Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:07
İki ayağını itirən adamı daha bir əzasını itirməyə, özü də könüllü vadar edən səbəb çox ciddi olmalıdır…Amma Qara Qarayevin səbəbi sadədən də sadədir, əlilliyinə görə aldığı təqaüdlə dörd nəfərlik ailəsini saxlaya bilmir:

- Mən hal-hazırda 114 manat təqaüd alıram. Xanımım da 41 manat təqaüd alır. Təsəvvür eləyin ki, 156 manatla dörd nəfərlik ailəni necə saxlamaq olar. Hələ uşaqların məktəb xərcini demirəm.

PALTARLARI DA ELƏ KÖHNƏDƏNDİR


- Məktəb başlayıb, nə aldız?


- İnanın, 10 manatlıq dəftər-qələm ancaq almışıq, paltarları da elə köhnədəndir.

44 yaşlı Qara Qarayevin həyat yoldaşı Ləman xanım da üçüncü qrup əlildir. Ailənin iki, biri oğlan, biri qız olan yeniyetmə uşaqları isə orta məktəbin yuxarı sinifində oxuyur. Elə bizi də ailənin oğlu - Varis qarşılayıb evə apardı.

Onlar on-on beş ildir ki, Bakının Mehdiabad qəsəbəsinə köçüblər. Qara Qarayev danışır ki, üç yaşından iflic xəstəliyi keçirib, amma sonralar ya təhsilini atıb uzun müddətli müalicə olunmalıymış, ya da təhsilini davam etdirib sağlamlığını təhlükədə qoymalıymış:

- Mən yaxşı oxuyurdum, ona görə də təhsilimi dayandırmaq istəmədim. İstədim ki, gələcəyimi qurum.

EV YAĞIŞA-QARA TAB GƏTİRMİR

Elə gələcəyini də qura bilir, hətta öz biznesini yaradır. Amma xəstəlik bir gün onu elə yerdə haqlayır ki, həm biznesini, həm əlaqələrini, həm də şəhərin mərkəzi rayonlarındakı evini itirməli olur. Hər şeyi sağlamlığı uğrunda apardığı mübarizəyə sərf olunur, Qara Qarayev əlində qalan pulla Mehdiabadda torpaq alıb bir ev qaralayır.

Ev yağışa-qara tab gətirmir...
Həyətdə divarları uçub-tökülmüş evə diqqətlə baxdığımı görüb köksünü ötürür ki, ucuz materiallardan tikməyə məcbur olduğundan evi yağışa-qara tab gətirmir.

Qoltuq ağaclarının köməyilə hərəkət eləsə də, işləyib pul qazanmağa təpəri olduğunu söyləyir. Deyir ki, ayağını itirib, savadı, biliyini yox ki…:

QALDIQ TƏQAÜDÜN ÜMİDİNƏ…

- Bəzi mağazalar, müəssisələr öz mühasibatlıq işləriylə bağlı mənə sifariş verirdilər. Əvəzini ya ərzaqla ödəyirdilər, ya da beş-on manat pul verirdilər. Birtəhər ailəni saxlayırdım, amma il yarımdı iqtisadi böhran bizə də təsir elədi, həmin yerlər bağlandı. Tək qaldıq təqaüdün ümidinə…

«Niyə ünvanlı sosial yardım almırsız, bunun üçün müraciət eləməmisiz», - soruşuram. Köksünü ötürür ki, adına 7 sot torpaq var, bir də təqaüd aldığından baş bilənlər haq-hesab eləyiblər ki, bu ailə yoxsullar təbəqəsinə aid deyil:

ƏLİL TORAĞI NECƏ ƏKİB-BECƏRSİN?


- Yəni, fikirləşiblər ki, bu torpağı əkib-becərəcəyik, mən də, yoldaşım da əlildir, əlil torağı necə əkib-becərsin?

Onun iki qoltuq ağacına söykənib torpaq belləməsini hec cür təsəvvür eləyə bilmədim. Həyətdə hasarın yanında əkilmiş 2-3 meyvə ağacı da yəqin ona qulluq etməyə qol olmadığından belə cır qalıb… İki toyuğun öhdəsindən isə güclə yeriyən Ləman xanım zorla gəlir. Dörd nəfərlik ailənin təsərrüfatı da elə o iki toyuqdur və bir də 2-3 cır meyvə ağacı…

Qara Qarayev hələ tam ümidsiz deyil, amma bu azacıq ümid dövlət qurumlarına, ölkə rəhbərliyinə deyil. Çünki qabağıma tökdüyu, 2003-cü ildən bəri Prezident Aparatına, millət vəkili Mehriban Əliyevaya və ən müxtəlif dövlət idarələrinə yollanan məktublar, onlara gələn cavablar şikayət yiyəsinin köməksiz qaldığını göstərir:

BAŞQA ÇIXIŞ YOLUM YOXDUR


Qara Qarayev və xanımı Ləman Qarayeva
- Həyat şəraitimi bir az yaxşılaşdırmaq, uşaqlarımın təhsilini başa vurmaq üçün qərara gəlmişəm ki, böyrəyimi satıb. Başqa çıxış yolum yoxdur, görmürəm də.

Azərbaycan qanunvericiliyi insan orqan satışını qadağan eləyir. Qanunla şəxs öz əzasını yalnız bağışlaya bilər.

XƏRCLƏRİN MÜƏYYƏN HİSSƏSİ VƏ BAYRAM SOVQATI…

Biz isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinə Qara Qarayevin harayını çatdırdıq. Oradan dedilər ki, müalicəsinə ehtiyac varsa, komissiya yığılıb, müalicə xərclərinin bir hissəsini ödəyə və bayram sovqatı ilə qapısını döyə bilərlər. Əllərindən başqa kömək gəlmir. Çünki onlar əlillərin sosial reablitasiyası ilə məşğuldurlar.

Bəs Qara Qarayevin qara günlərinə bir az da olsa, işıq qatmaq üçün başqa yol varmı?

Mehdiabaddan çıxıb yüz min dollarla qiyməti olan villaların, yeni tikilən təmtəraqlı dövlət binalarının yanından keçə-keçə istər-istəməz bu suala cavab axtarmağa çalışırsan. Son illər böyük neft pullarının gəldiyi ölkədə çıxılmazlıq haqqında düşünmək düzgün olmazdı...

Şərhləri göstər

XS
SM
MD
LG