Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:02

«Bu dəfə növbə Əlinindir, o biri dəfə Pirvəlinin olacaq»


Yevda Abraamov
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Yevda Abraamov deyib.

Hakim partiya fərdi qaydada namizədliyini irəli verən üzvlərinə xəbərdarlıq edib.

Yevda Abraamov: «Partiyanın nizamnaməsində belə bir maddə var ki, partiyanın seçkilərdə irəli sürdüyü namizədə qarşı həmin dairədən başqa YAP-çı namizədliyini verməməlidir. Amma kimsə istəyirsə, fərdi qaydada sadə vətəndaş kimi namizədliyini verə bilər... Onun konstitusion hüququnu partiya əlindən almır. Burda elə başa düşülməsin ki, partiya kiminsə hüquqlarını həddən artıq şişirdir, kiminsə hüquqlarını tapdalayır. Bu partiyanın içində olan dərin intizamdır. Bu qərar bütün partiya üzvlərinə şamil olunub və hər bir partiya üzvü bunu əzbərdən bilir».

Yevda Abraamov bildirib ki, partiya bu addımı seçicilərin səslərinin bölünməməsi, onlarda çaşqınlıq yaratmamaq üçün atıb:

«Bu dəfə növbə Əlinindir, o biri dəfə Pirvəlinin olacaq».

YAP üzvü düşünür ki, fərdi qaydada namizədliyini verənlər bəlkə də YAP-la vidalaşmaq istəyirlər.

Zəfər Quliyev
Siyasi ekspert Zəfər Quliyev isə bu prosesləri hakimiyyətin daxili işi kimi dəyərləndirir. O deyir ki, YAP Sovet İttifaqının Kommunist partiyasının obrazını bərpa etməyə çalışır. Seçki isə formal bir proseduraya çevrilib:

«Seçkinin əsas intriqası artıq nə müxalifətlə bağlıdır, nə də seçicilərin fəallığı ilə. İntriqa elə hakimiyyətin daxilində gedən proseslərlə bağlıdır. Ona görə ki, hakimiyyət üçün vahid siyahı hazırlamaq çətinləşir. Əvvəllər asan idi. Prezident Aparatında bir neçə nəfərə tapşırılırdı. Onlar vahid siyahını hazırlayıb çıxarırdılar ortaya. İndi faktiki olaraq oliqarxların, nüfuzlu qrupların maraqları toqquşur. Oliqarx qrupları çalışırlar ki, o siyahıda daha çox öz adamları olsun».

Fərdi qaydada namizədliyini verən YAP-çılara gəldikdə isə, Zəfər Quliyev deyir ki, bunun bir çox motivləri var:

«Bəziləri bu cür addım atmaqla özlərini göstərirlər ki, bəlkə beləliklə siyahı hazırlananda o siyahıya düşmək imkanı, şansı yaranar. Yəni özlərini yada salmağa çalışırlar. Bəziləri nüfuzlu qruplara arxalanırlar. Faktiki olaraq, onlar tərəfindən irəli sürülürlər»...

XS
SM
MD
LG