Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:22
«Deputat başqa yerdən maaş almamalıdır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas Erkin Qədirli deyib. Onun sözlərinə görə, amma Milli Məclisdə belə adamlar olsa da buna göz yumulur:

«Baş redaktorlar var, rektorlar var, bəzi başqa vəzifəli şəxslər var ki, deputatlığa uyğun gəlməyən vəzifələr tuturlar. Qanun buna imkan vermir, sadəcə buna göz yumulur. Qanun deputat maaşından əlavə gəlir mənbələrini qəbul edir, əgər onlar yaradıcılıq, elmi, pedoqoji sahədən gələn gəlirlərdirsə. Redaktor vəzifə olduğundan uyğun gəlmir. Rektor inzibati vəzifədir. Müəllim vəzifə deyil. Deputatlıq fəaliyyəti ilə uyğun gəlməyən fəaliyyətlər var ki, hansı ki, bəzi deputatlar o fəaliyyətlə məşğuldurlar. Sahibkarlar var. O da deputat statusuna uyğun gəlmir».

Hüquqşünas deyir ki, bu, ölkədə ümumi siyasi fonun riyakar olmasının nümunəsidir. Bunlara qarşı çıxmaq üçün isə siyasi iradə lazımdır.

ETİKA KOMİTƏSİ MƏKTƏBLƏRDƏ ŞAGİRDLƏRƏ NƏZARƏT EDƏN TƏRBİYƏVİ QURUMA DÖNDƏRİLİB

Erkin Qədirli deyir ki, parlamentdə buna nəzarət etməli olan Etika Komitəsi məktəblərdə şagirdlərə nəzarət edən tərbiyəvi quruma döndərilib. Amma qanunun ali olduğunu düşünən vətəndaş da deputat olmaq istəyirsə bunu nəzərə almalıdır:

«Əgər kimsə deputatlığa üstünlük verəcəksə deputatlıqdan öncə məşğul olduğu işdən ayrılmalıdır. Ya da o biri işi daha çox sevirsə, orda daha uğurlu olduğunu iddia edirsə, ordan daha çox qazanırsa, onda deputatlıq nəyinə lazımdır? Onda deputatlıq statusu bunun əlindən alınmalıdır».

Demokratik Seçkilərə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Çingiz Dadaşov da Erkin Qədirlinin dediklərinin isbatı olaraq deyib ki, hazırda Milli Məclisdə 27 elə fəaliyyət göstərən deputat var.

BU GÜNLƏ UZLAŞMAYAN BƏZİ MADDƏLƏR VAR


Ekspert deputatlığa namizədlərin maliyyə məsələlərinə də toxunub. O deyib ki, seçki qanunvericiliyində bu günlə uzlaşmayan bəzi maddələr var:

Çingiz Dadaşov
«Bu gün hər bir namizədin xüsusi seçki fondu ola bilər 500 min manat. Amma siyasi partiyalara da 500 min manatdır. Siyasi partiya bloklarına da 500 min manatdır. Tutaq ki Yeni Azərbaycan Partiyası 125 seçki dairəsindən namizədliyini irəli sürüb. Bu 500 min manatı 125 nəfərə böləndə, bu, 4 min manat edir. Hər bir namizədə bir dairənin içərisində 4 min manat demək olar ki, pul deyil».

Erkin Qədirli bu cür məsələlərə, o cümlədən kiminsə namizədə ayırmaq istədiyi maliyyə yardımına qoyduğu limitə münasibət bildirib:

SİYASİ SENZURA HƏM DƏ O DEMƏKDİR Kİ, PUL VERƏ BİLMƏZSƏN

«Bizdə o cümlədən maliyyə məhdudiyyətləri dolayısı ilə siyasi senzuradır. Siyasi senzura o demək deyil ki, sən toplaşma, danışma, üzv olma. Siyasi senzura həm də o deməkdir ki, pul verə bilməzsən. Pul versən də ancaq bu məqsədlə verə bilərsən və bu qədər verə bilərsən. Pulun sahibi özü müəyyənləşdirməlidir ki, o nə qədər vermək istəyir, kimə vermək istəyir, nə üçün vermək istəyir, nə zaman vermək istəyir».

Şərhləri göstər

XS
SM
MD
LG