Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:06

Gəmi təmiri şirkətinin ofisini kim yarıb?


SAQA Gəmi Təmiri» Şirkətindən 1 aydır ki, oğurluq olub
SAQA Gəmi Təmiri» Şirkətindən 1 aydır ki, oğurluq olub
Bakıda fəaliyyət göstərən «SAQA Gəmi Təmiri» Şirkətindən 1 aydır ki, oğurluq olub, müstəntiq cinayətin üstünü açmaqda maraqlı deyil. Bunu AzadlıqRadiosunun «Qaynar Xətti»nə müraciət edən şirkətin vəkili Anar Qasımov deyir. Vəkilin sözlərinə görə, oğrular ofisin seyfindən 40 min manatdan çox pul aparıblar.

ƏMƏLİYYATÇILARIN GÖTÜRDÜKLƏRİ MADDİ SÜBUT YOXA ÇIXIB

Və özlərindən sonra hadisə yerində kifayət qədər iz qoyublar ki, əməliyyatçılar istəsələr cinayətin üstünü tez bir zamanda aça bilərlər:

«Oğrular ofisə pəncərənin dəmir barmaqlıqlarını kəsərək giriblər. Özləri ilə gətirdikləri bütün alətləri, o cümlədən, kəlbətini, çəkici, hətta əlcəklərini də ofisin döşəməsinə atıb gediblər. Ortada bu qədər maddi sübut olduğu halda hadisədən 1 aydan artıq vaxt keçməsinə baxmayaraq müstəntiq cinayətin üstünü açmağa maraq göstərmir».

Vəkilin sözlərinə görə, hadisə yerindən götürülmüş maddi sübutların arasından biri yoxa çıxıb:

«Hadisə yerində təzə bir kəlbətin vardı, üstündəki etiketi də qoparılmamışdı. Həmin etiketdəki kodla alətin hansı mağazadan alındığını öyrənmək olardı. Həmin mağaza vasitəsilə müəyyən iz tapmaq mümkün idi. Biz bu barədə müstəntiqə dedik. Ancaq növbəti dəfə gedəndə müstəntiq bildirdi ki, kəlbətin maddi sübutların içində yoxdur. Ancaq həmin kəlbətinin hadisə yerində şəkli də çəkilmişdi, şəkil bizdə də var, nədənsə maddi sübut ortalıqdan götürülüb».

BİNANIN SAKİNLƏRİ NİYƏ DİNDİRİLMİR

Vəkil deyir ki, ofis yaşayış binasında yerləşir, ancaq istintaqçılar binanın sakinlərini dindirmək istəmir: «Təklif etmişik ki, ərazidə qonşular var, onları da dindirsinlər, ilk görüşümüzdən demişik müstəntiqə, amma nədənsə dindirmir».

Faktla bağlı cinayət işinin istintaqı Xətai rayon Polis İdarəsində müstəntiq Kamal Vəliyev tərəfindən aparılır. Müstəntiq vəkilin dedikləri ilə razılaşmır və deyir ki, əməliyyatçılar hadisəni törədənlərin tapılması üçün əlindən gələni edir: «Əməliyyat tədbirləri davam edir, hələlik ortada bir şey yoxdur. O ki qaldı kəlbətinə, o da yerindədir və bütün mağazalarda eyni ştrix kodlu o şəkildə kəlbətinlər satılır».

Bina sakinlərinin dindirilməməsinə gəlincə, müstəntiq onların dindirilmədiyini təsdiqləyir:

«Deyir ərazidə yaşayanları dindirməmişik, gəlsinlər dindirim. Mən tapşırıq vermişəm ki, çağırsınlar dindirək».

«İSTİNTAQÇILARIMIZ VƏ ƏMƏLİYYATÇILARIMIZ QEYRİ-PEŞƏKARDIR»


Mahmud Hacıyev
Keçmiş polis rəisi, «Elmi-Praktik» Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyir ki, cinayət tərkibli əməllər baş vermə səbəbinə görə iki cür olur: aşkar və gizli şəraitdə baş verən cinayətlər. Oğurluq cinayəti gizli şəraitdə baş verən cinayət olduğuna görə başqa cinayətlərdən fərqli olaraq üstü gec açılır, ya da ümumiyyətlə, açılmır.

Ekspert bunu əməliyyatçıların və müstəntiqlərin qeyri-peşəkarlığı ilə əlaqələndirir. Məsələn, ekspert fikirləşir ki, hadisənin üstündən 1 aydan artıq vaxt keçib və əgər ofisin yerləşdiyi binanın sakinləri hələ də dindirilməyibsə, bu, qeyri-peşəkarlıqdan irəli gəlir:

«Ümumiyyətlə, gizli şəraitdə baş vermiş cinayətin üstünü açmaq üçün ilk 10 günü güclü işləmək lazımdır. Bu zaman həmin cinayətin üstünün açılması ehtimalı yüksək olur. Əgər müstəntiq 1 aydan artıqdır bina sakinlərini dindirməyibsə, deməli iş effektli aparılmır.

TAPILAN ƏŞYALAR ALDADICI DA OLA BİLƏR


İndiyə qədər müstəntiq müəyyənləşdirməli idi ki, həmin binada əvvəllər məhkumluğu olan varmı? Həmin binadan hansı şəxslərin kriminal aləmlə əlaqəsi ola bilər. Yaxud həmin binadan kimin jarqon dili ilə desək «nakolkası» ilə kimlər bu cinayəti törədə bilər. Binanın sakinləri ilk 10 gündə dindirilməli idilər. Əgər dindirilməyiblərsə, burda artıq iki variant qalır, ya o müstəntiq qeyri-peşəkardır, ya da işin obyektiv aparılmasında maraqlı deyil».

O ki qaldı oğrular tərəfindən hadisə yerinə atılmış və əməliyyatçılar tərəfindən maddi sübut kimi götürülmüş alətlərə, Mahmud Hacıyev deyir ki, oğrular həmin alətləri hadisə yerinə izi azdırmaq üçün də ata bilərlər. Yəni ola bilər ki, heç seyfi sındırmaqda oğrular o alətlərdən istifadə etməyiblər. Bunun üçün həmin alətlər ekspertiza olunmalıdır. Maddi sübut olaraq itirildiyi deyilən alətə gəlincə isə, əgər maddi sübut hadisə yerindən götürülərkən protokollaşdırılıbsa, vəkil müstəntiqin hərəkətindən şikayət edə bilər.

Elə şirkətin vəkili Anar Qasımov da deyir ki, maddi sübutun yoxa çıxmasından və müstəntiqin hərəkətsizliyindən baş prokurora və daxili işlər nazirinə şikayət məktubu göndərib. Müstəntiq Kamal Vəliyev isə deyir ki, əlindən gələni edir və ümid verir ki, yaxın vaxtlarda cinayətkarlar ifşa olunacaq.
XS
SM
MD
LG