Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:48

“…Satqınlardı bizim müəllimlərimiz”


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.


...Yayı bitirib, üçüncü kurs tələbəsi sifətində Bakıya qayıdanda yoldaşlarım, dostlarım az qala məni tanımadılar.

İkicə ayın içində əsl cavanlıq taxtına çıxmışdım.

Mən - qaraqaş, qaragöz oğlan, ötkəm bir igid olmuşdum.

Birdəncə boy atdığımı özüm rayonda duysam da, Bakıda dost-tanışın bunu söyləməsi məni məmnun etdi.

Yenə yataqxanada qalacaqdım.

Bu yolda mənim böyüyüm İmran oldu. Məmmədov İmran; Cəbrayılın ilk ziyalılarından Mirzə Nəriman oğlu, uzun illər Almaniyada “Azadlıq” radiosunda işləmiş Fərman Məmmədovun kiçik qardaşı.

Xavərin böyük qardaşı İmran bizim Cəmildən iki-üç yaş böyükdü.

Dörd il müharibədə olmuş, Stalinqrad döyüşlərində vuruşmuş, zabit paqonları ilə qayıtmışdı.

Doğrudur, indi zabit paqonlarını taxmırdı, dəbdə olan xaki-hərbi libas geyirdi.

İmranla bilmirəm, harada görüşdük, tanışlığımız necə başlamışdı.

O, mənə təklif etdi, birlikdə yataqxanada qalaq.

Razı oldum. İmran biofakda oxuyurdu, üçüncü kursda idi. Sonralar o, ekstrenniyə keçdi. Bizdən iki il qabaq universiteti bitirdi, Leninqradda aspiranturaya girdi.

Ona qədər iki ilə yaxın birlikdə olduq, elə bilirdim mənim böyük qardaşımdır, o da elə bilirdi.

Dinməz-söyləməz, sakit təbiətli, ağıllı, savadlı, qabiliyyətli bir insandı.

Rayondan, yay tətilindən təzə gəlmişdik, onunla birgə fırlanır, yataqxanadan yer almaqdan ötrü çalışırdıq.

Özü də istəyirdik ki, ikinəfərlik otaq olsun.

“Kolodeznaya”da, yataqxananın qabağında ikilikdə dayanmışdıq.

Yataqxana qənşəri yenə lotu-potu ilə qaynaşırdı.

Tələbələr dincəlib gəlmişdi, yataqxanada qalmayan, yer istəməyən cavanlar da girlənirdi.

Yataqxana qapısından az aralı, tində bir neçə oğlan dayanmışdı. Üz-gözlərindən əyyaşlıq, lotuluq yağırdı.

Adına “samalyot” dedikləri yekəpər gədə, “yataqxana uşağı” deyildi.

Demə, soyğunçuluğa çıxıbmışlar.

Həmin “samolyot” kənddən gəlmiş uşaqların arasından bir yazığı, qorxağı çəkir qırağa, olan-olmazını alırdı.

Qoçuluqla topladıqları vəsaitlə gedib yeyib-içəcəkdilər.

Lotular bir qoşun tələbənin arasında gözgörəti alçaq işə, əclaf əmələ qatılmışdı.

Göz-başları qaynayır, kənd uşaq-ları qorxudan nəyi var çıxarıb verir, canlarını qurtarırdılar.

Lotular bilirdilər, kimi çağırır, hərifləyirdilər.

Bir alay tələbə bunları araya ala idilər, o ki var çırpıb, meyidlərini sərə idilər.

Hanı? Kimi qorxur, kimi də görməzliyə qoyurdu. Ölüm-dirim müharibəsində, qanlı vuruşlarda sınanmış ərlər yoxsa, lotulardan çəkinir, qoşulmurdular?

Dayanmışdım İmranla lotulardan on addımlıqda.

Mənim əynimdə parusin şalvar, göy sətin pencək – bu geyim dəbdi, hətta rayonlarda prokuror, raykom katibi yay mövsümündə bu sayaq parçadan tikdirib geyirdi.

İmran da hərbi şalvar, tenniskada. Qolunda Almaniyadan gətirdiyi qızıla bənzər saat vardı.

Bir də baxdım, İmran yanımda yoxdur. Gözümü dolandırdım. Gördüm yataqxana qabağından diklənən küçənin başında o, bir adamladır.

“Adam” da olsun həmin bu “Samalyot”.

Onunla İmranın nə alış-verişi, nə söhbəti? İstədim tərpənəm oraya, gördüm İmran pərt halda enir buraya -mənim yanıma.

Çatdı, dişi bağırsağını kəsirdi. Hirsindən boğulurdu, istədim soruşam :

"O, sənə nə deyirdi? Oraya niyə getmişdin?" Birdən biləyinə sataşdı gözüm.

Gördüm onun möhkəm, şir biləyinə bənzər qolunda Almaniyadan gətirdiyi qızılı saatın yeri boşdur, saat yoxdur.

Söylədi: “Tapançam olsa idi, oradaca çaxardım onun təpəsinə”.

“Samolyot” əldə etdiyi qənimətlə kefikök qayıtmışdı lotuların yanına.

Dayanmayıb getdim onların comalığına. Saatı istədim. Duruxdular. Baxdı ayaqlarıma. Ayaqlarımda ikicə gün qabaq, rayondan gətirdiyim pul sayasına aldığım “502 manatlıq” “kofe s molokom” tüflilərdi.

Dedi: “Sənin ayaqqabıların xoşuma gəlir…” Elə bil indicə leş üstdən qopmuşdu. Anaşalıydı, içmişdi. Saatı qaytarıb verdilər.

İmranın atası Mirzə Nəriman qəza inqilab komitəsinin sədri, sonra isə “priyut” yetimxana direktoru olmuşdu.

Onu şərləmiş, guya yetimxanada bir qızın üzünü açdığı barədə iş qaldırmışdılar.

İş məhkəmədə idi. Bir gün səhər Cəbrayıl şəhərciyinin əhalisi bir güllə sədasından diksindi. Mirzə Nəriman özünü tapança ilə vurmuşdu…

Düşünürdüm, İmran necə olub buna əyilib? Qorxub?

Bu ki, dörd il faşistlərlə əlbəyaxa olmuş, döyüşmüşdü. İndi bir düdüyün qabağında həsləmişdi.

Özü də boy-buxundan heç ondan əskik deyildi. Döşlü-başlı, şax, düz qamətli, qayım qolları, bir şapalaq vursa, “samolyot” yerə dəyəcəkdi.

Görünür, yüz yol ölümdən qurtardığı halda, gəlib, Vətənində, öz paytaxtında dinc bir gündə bir əbləhin xatasına keçəcəyindən çəkinmişdi.

“Fərman burada ola idi”. Mən Fərmanı görmüşdüm Cəbrayılda. İmran qardaşına boy-buxun, bədəncə bənzəsə də, bambaşqa idilər. İmran gərək əlinin zərbini göstərə idi, bu çaqqala. Fərman olsa idi…

Cəbrayılda bir ərköyün bala vardı, hamıya sataşır, kimsəni saymırdı. Atası rəis idi.

Gözəl də geyinirdi, göyçək bir oğlandı, irişəndə dişləri ənginəcən açılırdı.

Bazarbaşı meydanda o, Fərmana sataşmışdı. Fərman oradaca əl atıb onun ortasından yapış-mış, qalxızıb təpəsi üstə çırpmışdı torpağa. Dizini onun qarnına basıb demişdi:

“Basaram bağırsaqların dalından tökülər,….. Sənin güvəndiyin yeri!”

Bir adam bata bilməzdi Fərmana. Müharibəyə getmişdi. 41-ci ildə Leninqrad, Lado-qa ətrafı döyüşlərdə olmuşdu. Deyirdilər guya komandirlə öcəşmişdi.

Sonra həmin komandiri öldürüb, keçmişdi o taya, nemeslər tərəfə könüllü əsir getmişdi. İmranın böyük qardaşı Mirzə Nəriman oğlu Fərman müharibədən sonra Vətənə qayıtmadı.

“Azadlıq” radiosunda kommunizmə, sovetlərə qarşı ardıcıl və barışmaz işlər görür, döyüşürdü. İmranı onun üstə çox incitdilər.

Sonralar, yasaq götürüləndən sonra bir neçə kərə Azərbaycana gəldi.

Qohum-əqrəba, bacı-qardaşı ilə görüşdü. Sovet İttifaqı dağıldı.

Onun günahından keçməli oldular. Eşitdiyimə görə təqaüddədir. Almaniyada yaşayırdı.

İki qızı vardı. Bizimkilərlə görüşür, köməklik göstərirdi.
İmranın səyilə yataqxanada yer aldıq.

Yataqxananın böyük bir kitabxanası vardı. Bir salondu, bir də ondan başda, qapısı salona açılan kiçik otaq.

Kitabxananı boşalt-mışdılar. Tələbələrə yer çatışmadığından salonu eləmişdilər yataq .

Otuzdan artıq çarpayı idi, İmran həmin bu comalıq salonun başındakı otağı ala bilmişdi.

İkiadamlıqdı. Birlikdə qalmağa başladıq.

Eşikdə olduğu təki, ikilikdə də İmran dinc adamdı. Birlikdə gedirdik universitetə, günorta bəzən birlikdə nahar edirdik.

47-ci ilin payızından kartoçka sistemi götürülmüşdü. Çörək, ərzaq nə qədər istəyirsən, al.

Universitetin yeməkxanasında daha kartoçkasız, həm də növ-növ dadlı xörəklər bişirilirdi.

Buranın müdiri bir qadındı, Vəkilovlardandı.

Abırlı bir insandı. Elə bil bunca uşağın hamısı onun övladlarıydı, hamısının qarnını doyurmalıydı, yaxşı oxusunlar.

Biz də gəlirdik, ən yaxşı xörəkləri “küftə” idi, alır və yüzlərlə tələbə cavanla birlikdə, iştahla başlayırdıq yeməyə.

Günümüzün qalanı kitabxanada, axşam yataqxanada keçirdi.

Otağımız xudmani idi. Bircə əngəli vardı.

Biz hər dəfə salon – yataqdan keçib getməli olurduq öz hücrəmizə.

Əlli - altmış uşağın yerləşdiyi salondan neçə cür hava, iy-qox qalxırdı.

Belə çıxırdı, biz iki adamlıq yox, əlli adamlıq otaqda yaşayırıq.

Qapımızı çəkib, özümüz qaldıqda sakitdi. İmranın başqa əyləncəsi yoxdu, kitab oxuyur, şahmat oynayırdıq.

Yaşı ötürdü, evlənmək meyli duyulmurdu.

Qız, qızbazlıq, dilxoşluq əməlləri onu maraqlandırmırdı.

O sarıdan mənimlə pərdə saxlayırdı. Axşamlar yerinə uzanıb kitab götürür, baş-layırdı saatlarla oxumağa.

Bioloq idi, amma ədəbiyyatı da bilirdi, mütaliəsi güclü idi, mən – ədəbiyyatçı onunla əsla bəhsə girə bilməzdim.

Rus ədəbiyyatının köhnə, yeni bütün nümunələrilə tanışdı. Dəbdə olan yazıçılardan söz açırdı.

Müharibədən qayıdandan sonra o, rayonda müəllim işləmişdi.

Müəllim ciddiyyəti vardı davranışında. Fakültədə ona iş də düzəltmişdilər, labaratoriyada çalışırdı…

Müharibədən, iştirak etdiyi döyüşlərdən əsla danış-mırdı. Bir kərə söylədi ki, Stalinqrad getmişdi, almanlar Volqaya çıxmışdılar.

O, almanların Stalinqradı almadığına heyfsilənirdi, yoxsa bizimkiləri öyürdü, burası aydın deyildi.

Zabitdi, hansı hissədə, hansı şəhərlərdə, hansı döyüşlərdə olmuşdu, Avropanı, Almaniyanı necə görmüşdü demir, axşamlar vaxtımız olduğu halda, bircə kərə “müharibə nağılı” danışmırdı.

Susurdu, elə bil suçluydu. Onun zabit paqon-larından başqa hərbi üstünlüyü, ordeni, medalı heç olmasa, yaralanmaq lenti də yoxdu.

Müharibənin elə sirləri vardı, açılmamışdı. Onları söyləmək guya mənim ağlıma ağırlıq gətirər, fikrimi qarışdırardı.

Uşaq söhbəti, əyləncə deyildi olanlar – müharibə. Axşamlar hərdən şahmatda qarşılaşır-dıq.

Əla oynayırdı.

Kommunist partiyasının 46-48-ci il ədəbiyyat və incəsənət haqqında qərarları çıxdı.

Böyük səs-küylə onları hər yerdə, bütün respublikalarda yaymağa başladılar.

Partiya dövlət, ədəbiyyat və incəsənət xadimlərinə bildirməyi vacib saymışdı :

“İndiyəcən başımız müharibəyə qarışmışdı.

Hərbi vaxtda siz də pis işləməmisiniz. Amma dava bitdikdən sonra bir qədər azğınlaşmısınız.

Biz Sizə göstərərik düz yol hansıdır”. İnstitutlarda, incəsənət ocaqları, rayon partiya təşki-latlarında bu qərarlar dönə-dönə araya gətirilir və onların altına düşən baislər, hədəflər də həmişəki təki dərhal tapılırdı.

Başlayırdılar belələrini qınamağa, tənqidə, söy-məyə.

Bir gün yazıçı Əli Vəliyevin oğlu Məsud məni saxladı və bir təklif etdi. Ünvanı verdi, dedi:

Cümə günü axşamüstü gələrsən. Söhbətimiz olacaq. Onun bu çağırışını dostum Cəbrayıla söylədim, ona da təklif etdim.

O qoşulmadı. Mən getdim. Universitetə yaxın dalanda, bir evin ikinci qatında bir otağa yığışmışdılar.

Bəzisini üzdən tanıyırdım. Gərək ki, “A” qrupunun sinifkomu idi.

Qalanlar da “ziyalı” oğlanlardı. Fəlsəfə fakültəsində oxuyan kor Sultan da burada idi.

Qıvrım qara saçı elə bil şikəstlikdən ovulub tökülməyə başlamışdı, amma gözlülərdən qat-qat dərinləri görür, qanır, qandırırdı.

İstiqanlı, mehriban insandı.

Başlı, bilikliydi. Adamları səsindən, hənirindən tanıyırdı. Bir kərə bir əhvalat da baş vermişdi.

Bir neçə tələbə dayanmışdıq Universitetin qabağında, zirzəmi-pivəxananın önündə.

Soltan bir dostu ilə gəlirdi. O, büsbütün kordu, əsla görmürdü.

Amma o, adam-dan tutub elə asudə gəlirdi, sanki qoluna girib.

Gəldilər. “ Kommunist” küçəsini keçib bizə çatanda ayaq saxladı,

Soltan üz tutub İzzətdən bir papiros istədi. İzzət sayılan , diribaş oğlandı.

Danışırdılar ki, axşamlar külqabını tapança əvəzinə maymaqların üstünə çəkib, qorxudur, soyurmuş.

Soltan bu dəfə ona ərk edib üz vurdu. İzzət dedi: Soltan, sən öl, yoxumdur!

Belə olduqda Soltan əlini uzadıb onun pencəyinin döş cibindən iki barmağı ilə bir dənə papiros çıxartdı. İzzət utandığından az qaldı yerə girsin.

Bu kor olduğu halda, İzzətin cibindəkini bilmişdi.

İzzət and-aman içində üzr istədi.

Doğrusu bunun nə məclis olduğunu anlamadım, kimsə də aydınlaşdırmadı. Bir kərə də getdim, sonra daha ayağımı kəsdim oradan.

Demə, biz oxuyan illərdə universitetdə ağır işlər baş veribmiş.

Eləcə universitetə girişdə, sol əldə bir qoşa laylı ağ qapı vardı, üstünə nə yazılmışdı unutmuşam, amma bilirəm ki, ora “Xüsusi şöbə” idi.

Hər kəsin içəri girməsi də arzu olunmurdu. Tələbələrdən kimlərsə oraya məhrəmdi.

Bizim xəbərimiz olmamışdı, yanımızdanca tanıdığımız gənclərdən, müəllimlərdən də bir neçəsini siyasi ittihamla həbs etmişdilər.

İsmixan, Gülhüseyn tutulmuşdu.

Kimsəni duyuq salmadan, bu həbslərin əks səda oyatmasına yol vermədən.

Tələbələrdən kimsə danışmırdı bu barədə. Bəs niyə dərsdə yoxdular?

Guya ezamiyyətə, simpoziuma getmişdilər, harayasa. Onları ölüm cəzası, güllə altında neçə ay yatırdandan sonra basdılar Sibirin o yerlərinə ki, orada 37-ci ildə göndərilmişlərin axırına çıxmışdılar…

Yaxşı ki məni qatmadılar. Birdən həmin bizim getdiyimiz, mənim iki kərə olduğum “dərnəyin” xatası çıxardı.

Oraya siyasi əqidə, milli ruhla yığışmışdılar.

Doğrusu, o zaman, universitetdə oxuduğum bütün beş il ərzində nə mən, nə qruppamız, bütünlükdə patokun uşaqları “milli” adına bircə əlamət olsun qanmırdıq.

Bizim müəllimlərimiz bu sarıdan qırt-qıymazdılar. Heç olmasa, onu başa salmamışdılar bizə:

“Ay uşaqlar! Sizin millətiniz budur!”

Milli öndərlərin məhv edilməyində, bəlkə, müəllimlərimizin əli olmuşdu, milli düşüncəyə yaxın düşmür, xatalı söhbətlərdən qaçır, susurdular. “Pantürkist”, “panislamist”, “xalq düşməni” damğa-larilə sənət adamlarını, yaradıcı insanları, millətini sevənləri məhv etmişdilər.

“İfşa edilmişlərin” ruhunu dönə - dönə alçaldır, kommunizm cəfəngiyatını gənc nəslin beyninə yeridirdilər.

Sağ olsun müəllimlərim!

Mən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filoloji fakültəsini qırmızı- fərqlənmə diplomu ilə bitirən, beş ildə bütün qiymətləri “əla” olan oğlan büsbütün gözübağlı saxlanmışdım. Adlı-sanlı, elm leylacları – mənim müəllimlərim mühazirələrində bircə kərə də olsun “millət” sözünü işlətməmiş, bu sozü ağızlarına almamışdılar.

Hər şeyi öyrətmişdilər: siyasi iqtisad, marksizm-leninizmin əsasları, bazis-üstqurum…

Bircə milli varlıqdan başqa. “Mən insanam, millətim var, bu millətin halı, xasiyyəti, tarixçəsi budur"!- Bunları əsla bizə söyləməmiş, yaxın düşməmişdilər. İlan vuran ala çatıdan qorxar.

Ötənləri, olanları görmüşdülər, eşitmişdilər bizim müəllimlərimiz.

Yasaq söhbətlərə varma-dıqlarından, lüzumsuz işlərə uymadıqlarından yaşayır, geyinir, yeyib - içir, cavan-gözəl qızlarla məzələnir, başı sala-mat qalırdılar.

Həyat, azadlıq şirindir.

Oturduğun yerdə iş açma! Hökumətlə hökumətlik eləməyəcəksən. Adamı tutub, dərisinə saman təpərlər. Elə yerə göndərərlər sorağı da gəlməz.

Çürüdür, işgəncələrlə məhv edirlər. “Kor” bitirdim mən universiteti.

Əsl alimlərin, milli ziyalıların aradan götürülməyinə rəvac verən satqınlardı bizim müəllimlərimiz.

Həmçinin oxu
Mir Cəfər Bağırov bağırdı: “Poşadite etoqo turetskoqo agenta!”
"Anarla söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim"
“Yaxşı yazıçısan, amma antisovetsən”...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG