Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

Eynulla Fətullayevə azadlıq yoxsa deportasiya?


Aksiya keçirən Xocalı sakinləri Eynulla Fətullayevin azadlığa çıxmağını istəmirlər

Aksiya keçirən Xocalı sakinləri Eynulla Fətullayevin azadlığa çıxmağını istəmirlər

«Ar olsun ona! Buraxılmasın, buraxılmasın! Xocalılardan üzr istəsin…». Bu jurnalist Eynulla Fətullayevin Bakı Apelyasiya Məhkəməsində sentyabrın 17-nə təyin edilən şikayətinə baxış prosesi başlamamış bir qrup insanın keçirdiyi aksiyada səslənən fikirlərdir.

Bu aksiyada Xocalı və Ağdamdan olduqlarını bildirən 50-yə yaxın adam əllərində «Eynulla Fətullayev azadlığa buraxılmasın!», «Eynulla Fətullayev Azərbaycan vətəndaşlığından çıxarılsın!» və s. şuarlar səsləndirdilər. Aksiyaçıların dediklərindən:

«Onun damarından əgər azərbaycanlı qanı axırsa o deməməli idi ki, xocalıları ermənilər yox, azərbaycanlılar öldürüb. Niyə bizim şəhidlərimizi təhqir edir?! Avropa Şurası Eynulla Fətullayevə siyasi məhbus adı verib onu həbsdən çıxarmaq istəyir, biz isə istəmirik. Əgər Avropa Şurası düzgün işləyirsə bizi torpaqlarımıza qaytarsın, şəhidlərimizin qanı yerdə qalmasın».

AKSİYANI İCRA HAKİMİYYƏTİ TƏŞKİL EDİB?

Aksiyanı kimin təşkil etdiyi ilə maraqlananda iştirakçılardan biri bizə 567-55-49 saylı telefon nömrəsini verib suallarınızı bura ünvanlamağı məsələhət bildi.

Zəng elədik, məlum oldu ki, bizə verilən telefon nömrəsi Bakıda yerləşən Xocalı icra hakimiyyətinin telefonudur.

Paytaxtda indiyə qədər keçirilən aksiyalardan fərqli olaraq üstəlik bu aksiyaya pois müdaxiləsi olmadı. Sadəcə, üç polis aksiyanı kənardan müşahidə etməyi vacib saydı.

Proses başlayan kimi Eynulla Fətullayevin çöldə onun əleyhinə keçirilən aksiyaya münasibətini öyrəndik:

TEATRDIR TƏŞKİL OLUNUB


- Çöldə xocalılar aksiya keçirir, xəbəriniz var?

- Xəbərim var. Xocalılar deyil, masovkadır, teatrdır təşkil olunub.

Bu zaman hakim Mirpaşa Hüseynov Eynulla Fətullayevin sözünü kəsdi və bildirdi ki, o həmin aksiya iştirakçılarının məhkəməyə buraxılmasına icazə verməyib.

Eynulla Fətullayev isə bunun dörd ildən bəri davam etdiyini bildirdi.

«TƏŞKİL OLUNAN AKSİYALAR EYNULLANIN DEPORTASİYASINA HAZIRLIQDIR»


Emin Fətullayev
Jurnalistin atası Emin Fətullayev isə deyir ki, xocalıların iddiası ilə bağlı 2007-ci ildə Eynulla Fətullayevə verilən cəza çoxdan bitdiyindən o, xocalıların yenidən aksiya keçirməsini başa düşmür. Onun ehtimallarına görə, Azərbaycan hökuməti Eynula Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının qaçılmaz olduğunu yaxşı bilir və buna görə, belə aksiyalarla onun ölkədən deportasiya olunmasına zəmin yaradır:

«Bu, təşkil olunmuş aksiyadır. Bu, dövlət qəzetlərində gedən çirkin yazıların və ANS-də gedən filmin davamıdır. Bununla çalışılır ki, Eynullanın xalq düşməni obrazı yaradılsın və o Azərbaycandan deportasiya olunsun».

EYNULLA FƏTULLAYEV MƏHKƏMƏDƏN YENƏ VAXT İSTƏDİ

Budəfəki məhkəmə prosesində Eynulla Fətullayev yenə də məhkəmədən ona vaxt verilməsini istədi. Jurnalist bildirdi ki, ötən prosesdə Qaradağ rayon Məhkəməsinin protokolları ilə tanış olmaq üçün məhkəmə ona vaxt versə də, bundan ötrü həbsxanadan Bakı Apelyasiya Məhkəməsinə aparılmayıb.

Eynulla Fətullayev bildirdi ki, o, ötən həftə həbsxanada Cəlil Məmmədquluzadənin «Danabaş kəndinin əhvalatları» əsərini oxuyub.

Müşavirədən sonra hakim vəsatətin təmin olunduğunu bildirdi və növbəti prosesin sentyabrın 24-də keçiriləcəyini élan etdi.

KÖYNƏKDƏN XƏBƏR YOXDUR, VƏSİQƏ DƏ SEÇKİ GÜNÜ VERİLƏCƏK


Jurnalistin bir müddət əvvəl əlindən alınan köynək hələ də qaytarılmayıb
Eynulla Fətullayev ona səxsiyyət vəsiqəsi verilməsinin yubadıldığını da hakimin diqqətinə çatdırdı. Jurnalist bildirdi ki, Bakı İstintaq Təcridxanasında ona deyilib ki, vəsiqə noyabrın 7-də, yəni seçki günü verilək. Hakim isə bildirdi ki, məhkəmə bu məsələyə növbəti proseslərdə baxa bilər.

Eynulla Fətullayevdən üzərində «Neft üçün bir az qan» yazılmış köynəyinin aqibətini də soruşduq. Məlum oldu ki, bir müddət əvvəl əlindən alınan köynək hələ də qaytarılmayıb.

Eynulla Fətullayev 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etməkdə günahlandırılaraq 2 il 6 ay həbs edilib. Daha sonra terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunan jurnalistin cəzası 8 il yarıma qaldırılıb. 2009-cu ilin dekabrında isə həbsxanada narkotik maddə saxlama ittihamı ilə ona daha bir cinayət işi açılıb.

Bu ittihamla da jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də isə Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Şərhləri göstər

XS
SM
MD
LG