Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:38
Mən sevda dəlisiyəm,
Adım qurddu, yalquzaqdı mənim.
Kim məniynən yol gedəcək,
Mənzilim uzaqdı mənim...

Bu, yenicə çapdan çıxmış sonuncu - “Turan - ruhu sözlərimdə çırpınan ölkə” kitabına yazdığı son sözüdür şairin.

Fikrinin dağınıq vədəsində, tək-tənha çağında, boşalmağa bəhanə axtaran kimi bulud tək dolan vaxtında, ad günündə görüşdük türk ruhunu köksündə gəzdirən şair Rüstəm Behrudi ilə.

Sənədlərdə 14 sentyabr tarixi qeyd olunsa da, 12-də anadan olub. Dünən onun 53 yaşı tamam oldu. Yaşın sürətlə ötməsi, deyəsən, özünü də təəccübləndirmişdi:

- Elə bil dünəndi, yazmışdım ki,

Mən iki dəfə seçkiyə qatıldım, hər iki halda özümə haqsızlıq gördüm. Bir dəfə Ordubadda, ikinci dəfə Bakıda. Bildim ki, mən səhv etmişəm.

Rəhmətlik Əbülfəz bəy prezident olanda məni çağırıb bir söz dedi. Dedi xahişim budur ki, sən siyasətdən uzaq ol. Mən də ona söz verdim.
Onun sözünə baxmadığımdan həmin səhvlər başıma gəldi.
Kəndimizin döşündə
O tənha məzarlığa
Çökən çəndi, dumandı
45 yaşın payızı.

- 53-ə nəsə yazıbsınız?

- Yox, içimdə başqa şeylər var. Bu gün gedib yazacağam. Mən həmişə şeir yazmıram ki. Başqaları kimi oturub nəsə fikirləşmirəm. Nə vaxt içimdə bir şey olur, onu yazıram.

- Möhkəm istilərin ardınca möhkəm də yağış yağdı və sanki göy üzü boşaldı. Ancaq sizə baxanda, sizi dinləyəndə sanki dolmuş adam təsiri bağışlayırsınız...

- Elədir. Yolda bir mahnıya qulaq asırdıq e. Flora xanım üçün yazılmış mahnıdır, hələlik bəstəkar özü oxuyur:

Payızdı, payıza bənzədim,
Bu dərdim çəkilməz, ağır
Külək əsir sözlərimdən
Sözlərimə yağış yağır.

Bu fəsildə nə yazsam hüznlü, kədərli olacaq, mütləq sözlərimdən külək əsəcək, sözlərimə yağış yağacaq. Həmişə elə olub.

- Hətta bu yaxınlarda yeni kitabınız çıxsa da, yenə dolusunuz.

- Hə, kitabım çıxdı. Bəlkə də 25-30 ildə türkçülük və Turançılıq haqda yazdıqlarımı topladım, bir kitab buraxdım. Adı da “Turan - ruhu sözlərimdə çırpınan ölkə”. Bəlkə də kitablarımın içində ən çox sevdiyimdir.

Çünki həyatımı qoyduğum bir kitabdır. Nə mənada? Mən bütün həyatımı gələcəyə hesablamış adamam. Hətta dediyim sözlərimi də. Heç vaxt bu günlə yaşamadım.

O mənada uzun illər düşüncələrimdə yaşatdığım, sevdiyim nələr varsa, hamısını o kitaba yığdım. Konkret o kitabı “bir ömrün tarixçəsi” adlandırmaq olar və ona həm ön, həm də son söz yazdım.

- Başqasına etibar eləmədiniz?

- Yox, əslində bu kitabı heç kimə etibar edə bilməzdim. Çünki bu, elə bil ki, mənim bütün həyatım boyu düşündüyüm şeylərin artıq sonudur. Yəni 53 yaşımda ora qədər gələ bildim də.

- Hesabat vermək üçün tələsibsiniz deyəsən. Məşədi İbad sizin yaşınızda toya hazırlaşırdı...

- Hər halda Məşədi İbad rolunu oynamaq mənim ruhuma çox uzaq bir şeydir. Dedin, indi yadıma düşdü. Bu yaxınlarda kiçik qardaşım İlhamla kəndə getmişdim. Əmim bizi, həmçinin digər uşaqları, rəhmətlik qardaşımın oğlanlarını qonaq çağırmışdı.

Mənə söz verdilər. Mən birdən-birə durub atamdan və qardaşlarımdan halallıq istədim. Çox qəribədir, bəlkə də doğrudan da son deyilən yaxınlaşır.

Hər halda özümdən asılı olmadı. Ya bəlkə də düşündüm ki, hamı bir yerdədir, bu anında bunlardan halallıq istəsəm, verərlər.

Rüstəm Behrudi Azadlıq Radiosunda
Bəlkə də başqa vaxt heç biri verməyəcəkdi, ancaq bir-birilərinə baxdılar və dedilər sənə nə etmişiksə, halalın olsun. Bəlkə də payızın gəlişi mənə təsir eləmişdi, əhval-ruhiyyə o sözləri dedirtdi.

- Tənha anlarınız çoxmu olur?

- Uzun illərdir artıq mənim həyatımda dostlarım yoxdur. İllərlə qəbul etdiyim, onlarla nəfəs aldığım, fikrini bölüşdüyüm adamlar artıq yoxdur. Mənim ən böyük dostlarımdan biri rəhmətlik Əbülfəz Elçibəy idi. Rəhmətə gedəndə hansısa jurnalist zəng edib bu xəbəri dedi.

Ağlıma ilk gələn o oldu ki, mən bundan sonra kimə zəng vuracağam? Mən ağır əməliyyat keçirtdim.

Dost hesab etdiyim adamların biri mənə zəng etmədi. Ola bilsin bəzisinin vəzifəsi var, gəlmədi, bəzisi dedi bu, daha lazım olmayacaq adamdır.

Gördüm ki, mən fiziki mənada da təkləndim.

- Adam var dostlarını elə öz günahı üzündən itirir.

- Mən elə adam deyiləm axı. Mən sözü bütöv, həmişə haqqın tərəfində dayanan, yalan danışmayan adamam. Bütün ömrümü bu cür yaşadım. Bir adam tapılmaz ki, məni nədəsə ittiham eləsin.

Ən yaxın dostlarım belə. Bəlkə dostlarımın da günahı yoxdur, vaxtları, imkanları olmayıb. Ancaq mən onlara elə olmamışdım. Ancaq bəlkə də elə belə yaxşıdır. Gəlib məni narahat eləmədilər.

- İndi dostlarsız necə keçir? Demək, yaradıcılıq imkanları genişlənib.

- İndi daha çox rahatam. Həyatımın mənalı 25 ilini ancaq onlarla restoranlarda araq içməklə keçirtdim. Ancaq onu da düşünürəm ki, o boyda araq içdik, təmtəraqlı məclislərdə olduq, ancaq bununla belə 25 dənə kitab yazdım.

Deməli, bu da yaradıcılıq üçün əsas şərt deyil. Yadıma gəlir ki, rəhmətlik Bəxtiyar Vahabzadənin də iştirak etdiyi bir məclisdə idik.

O oturub çay içirdi, mən içimdəkiləri yazıya köçürürdüm. Artıq adamların, Bəxtiyar Vahabzadə kimi böyük şairin mənim yanımda olub-olmamasının fərqi yox idi.

Həmin gün mən “Şaman duası” şeirimi yazdım. Sonradan bunu Bəxtiyar müəllimə də dedim.
Dostlar belədir də... Bir gözəl mahnı var:

Unuduldu birər-birər
Əski dostlar, əski dostlar.

- Dostlardan sonra içkiyə əlvida dediniz, yoxsa tək içirsiniz?


- İçkiyə tövbə eləmədim. Amma artıq içə bilmirəm. Yəni içkidən o ləzzəti ala bilmirəm. Beş ildir içmirəm. Deyim ki, mömin-müsəlmanam, namaz qılıram, yox, onlar yoxdur.

Bir şeirim də var ki:

Qaldır yerə düşən andı,
Dur adıma bir şam yandır.
Mənim haram müsəlmandır,
Mənə tövbə olmaz daha.

Tövbə də eləməmişəm. Sadəcə, içə bilmirəm. Tövbə insanın yeni günah işlətmək istəyidir. Hər bir tövbənin mütləq cəzası olmalıdır. Mən həmişə tövbəyə günaha açılan yeni bir qapı kimi baxmışam. Ona görə çalışmışam günah etməyim.

- Günahlarınızla xeyirxah işlərinizi müqayisə edibsiniz?

- Təbii. Mənim bir şeirim var. Deyirəm ki,

Durub günah, günah dedin,
Günah da bir bəhanədir.
Biz bəndəyik, nə bilirik,
Tanrı bilir günah nədir.

Mən bir bəndə olaraq öz-özlüyümdə bilirəm ki, ağlım kəsəndən günah işlətməmişəm. Səhvlərim ola bilər. Hətta səhvlərim olanda belə, tövbə eləmədim, əzablar bahasına onu yumağa çalışdım.

- Bəzən sanki qeybə çəkilirsiniz, səs-sorağınız gəlmir. Bu müddətdə haralarda olursunuz?

- Pulum olanda xaricə gedirəm. Olmayanda da daha çox vaxtımı bağda keçirirəm. Bir haşiyə çıxım.

Təqribən 15 il əvvəlin söhbətidir. Rəhmətliklər Azad Mirzəcanzadə və Həsən Turabov, gözəl ziyalımız Kamal Abdulla ilə bir yerdə söhbət edirdik.

Azad Mirzəcanzadə birdən qayıtdı ki, sən çox istedadlısan, ancaq savadsızsan. Təbii ki, o dövrdə şöhrətli vaxtım idi, mənə belə söz demək olmazdı.

Bu söz mənə çox ağır təsir eləmişdi. Ona görə də növbəti dəfə yemək-içməyə dəvət edəndə getmədim. Sonrakı görüşümüzdə bildi ki, incimişəm.

Dedi istedad Allahın verdiyi bir şeydir, savadı isə sən qazanmalısan. Mənə məsləhət bildi ki, heç olmasa yatmazdan qabaq yarım saat, bir saat kitab oxu. Bu məsləhət mənim bütün həyatımı dəyişdi. O vaxtdan hər gecə yatanda bir saat kitab oxumamış yatmıram.

Bu mənada çox kitab oxuyuram. Hazırda “Türklərin tarixi” və “İsanın kəfəni kimin bədənindədir” kitablarını oxuyuram.

- Kitablarınızı satırsınız, yoxsa hədiyyə edirsiniz?

- Mən adətən satışa verirəm, pul almıram. Üstəlik də yanıma gəlib-gedənə, tələbələrə bağışlayıram.

- Əlavə gəlir yeriniz var da. Daha çox sizi “Behrud” firması ilə əlaqələndirirlər.

- Yox, bir Allah bilir ki, əlavə gəlirim yoxdur. Olsa, daha yaxşı olardı. Mənə qardaşlarım kömək edirlər, bəlli maaş verirlər. Mən də aza qane olan adamam. Qardaşlarım qoymazlar mən nəyinsə dərdini çəkim. Mən həmişə onlara borcluyam.

- Siz bu firmada şair ştatındasınız, yoxsa...

- Mən bura ancaq çay içməyə gəlirəm. Bir də güllərə baxıram.

Pəncərənin qarşısına qoyduğu gülləri göstərir. Suya qoyduğu bir gülü əlinə götürüb tarixçəsini danışır:

- Bu, Tailanddan gətirilib. Allah qoysa, gələn həftə onu dibçəyə qoyacağam. Mən hətta Vyetnamdan, Danimarkadan belə gül-çiçək gətirib bağımda əkmişəm. Yadımdadır ki, İsveçdə hərə bir tərəfə qaçırdı, mən axtarıb yerli adam tapdım və ondan gül mağazası soruşdum.

Axırıncı pullarımı da verib gül aldım gətirdim. Mən bağımdakı ağaclara canlı adam kimi baxıram.

Hətta biri quruyanda mən üç-dörd gün özümə gələ bilmirəm. Bir dəfə səfərdən qayıdıb gördüm akvariumda balıqlar ölüb, bağımda çiçəklərim quruyub.

Bir neçə ay özümə gəlmədim. Onu da deyim ki, mənim dostlarımın olmamağı nəyə dəlalət edir. Mənim dostlarım çox şey istəyirlər, mən heç nə istəmirəm.

Heç nə istəməyənlə çox şey istəyən adamın ortaq bir şeyi olmur. Adətən şair-yazıçıları kef məclisləri birləşdirir.

Orda mən rahatlıq tapmıramsa, demək orda olmayacağam. Bəlkə də mənim bu günahım var ki, artıq o məclislər məni yorub. Hamı zəng vurur ki, ad günü keçirəcəksən?

Təbii ki, istəmirəm. Ola bilsin ya qardaşlarım, ya tanıyanlardan kimsə nəsə edəcək. Amma ad günü mənim şəxsi məsələmdir. Mənim doğulmağımın kimə aidiyyəti var ki.

- Ad gününüzdə adətən gözlədiyiniz ilk təbriklər kimlərdən olur?


- Nazim Hikmətin çox gözəl bir şeiri var:

Bir xəbər gözləyirəm müjdəli,
Bəlkə də öldüyüm gün gəldi...

Mənim ən çox sevdiyim qardaşım var idi, 1995-ci ildə onu Bakıda öldürdülər. Mən ən çox ondan bir xəbər, ya təbrik gözləyə bilərəm. Qalan mənim sevdiyim və məni sevənlər var ki, onlar mütləq təbrik edəcəklər.

Ancaq ömrüm boyu gözlədiyim o xəbəri, o təbriki heç vaxt almayacağam. Mənim həyatımı dost sarıdan mənalandıran rəhmətlik Əbülfəz bəy idi.

Bir də Türkiyədə çox böyük iş adamı və fikir, düşüncə adamı var idi - Orxan Özcanlı. Bir də rəhmətlik qardaşım vardı. Onlar üçü də rəhmətə gedib.

Onlardan sonra doğrudan da təklənmişəm.

- Deyirlər şair sevməsə, yaza bilməz. Sevirsinizmi?

- Mənim bir şeirim var:

Ölümə, sevgiyə dair nə yazırsansa, yaz,
Ölüm sevgiyə, sevgi də ölümə oxşayır bir az.

İçində sevgisi olmayan adam heç nə edə bilməz. Ən böyük sevgi insanın insana olan sevgisidir. Məncə, hətta Allaha olan sevgi də insanların bir-birinə olan sevgisindən keçməlidir. Sevgi olmasaydı, mən 53 yaşımda heç nəyə yaramayan bir adam olardım.

Ancaq mənim aləmimdə bütün həyatı boyu boş və mənasız olan şeyləri dəyərləndirir ki, darıxmasın.

Kim nə deyir desin, insan nəsil artırmaqdan başqa heç nəyə yaramır. İnsan bütün həyatı boyu topladığı təcrübənin sonunda nəyisə kəşf edə bilir.

Amma arı və ya hörümçək ilkin yaranışda öz kəşflərini edirlər. Yer üzü insanların görüş yeri olmaqdan başqa bir şey deyil.

- Parlament seçkiləri gəlir, deyəsən, qatılmaq istəmirsiniz? Bu, dostları itirməyinizdən, bir az da tərkidünyalıqdan irəli gəlir?

- Yox. Mən iki dəfə seçkiyə qatıldım, hər iki halda özümə haqsızlıq gördüm. Bir dəfə Ordubadda, ikinci dəfə Bakıda. Bildim ki, mən səhv etmişəm. Rəhmətlik Elçibəylə həmişə tərəf-müqabili kimi danışardıq. Mənimçün fərqi yox idi ki, o, prezidentdir, yaxud liderdir.

Yəqin ki, mənim rəhmətlik Heydər Əliyevlə söhbətimə də televizorda baxmısan. Onda da “ağa, qul” münasibəti yox idi. Mən hamı ilə o cür söhbət eləmişəm, içimdə nə varsa, odur.

Rəhmətlik Əbülfəz bəy prezident olanda məni çağırıb bir söz dedi. Dedi xahişim budur ki, sən siyasətdən uzaq ol. Mən də ona söz verdim.

Onun sözünə baxmadığımdan həmin səhvlər başıma gəldi. Sonrakı müddətdə hesab elədim ki, bəlkə də millət vəkili olmaq millətə xidmət yoludur. İki dəfə cəhd elədim, baş tutmadı. İndiki situasiyada məndən millət vəkili olmaz. Mən 17 yaşımdan bütün həyatımı mübarizəyə həsr etmiş adamam.

17 yaşımda “KQB”nin zirzəmisində oturmuşam, Bakıda, Naxçıvanda həbsdə yatmışam. Əgər məni seçmədilərsə, artıq burda mənim günahım yoxdur.

Üçüncü cəhdi etməyim bir az tərbiyəsizlik olar.

- Rüstəm Behrudi Azərbaycanın gələcəyi ilə bağlı nə düşünür?

- Əbülfəz Elçibəyin çox gözəl bir sözü var idi. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşən bir ölkədir.

Azərbaycan dünya demokratiyasının qabağından qaça bilməz, o, günlərin bir günü gələcək. Mənim bir şeirim var; “Gələcək heç gəlməyəcək”.

Yeddi rəng bir rəngdi daha,
Səslər də yekrəngdi daha.
Hamı tənha, təkdi daha,
Gələcək heç gəlməyəcək...

Mənim aləmimdə gələcək bizim içində olmadığımız indiki zamandır. Ona görə də gələcək heç gəlməyəcək...

Hər halda bütün həyatını gələcəyə hesablamış adamın gələcəyin gələcəyinə inanmaması qəribədir.

Ancaq elə Rüstəm Behrudi həyatı və yaradıcılığı başdan-ayağa qəribəliklərə dolu deyilmi?..

Elşad PAŞASOY
"Yeni Müsavat"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG