Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:58

İranda futbol azarkeşləri saxlanılıb


Futbol azarkeşləri saxlanıb
Futbol azarkeşləri saxlanıb
Sentyabrın 10-da Təbrizin «Traxtur» və İsfahanın «Zobahən» futbol qarşılaşmasında «Traxtur»un azarkeşləri polis tərəfindən saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) nümayəndəsi Yaşar Həkkəkpur məlumat verib. Onun sözlərinə görə, təxminən 20 nəfər saxlanılıb və onlarla görüşə icazə verilmir:

«Saxlanılanlar yaxınları ilə görüşə bilmirlər. Onlar həbsdə yaxınlarına işgəncə verilməsindən narahatdırlar».

Yaşar Həkkəkpur bildirib ki, saxlanılanlardan 4 nəfərin kimliyini müəyyənləşdirmək mümkün olub. Onlar milli fəallar Tohid Rəhimi, İrəc Nəsirzadə, Nazir və Əliriza Mezahirpurdurlar.

Tohid Rəhimi və İrəc Nəsirzadə matçı izləmək üçün qırmızı köynək geydiklərinə görə, Nazir və Əliriza Mezahirpur qardaşları isə matçdan sonra saxlanıb.

Son vaxtlar qırmızı rəng Azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyət göstərən və «Traxtur» komandasının tərəfdarları üçün rəmzi məna daşıyır. Futbol matçında «Azərbaycan var olsun, tutulanlar azad olsun!», «Yaşasın Azərbaycan!», «Türk dilində mədrəsə!» kimi şüarlar səsləndirilib.
XS
SM
MD
LG