Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

Etibar Məmmədov seçkiyə gedirmi?..


«Bu gün Azərbaycanda faktiki olaraq məmur kapitalizmi mövcuddur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan AMİP-in fəxri lideri Etibar Məmmədov deyib. O bildirib ki, parlament seçkilərinə qatılmaq üçün qəti qərara gəlməyib:

«Hələlik seçki şəraiti ilə tam tanış deyiləm. Ona görə qərarım yoxdur».

Etibar Məmmədovun fikrincə, demokratiyanın olması üçün ilk növbədə iqtisadi azadlıqlar təmin olunmalıdır. Azərbaycanda isə bu, dar çərçivədədir və demək olar ki, yoxdur:

ƏSAS İQTİSADİ AZADLIQDIR

«Azadlıqlar təkcə söz azadlığı ilə bitmir. Demokratiya təkcə söz azadlığı ilə, mətbuat azadlığı ilə, vicdan azadlığı ilə bitmir. Bir ölkənin, istənilən dövlətin, istənilən siyasətçinin həmişə qarşıya qoyduğu və xalqa da elan etdiyi məqsəd odur ki, sabah bugünkündən yaxşı yaşayacaqsınız. Mənim fikrimcə, ona görə də birinci növbədə məsələ iqtisadi azadlıqlardır. İqtisadi fəaliyyət azadlığı olmadan yüz dəfə sizə sərbəst toplaşmaq azadlığı versələr, mətbuat işçilərinə nə istəyirlər danışmaq, yazmaq, kimi istəyirlər söymək, kimi istəyirlər təhqir etmək azadlığı versələr, heç bir şey dəyişməyəcək».

AMİP-in fəxri lideri hesab edir ki, iqtisadi azadlıqların verilməsi hakimiyyət üçün problem yaratmamalıdır. Əsas problem vətəndaşların deyil, bir neçə adamın varlanmasıdır:

CƏMİYYƏTİN VARLANMASINDAN QORXURLAR


«Hakimiyyətdə olan bir qrup insanlar fikirləşirlər ki, onların ideologiyası bundan ibarətdir ki, bizim cəmiyyət nə demokratiyaya hazırdır, nə də azadlıqlara. İqtisadi azadlıqların verilməsi onların hakimiyyəti üçün təhlükə yarada bilər. Yəni, cəmiyyətin varlanmasından bir qədər qorxurlar. Ancaq mən belə fikirləşirəm ki, çox səhv edirlər. Çünki bir neçə adamın varlanması daha təhlükəlidir, nəinki vətəndaşların varlanması».

Etibar Məmmədov deyir ki, hazırda bütün mülkiyyət məmurların əlində cəmləşsə də, buna heç bir zaman zəmanət yoxdur:

«Məmur olmayanın nə iqtisadi sferada bir işi var, nə bir gəlir mənbəyi var. Bu gün Azərbaycanda faktiki olaraq məmur kapitalizmi mövcuddur. Bütün mülkiyyət məmurların əlində cəmləşib. Və həmin mülkiyyətin özünə də heç bir qarantiya yoxdur».

AMİP-çi cəmiyyətin passivliyi məsələsinə toxunaraq bildirib ki, ictimaiyyət başqasına ümid etməməlidir:

BAŞQALARINA ÜMİD ETMƏK XÜLYASINDAN ƏL ÇƏKMƏK LAZIMDIR

«Azərbaycan cəmiyyəti başqasından kömək ummamalıdır. Azərbaycan cəmiyyəti özü fəallaşmayana qədər, özü öz milli maraqlarını müəyyən etməyənə qədər ki, bizim milli maraqlarımız nəyi tələb edir və hakimiyyətdən də həmi milli maraqlar çərçivəsində işi tələb etməyənə qədər inkişaf olmayacaq. Yəni başqalarına ümid etmək xülyasından əl çəkmək lazımdır».

Etibar Məmmədovun qənaətincə, vətəndaşlar öz haqlarını bilmədiyi üçün hakimiyyət bundan istifadə edərək siyasət yürüdür və cəmiyyətdə mütilik yaradır:

İNSANLARA SƏDƏQƏ VERMƏK SİYASƏTİNDƏN ƏL ÇƏKMƏK LAZIMDIR

«Əgər pensiyaçının təqaüdü artırılırsa, bu onun haqqıdır və dövlət də bunu etməyə borcludur. Və borcunu yerinə yetirdiyi üçün heç kimə təşəkkür etmək lazım deyil. Və ona görə də bunlar təşəkkür etdikcə hakimiyyət də istənilən bu cür rejimlərdə onu qıt-qıt, xırda-xırda verir. Hər dəfə də bir «çox sağ ol» qazanmaq siyasətini aparır və nəticədə də cəmiyyətdə o mütilik, ələbaxımlıq yaranır. Bizim üçün vacib odur ki, hökumət vətəndaşlara şərait yaratsın, onlar öz pullarını qazanacaqlar. Onlara sədəqə vermək siyasətindən əl çəkmək lazımdır».

Bütün dövrlərdə iqtidarda olan şəxslərlə normal münasibətinin olduğunu deyən Etibar Məmmədov bunun başqa cür başa düşülməsini istəmir:

BU O DEMƏK DEYİL Kİ, MƏN ONLARIN SİYASƏTİNİ QƏBUL EDİRƏM


«İndiki hakimiyyətlə də normal münasibətim var. Ancaq bu o demək deyil ki, mən onların siyasətini qəbul edirəm və razıyam onlarla. Normal münasibət saxlamaq heç də onun siyasətini qəbul etmək və onun düzgünlüyünü təsdiq etmək demək deyil. Mən bir insan kimi niyə onu təhqir etməliyəm və ya ona salam verməməliyəm, onunla görüşməməliyəm kiminləsə ki, o hakimiyyətdədir, mən müxalifətdəyəm».

Etibar Məmmədov Azərbaycanın ən yeni tarixində baş verənlərə də münasibət bildirib. O deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişini ovaxtkı vəziyyətdən çıxış yolu kimi görməsə də, həmin vaxt hakimiyyətdə olanların istəklərinə qarşı çıxmayıb:

BİR DƏFƏ EŞİTMİSİNİZ DESİN Kİ, ETİBAR MƏMMƏDOVUN DƏVƏTİ İLƏ GƏLMİŞƏM


«Mərhum Heydər Əliyev televiziyada, mətbuatda, radioda bəyan etdi ki, mən Bakıya prezident Əbülfəz Elçibəyin, baş nazir Pənah Hüseynovun və Milli Məclisin sədri İsa Qəmbərin dəvəti ilə gəlmişəm. Bir dəfə eşitmisiniz desin ki, Etibar Məmmədovun dəvəti ilə gəlmişəm. Əgər onlar dəvət ediblərsə, onu vəzifəyə cəlb ediblərsə, mənim məsuliyyətim niyə olmalıdır? Mən də səs verənlərdən biri olmuşam. Çünki özləri istəyiblər ki, Heydər Əliyev gəlsin, Milli Məclisin sədri olsun. Səs verdiyimə görə heç də peşman deyiləm».



Cəmiyyətin varlanmasından qorxurlar yarımbaşlığı altındakı abzasda düzəliş edilib.
XS
SM
MD
LG