Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31
NAMİZƏDLƏRDƏN GƏLİR VƏ ƏMLAK MƏLUMATLARI DA TƏLƏB EDİLİR

Noyabrın 7-də keçiriləcək parlament seçkisində namizəd olmaq istəyənlərə imza vərəqələrindən başqa, doldurub geri qaytarmalı olduğu daha iki forma verilir. Onlardan biri namizəd olmaq istəyənin son bir ildə qazancı, digəri isə əmlakı haqqında məlumatları verməsi üçün formadır.

Dairə Seçki Komissiyaları namizəd olmaq istəyənlərin həmin formalarda yazdıqları məlumatları dəqiqləşdirmək üçün Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinə müraciət edib həmin namizədliyə iddilalıların verdiyi məlumatları dəqiqləşdirir.

Mərkəzi Seçki Komissiyasından Azər Sarıyev bildirir ki, əgər namizəd olmaq istəyən əmlakı və gəliri haqqında düzgün məlumat verməyibsə, bu, onu qeydə almaqdan imtina edilməsi ilə nəticələnə bilər.

Amma deputatlığa iddialı namizədlərin çoxu bizimlə söhbətdə bu mövzuda suallara könülsüz, ötəri cavab verib söhbəti bitirməyə çalışırdılar.

KİMİN VAR-DÖVLƏTİ NƏ QƏDƏRDİR?

Artıq parlament seçkisində iştirak edəcəyini elan edən bəzi siyasətçilərdən “Dairə seçki komissiyasına əmlak və qazancınız haqqında nə məlumat verəcəksiniz?” deyə soruşmuşuq. Aldığımız cavablar:


Bahar Muradova – hakim YAP-dan millət vəkili, Milli Məclis sədrinin müavini:


- Gəlirim Milli Məclisdəki maaşımdır. Bir də ailəlikcə hamımıza hərəsi üç otaqdan ibarət olan iki mənzilimiz var. Maşınım yoxdur.




Əli Kərimli – AXCP-nin sədri:


- Dövlət partiyaları maliyyələşdirmir, ona görə biz pulsuz işləyirik. Əvvəlki seçkilərdə bəyan etdiyimdən savayı gəlirim və əmlakım yoxdur. Üçotaqlı evim var, Sülyeman Rəhimov küçəsində. Mərdəkanda da 12 sot bağ sahəm var. İçərisində də başa çatmayan yarımçıq tikili var.



Bəxtiyar Sadıqov – YAP-dan millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru:


- “Azərbaycan” qəzetindən maaaş və qonorar, Milli Məclisdən də maaş alıram. Evim, qayınatadan qalma bağ evi və “Mercedes” markalı bir maşınım var. Elə deyəsən, bu son beş il üçün mənim bəyannamədə dəyişdiyim məlumat “Jiquli”ni satıb “Mercedes” almağım olacaq. Köhnə də olsa, “Mercedes”dir də. Ayrı şeylərim yoxdur. Jurnalistlərdə elə siyahı dolduracaq imkan olmur də, bunu təbii qəbul edirəm, normaldır.


İsa Qəmbər – Musavat Partiyasının başqanı


- İşləmədiyim üçün maaşım və başqa gəlirlərim yoxdur. Adıma mal-mülk də yoxdur. Yalnız Bakıda atamdan qalma dördotaqlı mənzilim var.




İqbal Ağazadə - millət vəkili, “Ümid” partiyasının sədri


- Aylıq deputat maaşım var – 1700 manat. Üç otaqlı mənzilim və bir də “Mercedes” markalı maşınım var. Bağ evim yoxdur.





Azay Quliyev – millət vəkili, prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri


- Qanunvericilik nəyi bəyan etməyi tələb edəcəksə, o məlumatların hamısını seçki komissiyasına verəcəm.





Sərdar Cəlaloğli – ADP-nin sədri


- Rəsmi maaşı olan işim yoxdur. Xanımımın dörd otaqlı mənzili var, mənim də “Prado” markalı maşınım var.




Pənah Hüseyn – millət vəkili, Xalq Partiyasının sədri


- Sahəsi 107 m2 olan dörd otaqlı mənzilim və Dübəndidə beş hektar torpaq sahəm var. Torpağı 1988-ci ildə almışam. Qazancım deputat maaşımdır. Maşınım yoxdur.




Fazil Qəzənfəroğlu – millət vəkili, Böyük Quruluş Partiyasının sədri


- Sabunçu qəsəbəsində dörd otaqlı evim, Nardaran qəsəbəsində bağım və “Humdai” markalı maşınım var. Qazancım deputat maaşımdır.



Gültəkin Hacıbəyli, müstəqil millət vəkili


- Dörotaqlı mənzilim və maşınım var. Bağım yoxdur. Pul gəlirlərimi Dairə Seçki Komissiyasına bəyannaməmdə qeyd edəcəm.




GƏLİR BARƏDƏ YALAN MƏLUMAT DEPUTAT ÜÇÜN TƏLƏ OLA BİLƏR

“Hüquq və İnkişaf” ictimai birliyinin rəhbəri Hafiz Həsənov bildirir ki, indi həm hökumətdən, həm də müxalifətdən olan namizədlər əmlak və gəlir məlumatlarına çox da ciddi yanaşmırlar. Halbuki, hakim elita istədiyi vaxt arzulamadığı namizədi bu məlumatların doğru olmadığını əsas gətirib qeydiyyatdan məhrum edə bilər.

Hətta, bu məlumatlarpın düzgün verilməməsi, deputat seçiləndən sonra ortaya atılaraq mandatın geri alınması üçün məhkəmədə iddia qaldırıla bilər.

Amma hələlik vəziyyət bütün tərəflərə sərf edən şəkildədir. “Vəzifəli şəxslərin gəlir bəyannaməsi haqqında” qanun ümumən işləmir, Nazirlər Kabineti bəyyanamə təqdim etmək üçün lazım olan normativ sənədləri prezidentə verməyi gecikdirir, imkanlı adamlar da seçkiyə gedəndə əmlak və gəlirləri haqqında real deyil, onların siyasi mülahizələrinə lazım olan olan məlumatları verirlər. Hansısa namizədə hakimiyyətdən xüsusi siyasi münasibət olmadan MSK kiminsə belə məlumatlarını ciddi yoxlamaqda həvəsli deyil, Komissiya bəyannamələrin mətbuatda yayılmasına da mümkün qədər yol vermir.

KİMLƏRİN GƏLİR BƏYANNAMƏSİ DAHA MARAQLI OLARDI?

Bunlar siyasətçilərin öz var-dövlətləri haqqında özlərinin dedikləridir və əlbəttə, bu təkcə sözlərlə hamını inandırmaq o qədər də asan deyil. Bəlkə də daha başqalarının, ölkədə hamının imkanlı nazirlər, rəsmilər kimi tanıdıqları adamların öz var-dövlətləri haqqında dediklərini oxumaq az inandırıcı olsa da daha maraqlı olardı. Amma hələlik jurnalistlərin telefon zənglərinə cavab verən siyasətçilərin öz mal-mülkləri haqqında dediklərini çatdıra bilirk. Buyurn, fikirlərinizi göndərin, daha kimlərin gəlir məlumatını oxumaq Sizlərə daha maraqlı olardı, burada oxuduqlarınızdan hansı siyasətçinin dediklərinə ianadınız?

Fikirlərinizi bu mətnin sonunda forumda bölüşün.

Şərhləri göstər

XS
SM
MD
LG