gələn alıcılardan biri qiymət bahalığından şikayətlənib:

«Bizim belə liderimiz varsa, biz – balaca insanlar neyləyə bilərik ki? Bir halda ki, biz belaruslar kifayət qədər qarabaşaq becəririksə nəyə görə qiymət bahalığından əziyyət çəkməliyik? Bir şey ki, başımızdan tökülür, biz ona bir ətək pul verib almalı oluruq».

Bu cür münasibətə Rusiya, Ukrayna və ya Belarusda hər addımbaşı rast gəlmək mümkündür, çünki bu ölkələrdə qarabaşaq milyonlarla insanın gündəlik qida rasionuna daxildir.

CEYRAN BELİNƏ QALXAN QARABAŞAQ


Rusiyada bu yayın həddən artıq isti keçməsi quraqlıq və meşə yanğınları ilə müşayiət olundu ki, bu da ölkədə məhsuldarlığın dörddə bir qədər azalmasına gətirib çıxartdı.

Bəzi araşdırmalara görə, dünyanın əsas qarabaşaq istehsalçısı olan Rusiyada bu məhsulun ötən illə (2009-cu ildə də məhsuldarlıq aşağı olub) müqayisədə iki dəfə azalacağı gözlənilir.

İyunda kilosu 1 dollara olan qarabaşağın qiyməti artıq avqust ayından 1,5 dollara qalxıb
Nəticədə rəsmi statistikaya görə, iyunda kilosu 1 dollara olan qarabaşağın qiyməti artıq avqust ayından 1,5 dollara qalxıb.

Qeyri-sabit hava şəraiti regionun digər ölkəsinə – dünyada qarabaşağın üçüncü istehsalçısı olan Ukraynaya da təsirsiz ötüşməyib, burada da məhsuldarlıq ötən illə müqayisədə iki dəfə azalıb.

RƏSMİLƏR DƏ İNKAR ETMİR

Regionda qıtlıqla bağlı reallığı imkan etməyən rəsmilər məsələyə ciddi yanaşırlar. Deyirlər ki, qarabaşaq qıtlığını aradan qaldırmağın üzərində işləyirlər, amma onu da təkidlə bildirirlər ki, hazırkı ehtiyat ölkələrin builki tələbatını ödəməyə bəs edəcək. Bəzi hökumətlər isə, ixracı məhdudlaşdırmaq və ya tamamilə qadağan etməklə bağlı qərar veriblər.

Qarabaşaq regionda buğda qədər vacib hesab olunmasa da, əksər milli yeməklərin tərkib hissəsidir. AzadlıqRadiosunun Ukrayna xidmətinin rəhbəri İrina Çalupa:

«Qarabaşaq yarması ukraynalıların həyatının bir hissəsidir. Mən xüsusilə 2005-ci il «Narıncı inqilabı» xatırlayıram, o zaman insanlar küçələrdə - çadırlarda yaşayanda Kiyev sakinləri onlara qida gətirirdi. Qış ayı olduğundan onlara daha çox qarabaşaq şorbası gətirirdilər».

«KOMMUNİST PARTİYASININ QARABAŞAQ QAYĞISI»

Aleksandr Lukaşuk
AzadlıqRadiosunun Belarus xidmətinin rəhbəri Aleksandr Lukaşuk da danışır ki, Stalinin ardıcıllarından olan və 96 yaşında vəfat edən Vyaçeslav Molotov qarabaşaq yarmasını çox xoşlayarmış və uzunömürlü olmağının açarını da bunda görərmiş. Lukaşuk deyir ki, Sovet rejimi tutumlu qida olduğundan qarabaşağın istehsalının artmasına xüsusi önəm verirdi:

«Kim 50 il əvvəlki Sovet qəzetlərini açıb baxsa, «Kommunist Partiyasının qarabaşaq qayğısı», «Qarabaşağa lazımi qiyməti verməyənlər», «Qarabaşaq – tutumluluğuna görə qiymətli qida» və s. bu kimi başlıqlı onlarla belə yazılara rast gələr. Hətta 1961-ci il Kommunist Partiyasının 22-ci qurultayından (bu qurultayda Stalinin Lenin mavzoleyindən köçürülməsi qərarı verilmişdi) xəbər verən qəzetlərdə də qarabaşaqla bağlı məqalələr yer alırdı» – Aleksandr Lukaşuk belə deyir.

/Tərcümə etdi: Ülkər Akifqızı/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG