Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:34

Qərb Türkiyə referendumunu alqışlayır


Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib

Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib

Amerika və Avropa Birliyi Türkiyədəki referendumun nəticələrini alqışlayırlar. Onların fikrincə, Türkiyə hərbi dövrün konstitusiyasından uzaqlaşıb, öz Ali Qanununu Avropaya uyğunlaşdırır.

Ağ Ev məlumat verib ki, Amerika prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana zəng edib və referendumda seçicilərin 77 faizinin iştirakını Türkiyə demokratiyasının parlaq nümunəsi adlandırıb.

«DÜZGÜN İSTİQAMƏTDƏ DÜZGÜN ADDIM»

Avropa Birliyinin Genişlənmə üzrə komissarı Stefan Fuele isə verdiyi bəyanatda Türkiyədəki referendumun nəticəsini «düzgün istiqamətdə düzgün addım» adlandırır.

Niyə məhz düzgün istiqamətdə düzgün addım?

Bəyanatda deyilir ki, referendum «Türkiyənin uzun müddətli prioritetlərinə ünvanlanıb. Bu prioritetlər Türkiyənin Avropa Birliyinə daxil olmaq üçün qoyulan şərtlərə tam cavab vermək istəyindən doğur».

Yeri gəlmişkən, Türkiyə müxalifətinin fikri tamam fərqlidir. Müxalifət hesab edir ki, əksinə, islamçı hakimiyyət dünyəvi dövlət quruluşundan uzaqlaşır.

Türkiyədə bazar günü keçirilən referendumda Ali Qanuna 26 dəyişiklik təklif olunurdu. İlkin nəticələrə görə, səsverənlərin 58 faizi dəyişikliklərə «hə» deyib.

Dəyişikliklərin təşəbbüskarı olan hakim islamçı AK partiyanın lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan səsverməni Türkiyə demokratiyasının qələbəsi adlandırır.

Rəcəb Tayyib Ərdoğan
«Hə» səsverməsi xalqın demokratiyadan ruhlanmasından gəlir. AK partiya adından mən bunu dəyişikliyə və demokratikləşmə prosesinə milli miqyasda dəstək kimi görürəm».

12 SENTYABR

Hazırda dəyişiklik olunan konstitusiya 1980-ci ilin hərbi çevrilişi ilə 12 sentyabrda yaranmışdı. Hakim partiyanın referendumu 30 ildən sonra məhz 12 sentyabra salması təsadüfi olmayıb.

Ərdoğan deyir: «12 sentyabr tarixə Türkiyə demokratiyasında dönüş nöqtəsi kimi daxil olacaq. 12 sentyabr indiyə kimi hərbi çevriliş konstitusiyası günü idi, indi bu səhifə neqativliyini itirdi və ağardı».

Dəyişikliklərlə Türkiyənin Ali Qanununda nə dəyişir?

Əsas dəyişiklik ordunun statusunun azalmasıdır. Türkiyədə dünyəvi dövlətin ənənəvi təminatçısı ordu hesab olunur. Ancaq ordunun belə statusu Avropa standartları ilə düz gəlmir.

İkinci əsas dəyişiklik Türkiyədə dünyəvi dövlətçiliyin ordudan sonra ikinci təməl daşı olan ədliyyə sisteminin islahatı ilə bağlıdır.

Avropa Birliyi komissarı Fuele öz bəyanatında bildirir ki, Türkiyə konstitusiyanı dəyişməkdən başqa real olaraq insan haqları, söz və din azadlığı kimi sahələrdə də real tərəqqi etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG