Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22
İstanbulda keçirilmiş türkdilli ölkələrin son zirvə toplantısında müzakirə dilinin – Türkiyə türkcəsi olması qərarlaşdırılıb.

Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyir ki, türk dövlətləri arasında ortaq müzakirə dili olaraq Türkiyə türkcəsinin seçilməsi tamamilə düzgün seçimdir.

“Əvvəla burada linqvistik bir məqam var. Türkiyə türkcəsi daha çox inkişaf etmiş dildir.

Bunun arxasında böyük bir sosium, cəmiyyət dayanır. Eyni zamanda bu dili başqa türk xalqlarından - azərbaycanlılar, özbəklər, türkmənlər, uyğurlar genotipə görə yaxşı anlayırlar, yəni Türkiyə türkcəsini anlamaq onlar üçün çox böyük zəhmət tələb etmir.

Bir çox türk dövlətlərində Türkiyədən olan maarifçilərin açdığı məktəblər var və onlar da bu sahədə az iş görmürlər. Türkiyə türkcəsinə başqa bir alternativ yoxdur".

Amma Azərbaycanda bəziləri hesab edir ki, türk dövlətləri üçün ortaq ünsiyyət dili olaraq Azərbaycan türkcəsinin seçilməsi daha uyğun olardı.

Məsələn, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva “Türk birlik” saytına belə demişdi:

“Heç şübhəsiz ki, mən ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayanmasını istərdim.

Ona görə yox ki, özüm azərbaycanlıyam, öz dilimi daha çox sevirəm. Mən məsələyə daha çox dilçilik aspektindən, dilin öyrənilməsi səviyyəsindən, təmizliyindən, norma və qanunları gözləməsindən, tarixi-ənənəvi keyfiyyətləri qoruması baxımından yanaşıram.

Təxminən min il bundan öncə yazıya alınmış "Kitabi-Dədə Qorqud" dastanı ilə bugünkü Azərbaycan dili arasında çox az fərq var.

Müasir Azərbaycan oxusucu "Dədə Qorqud"u oxuyur və asanlıqla başa düşür.

Yəni müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini, genetik xüsusiyyətlərini ən yaxşı qoruyub saxlamış dildir.

Digər tərəfdən, Azərbaycan dili kifayət qədər ciddi öyrənilib, dil materialı linqvistik baxımdan təhlil edilib. Adi bir misal deyim, Mahmud Kaşğarinin hələ 12-ci əsrdə türk dillərində kəşf etdiyi ahəng qanunu bu gün ən çox Azərbaycan dilində izlənilir.

Bu da dilin axıcılığında, rəvanlığında özünü göstərir. Ona görə də Azərbaycan dili tez anlaşılır və başa düşülür.

Dilimizin bu xüsusiyyətini nəzərə alaraq bir vaxtlar M.Y.Lermontov yazırdı ki, fransız dili Avropa üçün nədirsə, azərbaycanlıların da dili Şərq üçün həmin şeydir.

Hesab edirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayandığı təqdirdə onun bütün türkdilli xalqlar üçün ümumişlək dilə çevrilməsi problemi olmayacaq”.

Gövhər Baxşəliyeva
Nizami Cəfərov isə başqa fikirdədir. Onun qənaətincə, Türkiyə türkcəsinin başqa türk dillərindən üstün bir cəhəti var.

“Ötən əsrin 20-ci illərində Türkiyə türkcəsində eksperiment aparıldı.

Onlar qədim türkcədən bəri işlənmiş sözləri topladılar və aktiv ünsiyyətə, mətbuatın dilinə daxil etdilər. Bu mənəda Türkiyə türkcəsində bütün türk dillərinin elementləri həm təbii, həm də süni olaraq mövcuddur.

Digər tərəfdən indi bütün türk xalqları, hətta tuvalılar, tatarlar, başqırdlar da deyirlər ki, onların dili daha yaxşı türkcədir. Hətta qırğızlarla qazaxlar deyirlər ki, onların dili qədim türk dilinə daha yaxındır. Və müəyyən mənada həqiqətən də bu belədir.

Amma fakt budur ki, axır 10 ildə türk xalqları arasında ünsiyyət vasitəsi rolunu – Türkiyə türkcəsi oynamaqdadır. Bu təbii olaraq baş verir”.

Hələ ki Türkiyə türkcəsi zirvə toplantılarında ortaq ünsiyyət dili olacaq.

Amma bütün türk dilli ölkələr üçün ortaq dil yaratmaq elə də asan məsələ deyil.

Ən azı ona görə ki, Orta Asiya ölkələrinin başında duranların çoxu sovet təhsilli, rus dilinin təsiri altında böyümüş insanlardır.

Elə son zirvə toplantısı başa çatandan sonra keçirilən mətbuat konfransı da bunu göstərir.

Azadlıq Radiosunun İstanbul müxbiri xəbər verir ki, Türkiyə və Azərbaycan liderləri öz dillərində çıxış edərkən əksəriyyət söhbətin nədən getdiyini anlasa da, onlardan sonra çıxış edən Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədov türkmən dilində danışmağa başlayarkən çoxluq onu anlamayıb.

Bu səbəbdən Berdıməhəmmədov ruscaya keçib, onun çıxışı ruscadan çevrilib. Digər Orta Asiya liderləri də rusca danışıblar...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG