Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49
Ay yarım bundan əvvəl həbsdən çıxanda Əhməd Hümbətov hara gedəcəyini bilmirdi. Elə indi də keçmiş məhbus bu sualı özünə hər axşam verir. Deyir ki, dövlət ona sahib çıxmasa, ya cinayət törədib həbsxanaya qayıdacaq, ya da özünü öldürəcək:

- 11 il cəza çəkəndən sonra 3 saylı «tubzon»dan azadlığa çıxmışam. Mənim yerim, yurdum yoxdur, hara gedirəmsə şəxsiyyət vəsiqəsi istəyirlər, Əzizbəyov rayonunda pensiya pulum yığılıb, deyirlər şəxsiyyət vəsiqəni gətir pensiyanı al, prezidentin dotasiyasını ala bilmirəm, deyirlər verərik, amma şəxsiyyət vəsiqəni gətir, bütün işlərim şəxsiyyət vəsiqəsinin üstündədir, onu da mənə vermirlər.

MƏNƏ SIĞINACAQ VERİN

Əhməd Hümbətov bu ilin iyul ayının 31-də həbsdən buraxılıb. Hələ həbsdə olarkən ailəsi ondan üz döndərdiyinə görə, azadlığa çıxandan sonra «harada yaşamalı» sualı çıxıb ortaya. Keçmiş dustağı əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil veriblər ki, nazirlik onu qocalar evinə yerləşdirsin. Ancaq Nazirlik səbəb gətirib ki, şəxsiyyət vəsiqəsi olmadığına görə ona yiyə dura bilməz:

«Müəssisənin əməkdaşı məni gətirib nazirliyin əməkdaşı Nəzakət xanıma təhvil verdi. İki saat gözləyəndən sonra nazirliyin başqa bir əməkdaşının yanına apardılar, sonra da dedilər ki, şəxsiyyət vəsiqən olmasa, səni qocalar evinə göndərə bilməyəcəyik».

GƏNCƏ-BAKI YOLLARINDA

Əhməd Hümbətov deyir ki, həbs olunarkən Bakının Nəsimi rayonu ərazisində yaşayış qeydiyyatında imiş. Həbsdən buraxılandan sonra Nəsimi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə ayaq döysə də, onu qeydiyyata almayıblar. Deyiblər ki, Gəncədə doğulmusan, get yaşayış qeydiyyatına da orda düş:

«Gəncəyə getdim, orda da dedilər axırıncı dəfə harda yaşayış qeydiyyatında olmusansa, orda qeydiyyata düşməlisən».

Bir sözlə, keçmiş məhkum yaşayış qeydiyyatına düşmək və şəxsiyyət vəsiqəsi almaq üçün Bakı-Gəncə yolunu bir neçə dəfə gedib-gəlsə də faydasını görməyib. Və bir müddət Bakının parklarında gecələməli olub:

«Ayaqlarım şişdiyindən parkda qalmışam, məni təcili yardımla respublika xəstəxanasına götürdülər».

DUSTAQLARIN GÖZÜNDƏ QALAN SEVİNC

Deyir ona tibbi yardım göstərəndən sonra qalmağa yeri olmadığını biləndə yazıqları gəlib və xəstəxanada sığınacaq veriblər. Ancaq bu da müvəqqətidir. İndi Əhməd Hümbətov narahatdır ki, yaxın vaxtlarda özünə başqa sığınacaq tapmasa, üzü qışa küçələrdə gecələməli olacaq. Keçmiş məhkumun «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanundan da xəbəri var. Ancaq deyir qanunu sayan kimdir:

«Prezidentə müraciət eləmişəm ki, sizin fərmanınıza əməl eləyən yoxdur, minlərlə dustaq fərmanı eşidib sevinmişik ki, sağ olsun, yenə bunda bir insanpərvərlik var. Amma reallıqda heç kim buna əməl eləmir».

ŞƏXSİYYƏT VƏSİQƏSİ OLMASA KÜÇƏDƏ QALACAQ?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin baş məsləhətçisi Nəzakət Xudiyeva deyir ki, keçmiş məhkum şəxsiyyət vəsiqəsi almayana kimi ona hər hansı köməklik göstərmək mümkün deyil:

- Onun problemi həll olur, 1 aya şəxsiyyət vəsiqəsini verəcəklər, biz də onu qocalar evinə götürəcəyik.

- İyulun 31-də azadlığa buraxılıb və demək olar ki, küçədə qalıb. Xəstəxanada yaşayırsa, o demək deyil ki, o sığınacaq tapıb. Bəs bir ay ərzində o harda qalacaq? Elə bir sığınacaq varmı?

- Sığınacaq dedikdə biz indi Zabrat qəsəbəsində sığınacaq tikirik. O tikilməyənə qədər biz bu adamlara heç bir köməklik göstərə bilmərik. Özümüzün də elə bir yerimiz yoxdur ki, kirayə götürək, bu adamlar orda müvəqqəti yaşasınlar.

Nəzakət Xudiyeva deyir ki, keçmiş məhkum şəxsiyyət vəsiqəsini almayana qədər ona qanunla müəyyən edilmiş birdəfəlik pul müavinəti də verilməyəcək.

KEÇMİŞ MƏHKUM 1 AY DA GÖZLƏSİN

Nəsimi Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən dedilər ki, Əhməd Hümbətova ən tezi 1 ay ərzində şəxsiyyət vəsiqəsi verilə bilər. Belə əsaslandırdılar ki, qeydiyyata götürülməsi və şəxsiyyət vəsiqəsi verilməsi tez başa gələn proses deyil və ən azı 1 ay vaxt aparır.

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanunda isə göstərilir ki, azadlığa çıxan məhkum iki gün ərzində yaşayış qeydiyyatına götürülməli və şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır.

ÜZÜ QIŞA – HARA SIĞINMALI?

Kamil Səlimov
Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin sədri Kamil Səlimov deyir ki, dustaq azadlığa buraxılmamışdan 6 ay əvvəl onun cəza çəkdiyi müəssisənin rəhbərliyi müvafiq icra orqanlarına məhkumun sosial problemlərinin həlli üçün bildirişlər göndərir:

«Biz monitorinqlər aparmışıq və müəyyən etmişik ki, bu bildirişlərin göndərilməsində problem yoxdur. O ki qaldı yerlərdə o bildirişlərdən irəli gələn məsələləri icra etməyə, əgər dustağın yazdığı həqiqətdirsə, bu, artıq qanun pozuntusudur».

Kamil Səlimov deyir ki, problemə laqeyd münasibət nəticəsində cəzaçəkmə müəssisələrini tərk edən məhkumlar cinayətkar dəstələrə üzv olaraq cinayətkar fəaliyyətlərini davam etdirirlər və ya özləri üçün sığınacaq yeri olan cəzaçəkmə müəssisələrinə qayıtmaq üçün qəsdən cinayət törədirlər. Elə keçmiş məhkum Əhməd Hümbətov da belə deyir:

«Məktubumda da qeyd eləmişəm ki, əgər mənə köməklik eləməsəniz, mənim iki yolum var, ya oğurluq eləməliyəm, ya da özümü öldürməliyəm. Yaşımın bu vaxtında mən bir də tutulmaq istəmirəm, istəyirəm normal həyata qayıdım».

İndi keçmiş məhbus Əhməd Hümbətovu narahat edən başqa sual da var: qarşıdan qış gəlir. Hara sığınmalı?

Şərhləri göstər

XS
SM
MD
LG