Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Bakıda energetika nazirləri görüşüb


Görüşdə Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri mayeləşdirilmiş Azərbaycan qazının Avropaya çatdırılması məsələsini müzakirə ediblər.

Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında deyib ki, 3 mərhələdə həyata keçiriləcək layihə çərçivəsində təxminən 15 milyard kubmetr mayeləşdirilmiş qazın Avropaya nəqli nəzərdə tutulub:

«Mayeləşdirilmiş Azərbaycan qazının Avropaya nəqli ilə bağlı nazirlərin iclasında təxminən üç versiya üzərində dayanmışıq. İlk mərhələdə 2 milyard kubmetr, ikinci mərhələdə 5 milyard kubmetr, III mərhələdə isə 8 milyard kubmetr qazın sahilə çatdırılması və maliyyələşdirilməsi nəzərdə tutulub. Bundan asılı olaraq kapital qoyuluşu da dəyişir, təxminən 1,2 milyarddan 4,5 milyard avroya qədər. Ona görə də müzakirələr, araşdırılmalı məsələlər hələ qalıbdır. Bu məsələlər həll olunandan sonra qazın nəqli məsələsi reallaşacaq».

Sentyabrın 14-də Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin Bakıda keçiriləcək enerji sammitində birgə bəyannamə imzalayacağı gözlənilir.

Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır.

Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.
XS
SM
MD
LG