Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Sultan amerikalının azadlığı üçün 500 min dollar ödəyib


Sara Şourd anası Nara ilə 14 sentyabr 2010
Sara Şourd anası Nara ilə 14 sentyabr 2010
Bir ildən çoxdur İranda saxlanan amerikalı Sara Şourdun azadlığa buraxılması üçün 500 min dollar girov ödəyən sirli havadarın kim olduğu nəhayət məlum olub. «Times» qəzeti bu şəxsin Oman sultanı olduğunu öyrənib.

Qəzet Vaşinqtondakı mötəbər mənbədən bu məlumatı təsdiqləməsini istəyəndə, mənbə deyib: «Məncə siz doğru tapmısınız».

OMAN HÖKUMƏTİNƏ TƏŞƏKKÜRLƏR

Sara Şourd 13 ay əvvəl İraq sərhədində tutulan üç nəfərdən biridir. İran onları casusluqda ittiham edib. Sentyabrın 14-də azadlığa buraxılan qadını Omana kral təyyarəsi ilə aparıblar.

32 yaşlı Şourd, Birləşmiş Ştatlar prezidenti Barak Obama və Dövlət katibi Hillari Klinton yardıma görə Oman hökumətinə təşəkkürünü bildirib.

Dövlət Departmenti də bəyan edib ki, bu kiçik Körfəz ölkəsi İranla danışıqlarda «əsas vasitəçi» olub. Ancaq heç bir qurum qadının azadlığa buraxılması üçün girov pulunu kimin ödədiyini açıqlamır.

Şourdun ailəsi 500 min dolların onlar üçün çox böyük məbləğ olduğunu və ödəmək iqtidarında olmadıqlarını, ABŞ hökuməti isə öz növbəsində həbsdə olan vətəndaşlar üçün girov ödəmədiyini açıqlayıb.

GİROVU ÖDƏYƏN HAVADAR «ƏCNƏBİ»DİR

Tehranın baş prokuroru Abbas Cəfəri Dolatabadi
Tehranın baş prokuroru Abbas Cəfəri Dolatabadi bildirib ki, Şourdun «nümayəndələri» girov pulunu Oman paytaxtı Muskatdan ödəyiblər. Amerikalının vəkili isə girovu ödəyən havadarın «əcnəbi» olduğunu deyib.

Oman hökumətinin girovun ödənilməsi ilə əlaqəli olub-olmadığını soruşmaq üçün «Times» qəzeti Oman səfirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmağa çalışsa da, zəngləri cavabsız qalıb.

«UDUŞLU» VƏZİYYƏT

Vaşinqtondakı Xarici Əlaqələr Şurasının iranlı analitiki Ray Takeyh hesab edir ki, İran və Qərblə yaxşı əlaqələri olan Sultan Qaboos indi «uduşlu» vəziyyətdədir.

O, bir tərəfdən administrasiyanın üzləşdiyi çətinliyi həll etməyə yardım edib. Həmçinin xəstə amerikalı qadını azad etməklə, İran prezidenti Ədmədinejadın gələn həftə BMT Baş Assambleyasına müraciətindən əvvəl imicinin yaxşılaşdırılmasına köməklik göstərib.

Neftlə zəngin Oman üçün 500 min dollar bu cür xeyirxahlıq işi üçün kiçik məbləğdir. Xüsusilə, sultanlığın ABŞ-la azad ticarət razılaşmasına can atdığı bir məqamda.

İran prezidenti Mahmud Əhmədinejad və Oman sultanı Qaboos bin Səid - Tehran, 04 avqust 2009
69 yaşlı Sultan Qaboos Britaniyada təhsil alıb və Britaniya ordusunda xidmət edib. Onun Kraliçadan da varlı olduğu, bir neçə saray və yaxtasının olduğu bildirilir.

SARA ŞORD HEÇ KİMİN GÖZÜNƏ GÖRÜNMƏYİB


Bu arada isə azadlığa çıxan Sara Şourd dünənə kimi Muskatda olub, ancaq ictimaiyyətin gözünə görünməyib. Oman rəsmiləri qadının tibbi müayinədən keçdiyini, İranın məşhur Evin həbsxanasında saxlanarkən qadının döşündəki bədxassəli şişlərin bir qədər də inkişaf etdiyini deyiblər.

Casusluqda ittiham olunan Sara Şourd, nişanlısı və dostu Evin həbsxanasında saxlanıblar. Sara azad edilsə də, hər iki kişi hələ də həbsdədirlər.

Məhbusların anaları İran prezidenti Əhmədinejada müraciət edərək, gələn həftə Nyu-Yorka gələrkən oğullarını da özü ilə götürməyə çağırıblar. Səyahətçilərin ailə üzvləri onların səhvən İranın ərazisinə daxil olduqlarını bildiriblər.

Ağ Ev də bildirib ki, heç bir cinayət törətməyən, heç bir səbəb olmadan saxlanan amerikalılar dərhal azadlığa buraxılmalıdır.

\Tərcümə etdi: Sevinc Hüseynzadə\

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG